“Reallıq dəyişdirilə bilməz və bu status artıq "fiziki və hüquqi cəhətdən əbədiləşdirilib"
Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri və Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jong Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Pxenyanın nüvə proqramı ilə bağlı hesabatını tənqid edib və Şimali Koreyanın nüvə statusunun “dönməzliyini” vurğulayıb.
AYNA.AZ-ın məlumatına görə, Kim Yo-jong Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən dərc edilən açıqlamada bildirib ki, "Şimali Koreyanın nüvə silahına malik dövlət statusu dönməz və qətidir və belə güclü bir qüvvənin mövcudluğu beynəlxalq xuliqanların vəhşiliyinin qarşısının alınmasına və sülhün və təhlükəsizliyin təmin edilməsinə əhəmiyyətli töhfə verir" .
Onun sözlərinə görə, hansı qüvvələr Pxenyanın nüvə statusunu inkar etsə də, reallıq dəyişdirilə bilməz və bu status artıq "fiziki və hüquqi cəhətdən əbədiləşdirilib".
Şimali Koreya liderinin bacısı xatırladıb ki, MAQATE Vyanada keçirilən Baş Konfransda Pxenyanın nüvə proqramı ilə bağlı hesabatı təqdim edib. O, hesabatın təqdimatını "tanış cəfəngiyat" adlandırıb.
Kim Yo-jong vurğulayıb ki, “MAQATE və Qərb dəyişməz ssenariyə əsasən nüvəsizləşdirmədə nə qədər israr etsələr də, bu, dövlətin ali maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək iradəmizə heç bir təsir göstərə bilməz”.