Karantin qaydalarını pozan çayxana aşkarlanıb

Xəbərlər

06.01.2021 - 12:12

Müştərilər cərimələniblər, obyekt sahibi barəsində isə sənədlər prokurorluğa göndərilib

 

Şamaxı rayonunda xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən xəbərə görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon sakini Ağacəfər Manafovun qanunsuz olaraq şəhər ərazisində yerləşən özünə məxsus çayxananı işlətdiyi məlum olub.

 

Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. A.Manafov və müştərilər Polis Şöbəsinə dəvət olunub. Karantin qaydalarını pozan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər, obyekt sahibi barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Müəllif: Ayna.az