Hökumət hansı addımı atacaq: 3 mümkün ssenari

Cəmiyyət

14.04.2020 - 15:03

Yoluxmaların sayı qərar qəbuluna təsir edən amil olacaq

 

Karantin rejiminin bitməsinə 6 gün vaxt qalıb. İndi hamımızı bir sual düşündürür: Vaxt uzadılacaq, yoxsa yox? Ürəyimiz karantinin ləğvini tələb edir, ancaq ağlımız tələsməməyi məsləhət görür. Mən bilmirəm, qərar nə olacaq, qərarı hökumət verir. Bizim nə deməyimizdən, onun addımlarını bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, məsuliyyəti o daşıyır.

 

Mən, sadəcə öz fikrimi yazıram və bunu mütləq həqiqət kimi təqdim etmirəm. Əlbəttə, yaxın 1-2 gündə yoluxmaların sayı da qərar qəbuluna təsir edən amil olacaq.

 

Ona görə də 3 ssenari üzrə addım atıla bilər:

 

1. Karantin müddətinin uzadılması. Yoluxmanın yayılma səviyyəsi azaldığından, qərara yenidən baxılma şərti ilə daha 10 gün uzadılması məsləhət olardı;

 

2. Yumşadılmış karantinin tətbiqi. Bu halda karantin şərtləri bir qədər yumşaldıla bilər. Kütləvi olmayan bəzi fəaliyyət sahələrinin işinə icazə verə bilər;

 

3. Karantinin tam ləğvi (məktəb və bağçalar istinsna olmaqla). Bu halda əhalinin hərəkətinə dair sərt şərtlər tətbiq etmək olar. Məsələn, maskaların taxılmasının məcburiliyi (ən azı ictimai nəqliyyatda, kütləvi tədbirlərdə), sosial məsafənin təmin edilməsi və s.

 

Bəzi Avropa ölkələri (Fransa, Rusiya) katantin müddətini artırsa da, onu nisbətən yumşaldan ölkələr də (İspaniya, Çin) var. Əldə olunan nəticələrin qorunması çox vacibdir, ikinci dalğanın baş qaldırmasına yol vermək olmaz.

 

Bir məsələni də qeyd edim. Azərbaycanda yoluxmanın yayılmasının qarşısının alınmasında, əlbəttə, karantinin rolu danılmazdır. Amma razılaşaq ki, mərkəzi küçələr istisna olmaqla, digər yerlərdə demək olar ki, karantin qaydalarına əməl edilmir. Hətta, bu vəziyyətdə bizdə yayılma səviyyəsi minimumdir.

 

Deməli, burada ölkənin təbiəti (isti, küləkli və nəmişliyin az olması) və insanların güclü immun sisteminə malik olmaları (avropalılardan fərqli olaraq biz xəstəlikləri ilk növbədə dözərək bədən immuniteti sayəsində sağaldırıq, həkimə ancaq ölüm ayağında gedirik) vacib rol oynayır. Ona görə də 1-ci ssenarinin, sonra isə 3-cü ssenarinin tətbiqini təklif edərdim.

 

P.S. Parklara insanların burxılmaması səhv addımdır. Sosial məsafə qorunmaq şərti ilə bu qadağa götürülsə, yaxşı olardı.

Müəllif: Samir Əliyev, iqtisadçı-ekspert