Ən çox sayda şəxsi heyət - 250 nəfər Ermənistan tərəfindən iştirak edəcək
Ermənistan, Amerika, Fransa və Yunanıstan hərbçilərinin iştirakı ilə birgə təlimlər olan "Qartal Tərəfdaşı 2026" 17-25 iyun tarixlərində Ermənistanda keçiriləcək. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərdə Ermənistan ordusunun sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun, Kanzas Milli Qvardiyasının, Fransa Silahlı Qüvvələrinin və Yunanıstan Silahlı Qüvvələrinin hərbçiləri iştirak edəcək. Ən çox sayda şəxsi heyət - 250 nəfər Ermənistan tərəfindən iştirak edəcək.
Nazirliyin məlumatına görə, təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı əlaqə səviyyəsini artırmaq, komandanlıq və taktiki rabitə sahəsində ən yaxşı təcrübələri mübadilə etmək və Ermənistan ordusunun sülhməramlı bölməsinin hazırlığını artırmaqdır.
Qeyd edilib ki, "sülhməramlı missiyalara hazırlıq çərçivəsində beynəlxalq əməliyyatlara hazırlaşan bölmələr vaxtaşırı tərəfdaş ölkələrdə oxşar birgə təlimlərdə və təlim sessiyalarında iştirak edirlər".
Bildirilib ki, təlim heç vaxt belə tərkibdə keçirilməyib. ABŞ və Ermənistan ilk dəfə Ermənistan ərazisində "Eagle Partner" təlimini 2023-cü ilin sentyabr ayında keçiriblər. Ən sonuncusu isə 2025-ci ilin avqust ayında baş tutub.