“Ölkədən 2 milyon avrodan yuxarı valyuta çıxarılacaq, amma heç bir nəticə olmayacaq”
Futbol üzrə milli yığma komandamız bir müddətdir baş məşqçisiz qalıb. AFFA artıq yeni məşqçi axtarışına çıxıb. Sosial şəbəkələrdə məsələ ilə bağlı geniş müzakirələr aparılır. Futbolsevərlər milliyə gəlmə ehtimalı olan məşqçiləri müzakirə edirlər.
Futbol mütəxəssisləri ilə məsələyə AYNA tutmağa çalışdıq.
İdman yazarı Natiq Muxtarlı deyir ki, indiki halda “Azərbaycan yığmasının baş məşqçisi kim olsun” sualı futbol ictimaiyyəti üçün prioritet olmamalıdır: “Çünki kimin baş məşqçi olmasının heç bir əhəmiyyəti yoxdur, istər əcnəbi olsun, istərsə də yerli. Ona görə ki, yığmanın heç bir perspektivi yoxdur. Bizim indiki futbolçu potensialımız uğur qazanmaq üçün yetərli deyil. Baş məşqçi kim olur, olsun, əldə edəcəyimiz nəticə 4-5 xal, qrupda tutacağımız yer sonuncu və ya sondan əvvəlki olacaq”.
“Bizim üçün prioritet vəzifə məhsul-futbolçu yetişdirmək olmalıdır. Azərbaycanda uşaq futbolunun durumu acınacaqlıdır. AFFA israrla əcnəbi baş məşqçi axtarır. Yəqin ki, onun illik məvacibi də 1 milyon avrodan yüksək olacaq. Hələ özü ilə gətirəcəyi köməkçilərin də məvacibini nəzərə alsaq, ölkədən 2 milyon avrodan yuxarı valyuta çıxarılacaq. Amma heç bir nəticə olmayacaq. Yaxşı olardı ki, o əcnəbi mütəxəssislərə veriləcək vəsait uşaq futbolunda infrastrukturun yaradılmasına sərf olunaydı. AFFA-nın prezidenti, icraçı vitse-prezidenti 10 dəfə xaricə səfər edəndə, bir dəfə də bölgələrə baş çəkib uşaq futbolunun durumu ilə tanış olsalar, dünya dağılmaz. Təsəvvür edin, əlimizdə məhsul yoxdur, amma onu satmağa bazar axtarırıq. Azərbaycanda futbolçu yoxdur, ancaq xaricdən məşqçi gətiririk. Bax, budur Azərbaycan futbolunun əsas problemi. İdarəetmə sistemində olan qeyri-peşəkarlıq. Bunlar həll olunmasa, xeyli əcnəbi gələcək və gedəcək, amma uğur olmayacaq”, - mütəxəssis bildirir.
Təranə Xudabaxşiyeva