İrəvanla Tehran Ermənistana qaz tədarükünün artırılması barədə razılığa gəliblər

Dünya

29.07.2026 - 15:44

Tərəflər texniki və digər məsələləri həll etmək üçün işçi qrupları yaradacaqlar

“Ermənistan İranın “elektrik enerjisi müqabilində qaz" proqramı çərçivəsində qaz tədarükünün artırılması təklifini dəstəkləyib”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan “Azad Avropa/Azadlıq Radiosu”nun Ermənistan xidmətinə verdiyi açıqlamada deyib.

O bildirib ki, İrəvan və Tehran qarşılıqlı faydalı müqaviləni genişləndirmək üçün şifahi razılığa gəliblər. Tərəflər texniki və digər məsələləri həll etmək üçün işçi qrupları yaradacaqlar.

"Ermənistanın daha çox qaza, İranın isə daha çox elektrik enerjisinə ehtiyacı var. Bizim boru kəmərimizin tutumu hazırda onun vasitəsilə nəql edilən qazın həcmindən çoxdur", - Xudatyan bildirib.

Nazir qeyd edib ki, boru kəmərinin tutumu və yeni 400 kV-luq elektrik xəttinin çəkilməsi müqavilənin həcmini ən azı ikiqat artırmağa imkan verir.

Bu halda, Ermənistan İrana iki dəfə çox elektrik enerjisi ixrac edə və qarşılığında iki dəfə çox qaz ala bilər. Təxminən 20 il əvvəl tikilmiş İran-Ermənistan qaz kəməri ildə 2 milyard kubmetrdən çox qaz nəql etmək qabiliyyətinə malikdir.

2025-ci ildə İran Ermənistana təxminən 480 milyon kubmetr qaz tədarük edib. Sazişin həcmini artırmaq üçün təxminən on ildir təxirə salınan İran-Ermənistan yüksək gərginlikli elektrik ötürücü xəttinin tikintisini başa çatdırmaq lazımdır.

Xudatyanın sözlərinə görə, işlərin 2026-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Nazir vurğulayıb ki, Tehranla enerji əməkdaşlığının genişləndirilməsi Ermənistanın Rusiya ilə münasibətləri ilə əlaqəli deyil: “Bu, iqtisadi cəhətdən faydalı bir fəaliyyətdir, başqa bir ölkə, xüsusən də Rusiya Federasiyası ilə əlaqəli deyil. Hər iki tərəf onu genişləndirməkdə maraqlıdır".

İran-Ermənistan qaz kəmərinin Ermənistan hissəsini "Qazprom Armenia" idarə edir. Xudatyan İrəvanın "elektrik enerjisi müqabilində qaz" proqramı çərçivəsində tədarükü artırmaqda heç bir məhdudiyyəti olmadığını söyləyib.

İrana səfəri zamanı tərəflər həmçinin Ermənistan-İran sərhədində Araz çayı üzərindən ikinci körpünün tikintisini də müzakirə ediblər. İşlərə 2027-ci ildə başlamaq və təxminən üç ilə başa çatdırmaq planlaşdırılır. Yeni körpü iki ölkə arasında sərhəd tutumunu və ticarət dövriyyəsini artırmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş