Əcaib karantin tələbi: Biri "oxu" deyir, o biri "oxuma"

Əcaib karantin tələbi: Biri "oxu" deyir, o biri "oxuma"

"VÖEN əsasında fəaliyyət göstərən, qazancından vergi ödəyən jurnalistlərin də hüquqları tanınsın, onların da hərəkət azadlığı əldə etmələrinə şərait yaradılsın”

 

Bildiyimiz kimi, gücləndirilmiş karantin rejimi tətbiq olunanda Daxili İşlər Nazirliyi (DİN) tərəfindən rəsmi şəkildə bəyan edildi ki, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət edən şəxslərin ərzaq və digər tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə almasına ehtiyac yoxdur.

 

Ancaq bunun ardınca Nazirlər Kabineti yanında Operativ Qərargah xəbərdarlıq etdi ki, xüsusi karantin rejiminin tətbiqinə nəzarət edən aidiyyəti qurumlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” elektron sisteminə müraciət etməklə istənilən şəxsin əmək fəaliyyəti barədə müvafiq məlumat əldə etmək imkanına malikdirlər. Vətəndaşın elektron sistemdə əmək müqaviləsinin olmadığı təqdirdə, yanlış məlumatı icaze.gov.az portalına daxil edən və ya saxta sənədi verən qurum və ondan istifadə edərək xüsusi karantin rejimini pozan şəxslər barədə isə qanunvericiliyə uyğun olaraq ölçü götürüləcək.

 

Nəzərə alaq ki, ölkədə kifayət qədər frilans (müstəqil) jurnalist var ki, VÖEN-lə fəaliyyət göstərirlər, hazırladıqları materialları KİV-lərə sataraq dolanışılqarını təmin edirlər. Bu yolla əldə etdikləri qazancdan isə dövlətin rəsmi şəkildə tələb etdiyi rüsumları ödəyirlər. Yəni hər hansı bir redaksiya ilə əmək müqaviləsi əsasında çalışmırlar. İndiki durumda isə sual yaranır ki, əmək müqavilələri olmayan frilans jurnalistlərin fəaliyyətləri necə tənzimlənəcək? Sistemdə adlarına əmək müqaviləsi çıxmasa, aqibətləri necə olacaq?

İbrahim Məmmədov: Üç gündə 500-600 min maska satılır

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AYNA-ya açıqlamasında bildirdi ki, indiki halda bütün jurnalistlərin, hətta frilans işləyənlərin belə, xidməti vəsiqə ilə yanaşı əmək müqaviləsi də olmalıdır: “Əmək müqaviləsi yoxdursa, həmin vəsiqəni saxta yolla alıb-almamasını ayırd etmək mümkün olmur. Saxta vəsiqə daşıyanlar cinayət məsuliyyətinə cəlb oluna bilərlər, hətta bu gün saxta vəsiqə satmağa cəhd edənlər həbs olunublar”.

 

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli də AYNA-ya açıqlamasında, indiki vəziyyətdə jurnalist vəsiqəsi gəzdirən şəxslərdən əmək müqaviləsinin tələb olunması şərtini dəstəklədiyini söylədi: “Çünki bu, sui-istifadə hallarının qarşısını alır. Uzun müddətdir ki, ölkədə reket jurnalistlərin mövcudluğu barədə danışırıq, oların fəaliyyətdə olduğunu bildiririk. Həmin “jurnalistlər” bu günlərdə də aktivdirlər, hətta yaranmış vəziyyətdən sui-istifadə edirlər, müyyən ödəniş qarşılığında “jurnalist vəsiqələri” də satırlar. Bu kimi halların qarşısını almaq üçün ən yaxşı hal onlardan əmək müqaviləsinin tələb olunmasıdır”.

Müşfiq Ələsgərli: Mediada intihar videosunun yayılması ciddi ...

M.Ələsgərli onu da qeyd etdi ki, ancaq hazırkı vəziyyətdə frilans fəaliyyət göstərən jurnalistlərin hüquqları pozulur: “Çünki Azərbaycanda frilans jurnalistlərin fəaliyyətinə dair hər hansı qanuni müddəa yoxdur. Hətta onların adları belə, düzgün işlədilmir, bəzən müstəqil, bəzən də frilans jurnalist deyirlər. Yəni bu sahədə nə qanunvericilikdə, nə də onlara yanaşmada konkretlik yoxdur. Amma bu, o demək deyil ki, onlar mövcud deyillər. Əksinə, onlayn medianın inkişaf etməsindən sonra frilans jurnalistlər çoxluq təşkil edirlər, çox gözəl də fəaliyyət göstərirlər. Öz əməklərini də bu cür realizə edirlər ki, VÖEN-lə çalışırlar, müxtəlif redaksiyalarla əməkdaşlıq edirlər, hazırladıqları məhsulu həmin redaksiyalara satırlar və bunun qarşılığında da müəyyən vergi ödənişləri edirlər”.

 

“Yaxşı olar ki, bu jurnalistlərin də hüquqları tanınsın, yəni qanunvericilikdə bununla bağlı müəyyən düzəlişlər olunsun. Bizim jurnalist təşkilatları bunları nəzərə alsın və onların fəaliyyətlərini realizə etmələrinə yadım göstərsinlər. Uzun müddətdir, bu praktikadan istifadə edən jurnalist həmkarlarımız var ki, bir neçə redaksiya ilə əməkdaşlıq edərək xidmətləri müqabilində qazanc əldə edib gündəlik dolanışığını qururlar. Amma karantin rejimində onların problemləri meydana çıxır, çünki onlar konkret olaraq bir redaksiyanın əməkdaşı deyillər və rəsmən əmək müqavilələri yoxdur, onlar sadəcə olaraq VÖEN-lə fəaliyyət göstərirlər. Bu baxımdan da onların şəhər daxilində sərbəst hərəkətləri, əməklərini realizə etmələri ilə bağlı problemləri meydana çıxır. Təklif edərdim ki, bu sahədə VÖEN-li fəaliyyət göstərən, qazancından vergi ödəyən jurnalistlərin də hüquqları tanınsın, onların da hərəkət azadlığı əldə etmələrinə şərait yaradılsın”, - JuHİ rəhbəri vurğuladı.

 

Həmsöhbətimiz frilans fəaliyyət göstərən jurnalistlərlə bağlı dünya təcrübəsindən də nümunə göstərdi: “Frilans fəaliyyət göstərən jurnalistlərə yanaşmada müxtəlif ölkələrdə fərqliliklər var. Bəzi ölkələr var ki, orada flirans jurnalistlərin hüquqları qanunlarla tanınır. Amma bu hüquqların tanınması ilə bağlı vahid sistem yoxdur, müxtəlif ölkələrdə fərqli praktika tətbiq olunur. Ən çox bəyəndiyim sistem isə Almaniyada tətbiq olunur. Orada belədir ki, frilans jurnalistlər jurnalistlərin etik kodeksini qəbul etdiyini elan edir, yazılarında həmin kodeskləri nəzərə alır. Eyni zamanda, gündəlik dolanışığını yazdığı yazılardan, hazırladığı materiallardan çıxarır. Üçüncü şərt isə odur ki, yazdığı yazılardan əldə etdiyi qazancdan həm də dövlətin rüsumlarını ödəyir. Belə frilans jurnalistlər həmin ölkədəki jurnalist təşkilatlarından birinə müraciət edərək presskart alarır və öz fəaliyyətlərini realizə edə bilirlər. Beləliklə, onlar ölkədə qəbul olunurlar və onların hüquqları tanınır”.

Müəllif: Rumiyyə Miraslan      8 Aprel 2020 21:03
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin