Bu, son təxminən dörd ay ərzində İranın Səudiyyə Ərəbistanına endirdiyi ilk birbaşa zərbədir
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi bazasına ballistik raket zərbəsi endirib. AYNA.AZ bildirir ki, bu barədə ABŞ administrasiyasının nümayəndəsinə istinadən xarici KİV məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu, son təxminən dörd ay ərzində İranın Səudiyyə Ərəbistanına endirdiyi ilk birbaşa zərbədir.
Bildirilib ki, İran ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisindəki obyektlərə endirdiyi zərbələrə cavab olaraq Fars körfəzi regionunda yerləşən Amerika hərbi bazalarına bir sıra hücumlar həyata keçirib.
Xatırladılıb ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində yerləşən hədəflərə növbəti hava zərbələrinin endirildiyini açıqlayıb. ABŞ tərəfinin məlumatına görə, Vaşinqton artıq yeddi gecədir ardıcıl olaraq İrana zərbələr endirir. Tərəflər hərbi infrastruktur və strateji obyektlərə qarşı qarşılıqlı hücumları davam etdirir.
Məlumatda qeyd olunur ki, Hörmüz boğazı ətrafında da gərgin vəziyyət hələ də qalmaqdadır.
Bundan əvvəl yayılan xəbərlərdə İranın enerji təminatı sahəsində ciddi problemlərlə üzləşdiyi bildirilirdi. Məlumata görə, ölkənin müxtəlif bölgələrində planlı elektrik kəsintiləri tətbiq olunur, su təchizatı və mobil rabitədə fasilələr yaranır. Eyni zamanda, daxili yanacaq istehlakının istehsal həcmini üstələdiyi qeyd edilir.
Bununla yanaşı, İranın siyasi rəhbərliyi mövcud gərgin şəraitdə atılacaq növbəti addımlar və ölkənin strategiyası ilə bağlı müzakirələri davam etdirir.