İslam, şiəlik və monopoliya: İrana fərqli baxış

Aktual

11.10.2021 - 15:26

Bir yumurta qaynatmaq üçün bütün evi yandırmaq vacib deyil

Azərbaycan da daxil olmaqla, demək olar ki, bütün ölkələrin Cinayət Məcəlləsi zəruri müdafiə hüdudlarını aşdığına görə məsuliyyət nəzərdə tutur. Bir insanın həyatı ölümcül təhlükə altında olsa belə, qırmızı xətləri aşmaq fəsadlıdır - qanun qarşısında cavab verməli olacaqsınız. Bir sözlə, hər şeydə nə vaxt dayanacağınızı bilməlisiniz.

Təəssüf ki, bu cür məsuliyyəti ictimai həyatın bütün sahələrində qabaqcadan görmək və tətbiq etmək praktiki olaraq mümkün deyil. Baxmayaraq ki, bəzi insanları hərəkətlərinə və sözlərinə daha məsuliyyətli münasibət göstərməyə məcbur edən bir növ təşkilat və ya mexanizmin olması yaxşı olardı.

Yerli medianın və sosial şəbəkələrin Azərbaycan seqmentinin ən aktual mövzularından biri hələ də Azərbaycan-İran münasibətləri, daha doğrusu, artan gərginlik mövzusudur. Biz dəfələrlə bu mövzu ilə bağlı mövqeyimizi bildirmişik, İranın Azərbaycana qarşı dost olmayan hərəkətlərindən danışmışıq. Eyni zamanda, normallaşmanın vacibliyini vurğulamışıq, çünki belə bir qarşıdurma heç bir ölkənin maraqlarına cavab vermir. Yenə də qaldırılan mövzuya qayıtmağa ehtiyac var.

Mətbuatın və vətəndaşların fikir mübadiləsində fəal iştirak etməsi və demək olar ki, yekdilliklə Azərbaycanın dövlət maraqlarını müdafiə etmək üçün çıxması sevindirməyə bilməz. Ancaq bəzilərinin bunu necə etməsi və yumşaq desək, hansı üsulu seçməsi bəzi narahatlıqlara səbəb olur. Xüsusilə, konkret bir vəziyyəti və sırf siyasi bir demarşı təhlil edərkən, niyə məsələni dini müstəviyə gətirdiyimiz aydın deyil.

Bu da bir yana. Amma bununla birlikdə, bu sahədə tam səriştəsizlik bəzən belə fikir müəlliflərini, yumşaq desək, gülünc hala salır. Bunun səbəbi həddindən artıq canfəşanlıqdır, yoxsa sadəcə cəhalət və cahillikdir? İstənilən variant ola bilər. Ancaq bu bəhanələr heç bir şəkildə media nümayəndələri üçün səslənə bilməz.

Minlərlə həmvətənimiz üçün müəyyən bir mövzunu könüllü olaraq şərh etmək fikri ilə yazı yazmazdan əvvəl mövzunu araşdırın, ən azından əsas detalları öyrənin və yalnız sonra kompüterinizin qarşısına keçin. Başa salın, kim deyib ki, İslam və şiəlik İranın monopoliyasıdır? Bəli, uzun illərdir ki, dini dəyərlərlə manipulyasiya edən qonşu ölkə özünü “Quran”ın tələblərinə və Peyğəmbərin əmrlərinə tam riayət edən yeganə həqiqət qalası və yeganə dövlət kimi təqdim etməyə çalışır. Arazın o biri tayında istədiklərini söyləyə bilərlər, ancaq bu, buna inanmaq məcburiyyətində olduğumuz demək deyil.

İranda İslam İnqilabı 1979-cu ildə baş verdi. Məhz bundan sonra qonşumuzun həm xarici, həm də daxili siyasəti kökündən dəyişdi. İslam Azərbaycana min ildən də çox əvvəl gəlib. Və burada əhalinin əksəriyyəti özünü şiə hesab edir. Müsəlman ümmətini məzhəb və təriqətlərə bölmək, kimisə daha yüksək, kimisə aşağı qoymaq istəmirik. Tamamilə! Bu, həm İslamın özünə, həm də cəmiyyətimizdə hökm sürən prinsiplərə ziddir. Lakin bu, tarixən belə olub, istər müsəlman qaydalarına əməl etsin, istərsə də yox, amma Azərbaycan əhalisinin böyük əksəriyyəti özünü şiə olaraq qəbul edir.

Məsələnin mahiyyətini araşdırsanız, yenə də bu çoxluğun əksəriyyəti sünni ilə şiə arasındakı fərqi açıq şəkildə izah edə bilməyəcək (bu arada, İslam bağına daş atan "jurnalistlər" bu qrupdandır). Və bu gün, sanki İranı qınayaraq, praktiki olaraq mədəni və tarixi irsimizə zərbə vururuq. Sual budur ki, Aşuranın bu baş verənlərlə nə əlaqəsi var? Aşuranın elə eyni gündə İranda da geniş qeyd olunması nə deməkdir ki? O zaman muğamdan da imtina edə bilərikmi? Axı, əksəriyyətinin adları sırf fars adlarıdır ("Çahargah", "Segah", "Şüştər"). Bəli, ermənilər də tarda və kamançada ifa edirlər, nə edək? İmtina edək?

Qədim zamanlardan bu torpaqların insanları Peyğəmbərin nəvəsinin və yaxınlarının Kərbalada faciəli şəkildə öldürülməsinin ildönümünü qeyd edirlər. Bu gündə əhalinin əksəriyyəti məscidlərə gedir. Dərin dini və fanatik olduqları üçün deyil, dini bir ənənədən daha çox mədəni, milli, tarixi bir ənənədir. Bu gün hətta içiki içənlər da spirtli içkilərə toxunmur - hər kəs bu günü təqvimdə öz qaydasında başa düşür. Və iki ay - Məhərrəm və Səfərdə insanlar toy etməkdən imtina edirlər (yeri gəlmişkən, hətta bir çox sünnilər də bu ənənəyə riayət edirlər).

Və beləliklə, özünü yerin göbəyi və bütün sivilizasiyanın intellektual zirvəsi təsəvvür edən bir gənc peyda olur və başlayır əsrlər boyu bəslənilən bu ənənəni təhqir etməyə. O, guya başa düşmür ki,  Azərbaycanda insanlar VII əsrdə öldürülən ərəblər üçün ildə 2 ay yas saxlayırlar və ən əsası, bu yas Arazın o tayında da saxlanılır! Yaxşı, sənə aydın deyilsə, əzizim, bunu başa düşənlərdən soruşun ki, sizə nə olduğunu aydın şəkildə izah etsinlər. Heç bir Yeni Zelandiya vətəndaşı xaka rəqsində qüsur tapmağı xəyalına belə, gətirə bilməz. Bu, artıq bir rəqs yox, xalqın tarixinin, milli kimliyinin bir hissəsidir (yeri gəlmişkən, bu, adaların yerli əhalisinin, Maori xalqının rəqsidir və ölkənin bugünkü vətəndaşlarının əksəriyyəti ilə heç bir əlaqəsi yoxdur).

Şiə ənənələrinə, Aşuraya çirkab ataraq, əslində oturduğumuz budağı kəsirik. Bəli, 14 əsr əvvəl baş verən hadisələrin bu cür təfsiri ilə razılaşmaya bilməzsən, bu günü xatırlamaq üsulları haqqında mübahisə edə bilərsən, ümumiyyətlə İslamı tərk edib buddist ola bilərsən - Allah xatirinə, bu, sırf şəxsi məsələdir. Amma, yalnız şəxsi! Yoldaş Saaxovun dediyi kimi, "öz yununu dövlət yunu ilə qarışdırmamalısan". Bəyənirsən, ya bəyənmirsən, amma tarix bunu əmr edib. Buradakı insanlar tam olaraq belə bir dini, tarixi, mədəni və ideoloji zəmində formalaşıb. Hamısı bizimdir - nə İranındır, nə də farsın. Biz əlimizdə babalarımızdan qalan miras var. Və bundan imtina etsək, artıq özümüz olmayacağıq.

Şiəlik də dövlət dini səviyyəsinə hanısa fars tərəfindən deyil, Səfəvi İmperiyasının banisi, bir azərbaycanlı - Şah İsmayıl Xətai tərəfindən qaldırıldı. Bunu xatırlamaq və “dənləri samandan” ayırmaq lazımdır. Ancaq nəyi yadda saxlamalı və nələri unutmalı olduğunu bu xalq bəzi ortaya düşənlərsiz də çox yaxşı bilir. Və bu yaddaş və bu müdriklik sayəsində xalqımız yaşayır, bir çoxlarından fərqli olaraq öz dövlətçiliyinə malikdir və inşallah, düşmənlərin həsədinə və dostların sevincinə görə çiçəklənəcək və inkişaf edəcək.

P.S. Bir yumurta qaynatmaq üçün bütün evi yandırmaq vacib deyil.

Müəllif: Vüsal Əliyev