Formula 1 üzrə Azərbaycan Qran-prisi təxirə salındı

İdman

23.03.2020 - 15:23

“Yarışın təxirə salınmasında əsas məqsəd Azərbaycan xalqı ilə yanaşı, ölkəyə gələn Formula 1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığını və rifahını qorumaqdır”

 

Bu ilin 5-7 iyun tarixlərində keçirilməsi planlaşdırılan Formula 1 üzrə Azərbaycan Qran-prisi-2020 yarışı təxirə salınır. AYNA xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu gün belə qərar qəbul edib.

 

İctimaiyyətin nəzərinə çatdırılır ki, bu qərar Formula 1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Azərbaycan Respublikası hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində qəbul olunub: “Həmçinin davam edən qlobal COVID-19 pandemiyası və bu xəstəliklə əlaqədar səlahiyyətli tərəflərin təqdim etdiyi mütəxəssis rəyləri sözügedən qərarın alınmasını zəruri edib. Yarışın təxirə salınmasında əsas məqsəd Azərbaycan xalqı ilə yanaşı, ölkəyə gələn Formula 1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığını və rifahını qorumaqdır”.

 

“Əməliyyat şirkəti avtoidman həvəskarlarının bu ilin iyununda Bakının mərkəzi küçələrində keçirilməsi nəzərdə tutulan möhtəşəm yarışı həmin tarixdə izləyə bilməyəcəklərinə görə yaşadıqları təəssüf hissini bütün səmimiyyəti ilə bölüşür və çalışır ki, Formula 1 rəhbərliyi, FİA və Azərbaycan höküməti ilə birlikdə Formula 1 Azərbaycan Qran Prisinin 2020-ci il yarış cədvəlindəki yeni tarixini tezliklə dəqiqləşdirib bu haqda ictimaiyyəti məlumatlandırsın”, - açıqlamada bildirilir.

 

“Yeri gəlmişkən, Formula 1 Azərbaycan Qran Prisi 2020 yarışı üçün indiyədək alınmış biletlər keçərli sayılır və əldə olunan bütün hüquqlar yarışın yeni tarixinə olduğu kimi köçürülür. Yarışın yeni tarixi müəyyənləşəndən sonra bu günə qədər həm əməliyyat şirkətinin rəsmi vebsaytından, həm də digər kanallar vasitəsilə bilet alanlara yeni seçimlər barədə ətraflı məlumat veriləcək. Əməliyyat şirkətinin bütün kollektivi dünyanın dörd bir yanında yeni koranavirus pandemiyası səbəbindən yaranmış çətin və gözlənilməz vəziyyətdən birbaşa və ya dolayı olaraq əziyyət çəkən hər kəsə öz xeyir-dualarını göndərir”, - BŞH qeyd edir.

 

Məlumatda əlavə olunur: “Fürsətdən istifadə edərək bütün dəstəkçilərimizə, müştərilərimizə və tərəfdaşlarımıza göstərdiyi anlayışa görə təşəkkürümüzü bildirir, hər birinizi bu il Bakıda gözlənilməz və həyəcanverici məqamlara səhnə olacaq möhtəşəm Formula 1 Azərbaycan Qran Prisi 2020 yarışında görməyi səbirsizliklə gözləyirik. Bu arada, hamınızdan xahiş olunur ki, sağlamlığınıza diqqət edin və mümkün olduqca evdə qalmağa çalışın”.

Müəllif: Ayna.az