"Düşmən ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçməsi qadağan ediləcək"
İran və Oman arasında danışıqlar sazişində Tehrana düşmən olan ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçməsinə icazə verilməyəcəyi nəzərdə tutulur. AYNA.AZ xəbər verir ki, bu barədə IRIB televiziya və radio şirkəti bir mənbəyə istinadən məlumat yayıb.
Bəyanatda deyilir: "Düşmən ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçməsi qadağan ediləcək".
Bəyanatda qeyd olunub ki, "İrana zərər verən" ölkələr və şəxslər Tehrana itkilərini kompensasiya etməyənə qədər boğazdan keçə bilməyəcəklər.
Bir müddət əvvəl İran Xarici İşlər Nazirliyi Tehran və Maskatın Hörmüz boğazından keçən gəmilər üçün yeni marşrutun koordinatları barədə artıq razılığa gəldikləri və tərəflərin birgə bəyanat hazırladıqları bildirilmişdi. Həmçinin qeyd olunurdu ki, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı potensial razılaşma ABŞ-ın qeyri-sabitlik yaradan hərəkətləri riski səbəbindən su yolunda təhlükəsizliyə zəmanət verməyəcək.