Jurnalistlərin evdən sərbəst çıxmalarına çarə tapıldı

Cəmiyyət

10.04.2020 - 13:55

Jurnalistlər portalda tələb olunan bölmələri doldurarkən çox diqqətli olmalıdırlar

 

Gücləndirilmiş karantin rejimi ölkədə frilans (müstəqil, sərbəst) və əmək müqaviləsi olmadan fəaliyyət göstərən jurnalistlərlə bağlı çox ciddi bir problemi yenidən aktuallaşdırdı. Belə ki, Daxili İşlər Nazirliyi (DİN) jurnalistlərin xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında icazə almadan sərbəst şəkildə hərəkət etməsini rəsmi şəkildə bəyan etdi. Nazirlər Kabineti yanında Operativ Qərargah isə xəbərdarlıq etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” elektron sistemində əmək müqaviləsi olmayan şəxslər barədə, xidməti vəsiqələrinin olmasına baxmayaraq, qanunvericiliyə uyğun olaraq ölçü götürüləcək.

 

Bunun ardınca isə məlum oldu ki, aprelin 2-də “novator.az” saytının baş redaktor müavini Hikmət Sabiroğlu işdən evə qayıdarkən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat cərimələnib.

 

Yaranmış problemin aktuallığını nəzərə alaraq, həm Nazirlər Kabineti (NK), həm də Mətbuat Şurası (MŞ) ilə mövcud vəziyyətə AYNA tutmağa çalışdıq. Lakin indiki durumda bu vəziyyətin hansı üsulla tənzimlənəcəyinə aydınlıq gətirmək mümkün olmadı. Sanki 1941-45-ci illər müharibəsi dönəmini əks etdirən "Şərikli çörək" filmindəki Vaqif obrazının düşdüyü vəziyyətə bənzər durum yarandı. Necə ki, Vaqif ona çörək almaq üçün verilmiş "kartıçka"ları itirib, ancaq ona heç kim inanmır.  Eləcə də, jurnalist xidməti vəsiqəsi olsa belə, əmək müqaviləsi olmadığı üçün, KİV nümayəndəsi olduğunu polisə sübut edə bilmir, reket durumuna düşür. 

Şərikli çörək”in KADRARXASI: “Film təhvil veriləndə Moskvada ...

İndiki dönəmdə sadaladığımız kateqoriyadan olan jurnalistlərin üzləşdiyi problemə aydınlıq gətirmək, məsələnin ən azı indiki müddət üçün çıxış yolunu tapmaq məqsədilə aidiyyəti dövlət qurumlarının - Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Mətbuat Şurasının səlahiyyətli nümayəndələri ilə yenidən əlaqə saxladıq. Uzun-uzadı danışıqlarımızdan sonra belə bir nəticə hasil oldu ki, VÖEN-lə fəaliyyət göstərən jurnalistlər icaze.e-gov.az portalı vasitəsilə fiziki şəxs kimi qeydiyyata düşə bilərlər. Portalda qeydiyyata düşüb icazə aldıqdan sonra isə sərbəst şəkildə evdən çıxa bilərlər. Ancaq jurnalistlər portalda tələb olunan bölmələri doldurarkən çox diqqətli olmalıdırlar, doğru məlumatları yerləşdirməlidirlər. Əks halda onların icazələri bir və ya bir neçə gündən sonra qüvvədən düşə, yəni etibarsız sayıla bilər.

 

Nə VÖEN-i, nə də əmək müqaviləsi olan jurnalistlərin isə (təbii ki, reket jurnalistlərdən söhbət getmir) bu məsələdə, sadəcə bəxt üzlərinə gülməlidir. Yəni əgər polis onları saxlayarkən ancaq xidməti vəsiqələrinə baxmaqla kifayətlənəcəksə, o zaman şanslı sayılacaqlar. Yox, əgər polis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” elektron sisteminə girərək əmək müqaviləsinin olub-olmamasını dəqiqləşdirəcəksə, o zaman vəziyyət bir qədər qəlizləşəcək.

 

Bu vəziyyətdən isə ancaq bir çıxış yolu var. Belə ki, həmin jurnalist Mətbuat Şurasından Əvəz Rüstəmovla (050 206 96 02), Daxili İşlər Nazirliyinin Mətbuat  xidmətindən İlham Babayevlə (055 771 82 62), Bakı Şəhər Baş Polis İdarəsindən isə Elşad Hacıyevlə (055 288 95 53) əlaqə saxlayaraq yaranmış vəziyyət barədə məlumat verə bilərlər.

 

Qeyd edək ki, xüsusi rejim şəraitində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinə diqqət etmək məqsədilə Azərbaycan Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu yaradıb. Və nömrələrini qeyd etdiyimiz şəxslər  də həmin monitorinq qrupunun üzvləridir.

 

P.S. Ümid edək ki, ən azı bu xoşagəlməz və qarışıq durumdan sonra ölkədə frilans fəaliyyət göstərən jurnalistlərin hüquqları tanınacaq. Mövcud qanunvericilikdə bununla bağlı müəyyən düzəlişlər ediləcək. Azərbaycanda mövcud jurnalist təşkilatları bunları nəzərə alaraq, həmin jurnalistlərin fəaliyyətlərini realizə etmələrinə yadım göstərəcək.

Müəllif: Rumiyyə Miraslan