“Ermənilərin tərksilah edilməsi Moskvanın İrəvana müharibə elan etməsi deməkdir” – <font color=red> TROFİMÇUK</font>

Siyasət

24.07.2021 - 15:10

Rusiyalı analitik: “2021-ci ilin noyabrından sonra Azərbaycan tərəfinin sakitcə gözləyəcəyi inandırıcı deyil”

 

Rusiyanın sülhməramlı qüvvələrinin qarant durmalarına baxmayaraq, artıq neçə gündür, həm Qarabağda, həm də Ermənistan-Azərbaycan sərhədində atışmalar yaşanır. Buna da erməni yaraqlılarının təxribatları səbəb olur.

 

Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə Moskvaya səfər etdi. Bu müddətdə Prezident Putinlə 10 Noyabr 2020-ci il tarixli Üçlü Bəyanatın bəndlərinin reallaşması ilə bağlı bir sıra məsələlər müzakirə edildi.

 

AYNA mövzunu tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk ilə müzakirə edib.

Qriqori Trofimçuk: Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən etibarlı  tərəfdaşına çevrilib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

- Artıq bir neçə gündür ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında atışma müşahidə edirik. Bu eskalasiyanı necə qiymətləndirirsiniz? Niyə Rusiya sülhməramlıları vəziyyətə müdaxilə etmir?

 

- Rusiya sülhməramlı kontingentinə rəhbərlik edən Rusiya Federasiyası Müdafiə Nazirliyi baş verənləri çox güman ki, diqqətlə izləyir. Ancaq Rusiya Federasiyasının hərbi qurumu  siyasi məsələlərlə məşğul olmur, buna görə ciddi şəkildə qurulmuş bir çərçivədə fəaliyyət göstərir. Sadəcə olaraq, kontingentin müharibədə iştirak etmək mandatı yoxdur. Buna görə, belə bir davranış formatı, prinsipcə mümkün olduğu müddətdə heç bir şeyə qarışmamaq qalır.

 

Hərbi qüvvələr yaxın gələcək üçün ən vacib detalları kifayət qədər ümumi qeyd edilmiş 10 noyabr üçtərəfli razılaşmasına düzəliş edə bilməzlər. Sənəddəki bu kimi boşluqlar obyektiv olaraq açıq-aydın Bakı üçün faydalıdır, amma İrəvan üçün deyil. Buna görə də sülhməramlı qüvvələrin bölgəsindəki vəziyyət canlıdır, hərəkətlidir. Amma əsas cavabdeh ərazisinin dəqiq sərhədləri və ya dəqiq müəyyən edilmiş statusları olmadığı zaman belə bir vəziyyəti nəzarətə götürmək olduqca çətindir. Üstəlik, kontingentə kənardan mütəmadi olaraq burada qalmaları üçün razılaşdırılmış beş ildən az müddət qaldığı xatırladılır.

 

- Niyə Rusiya sülhməramlıları Qarabağdakı erməniləri tərksilah etmir?

 

- Erməni ordusunun Qarabağdan çıxarılması və ya nümayişkaranə şəkildə tərksilah edilməsi Rusiya hərbi personalının açıq şəkildə Azərbaycan tərəfinə keçməsi deməkdir. Bu, elə belə də qəbul ediləcək. Bu vəziyyətdə dərhal Ermənistana müharibə elan etmək daha asan olardı. Noyabr müqaviləsində hər şey olduqca hamar və gözəl görünürdü, amma realizasiya kağızda yazmaqdan fərqlidir. Bütün proseslərdəki gecikmə yalnız bir şey deməkdir: heç kim bunun reallıqda, belə deyək, heç kimi incik salmamaq şərti ilə necə tətbiq ediləcəyini bilmir.

 

Qarabağdakı vəziyyətin tənzimlənmə prosesinin başladığı yerə gəldiyi aydındır: heç bir beynəlxalq nəzarətçi orqan təcavüzkarı - yəni bütün razılaşmalara zidd olaraq atəş açanı açıq göstərə bilmir. Buna görə də ermənilər və azərbaycanlılar son otuz ildəki kimi, yenə də bir-birilərini razılaşmaları pozmaqda günahlandırırlar. Bütün bunlar təəssüf ki, müharibənin özü-özünə bitməyəcəyini göstərir. Göründüyü kimi, bu baxımdan Azərbaycan Prezidentinin 2020-ci ilin noyabr razılaşmasında nəzərdə tutulmayan, İrəvanın özü də daxil olmaqla, həmin tarixi torpaqları  xatırlatması boş yerə deyildi. Bu, sonrakı hadisələrin məqsədi ola bilər, çünki prosesin dəqiq bir nəticəsi yoxdur.

 

- Yəni, sizin sözlərinizdən belə çıxır ki, Rusiyanın Üçlü Bəyannamənin qarantı olaraq, sənədin 4-cü bəndini (“Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşir) yerinə yetirmək fikrində deyil. Belə bir yanaşma Azərbaycanda sənədin əsas qarantı kimi Rusiyaya inam səviyyəsini aşağı salmayacaqmı?

 

- Rusiya göstərilənlər də daxil olmaqla, müqavilənin bütün bəndlərini yerinə yetirməyə hazırlaşır. Məsələ kağızda göstərilən bəndin praktik müstəviyə necə dəqiq çevrilməsindədir. Bu, hələ həll olunmamış bir problemdir və ona görə razılaşma hal-hazırda istədiyimiz kimi görünmür. Bundan əlavə, “Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi” məsələsi - yazıldığı kimi anlaşılsa, Rusiya-Ermənistan münasibətlərindəki gərginlik deməkdir. Bir ekspert olaraq bir az fərqli formulalar götürərdim, çünki təklif olunan həll əvvəldən bəri olduqca problemli görünürdü. Ancaq vurğulamağa dəyər ki, bu məqam olmasaydı, rus sülhməramlıları Ermənistan və Azərbaycan orduları arasında dayanmasaydı, müharibə, yəqin ki, bütün Cənubi Qafqaza yayılacaqdı.

 

- Belə bir aqressiv davranışla, Ermənistanın sülh sazişi üzərində gələcək danışıqlar masasına itirmış mövqedən oturmamağa çalışması mümkündürmü?

 

- Paşinyan artıq istənilən yeni sənədi imzalaya bilər. Hətta Türkiyə ilə “əbədi barış” haqqında belə. Ancaq Ermənistan xalqı bunu “imzalamayacaq”, çünki parlament seçkilərinin rəsmi nəticələrinə baxmayaraq, Paşinyanın reallıqda inam mandatı yoxdur. Paşinyanın ayaqlarına daş kimi asılan erməni xalqı olmasaydı, o, artıq Azərbaycanla sülh müqaviləsi imzalayardı. İki səbəbə görə: 1) özünə ən azı bir müddət toxunulmazlığı təmin etməli, silahla təhdid edilməməlidir; 2) bütün Cənubi Qafqazdakı vəziyyətin daha çox deformasiyaya uğramaması üçün. Çünki bu prosesi, sərhədlərin yenidən bölüşdürülməsini İran və Gürcüstan çox yaxından izləyir və s. Paşinyanın özü üçün də heç bir maraq kəsb etməyən, Ermənistanla sərhəd ərazilərindəki hər hansı bir kiçik torpaq parçalarından yapışmaq mənasızdır.

 

Paşinyan onsuz da özünü heç kimə heç nə uduzmamış kimi aparır. Ona baxanda bəzən adamın hətta ermənilərin Azərbaycana qalib gəldiyi və demək olar ki, Xəzər dənizinin sahillərinə çatdığı təəssüratı yaranır. Açıqcası, döyülmüş köpək kimi görünmür. Əlbəttə ki, bu baxımdan son seçkilərin nəticələri ona ilham verir: erməni müxalifəti seçkiyə getməməli, öz taktikasını davam etdirməli və Paşinyana qalib kimi görünmək imkanı verməməli idi. Bu səbəbdən Paşinyanın danışıqlar masasında oturmasına heç nə mane olmur. Üstəlik, yenidən danışıqlar kreslosuna oturub arxasına Fransa və ABŞ-ı almaq üçün bəzi tələblər irəli sürə bilər.

 

- Bu yaxınlarda Moskvada Putinlə Əliyev arasında görüş oldu. Bu görüşdən sonra Azərbaycan-Ermənistan münasibətlərində hansı dəyişiklikləri gözləmək olar?

 

- İki Prezidentin görüşü iki dövlət arasındakı münasibətlərin ən azı eyni səviyyədə qalacağını göstərdi, onlar üçün qorxmağa ehtiyac yoxdur. Moskva çətin ki, kağıza salına bilən bir çox son dərəcə incə və mübahisəli məqamları başa düşdüyü üçün Azərbaycan rəhbərliyinə minnətdardır. Buna görə hamımız ümid edirik ki, gələcəkdə belə bir tarazlıq qorunacaq, baxmayaraq ki, Bakının konkret addımlara ehtiyacı olduğu hər kəsə aydındır.

 

Ermənistan-Azərbaycan münasibətlərinə gəldikdə isə, noyabr ayından bəri bəhs edilən kommunikasiyalar Ermənistan ərazisindən keçməyincə, münasibətlər müsbətə doğru dəyişə bilməz. Bakı, Ermənistana sülh müqaviləsi təklif etmək də daxil olmaqla, diplomatik yanaşmalara sadiqdir, lakin diplomatiya üçün də ağlabatan məhdudiyyətlərin olduğunu açıq şəkildə göstərir. İkinci ili, 2021-ci ilin noyabrından etibarən sakitcə gözləməyə Azərbaycan tərəfinin hazır olacağı inandırıcı deyil.

Müəllif: Nicat Hacıyev