Vüqar Bayramov: “Yeni mexanizmin hazırlanması və bankların cəlb etdiyi əmanətlərlə bağlı öhdəliklərinin gücləndirilməsi tövsiyyə olunur”
“Bu gün Milli Məclisin növbəti plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyəti müzakirə olundu. Karantin qaydalarını nəzərə alaraq, təmsil olunduğum hər iki komitə sədrləri komitələrimizin adından çıxış etdilər. Bəzi komitə üzvləri isə öz çıxışlarını yazılı şəkildə təqdim etdilər. Təqdim etdiyim çıxışda fiskal və maliyyə məsələləri ilə yanaşı təmsil olunduğum rayon üzrə də tövsiyyələrə də yer ayırdım. Qlobal pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin olmasına baxmayaraq etriaf etmək lazımdır ki, 2019-cu il Azərbaycan üçün iqtisadi və sosial baxımdan yaddaqalan oldu”.
AYNA xəbər verir ki, bunu sosial şəbəkə hesabında deputat, iqtisadçı-ekspert Vüqar Bayramov yazıb. “Tövsiyələrə gəldikdə isə qeyd edim ki, bank sektoru üzrə tövsiyyələrimdən biri əmanətlərin sığortlanması mexaninzminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, 2019-cu ildə əhalinin 8.7 milyard manatlıq bank əmanətinin 84.0 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanıb. Bu, müsbət hal olsa belə, əhalinin banklardakı 1 milyard 392 milyon manatlıq əmanəti sığortalanmır və həmin pullar qorunmur. Bu baxımdan, əmanətlərin sığortalanması mexanizminin təkmillləşdirilməsi və bankların bu istiqamətdə məsuliyyət və öhdəliyinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı. Bank aktivlərin sığortalanması daxil olmaqla yeni mexanizmin hazırlanması və bankların cəlb etdiyi əmanətlər ilə bağlı öhdəliklərinin gücləndirilməsi tövsiyyə olunur”, - o, qeyd edib.
Deputat fikrinə belə davam edib: “Təmsil etdiyim Füzuli rayonunda, işğaldan azad olunmuş və təmas xəttinə yaxın məsafədə yerləşən şəhər və kəndlərdə vətəndaşlara məxsus xeyli fərdi yaşayış evi bu günə kimi təmir-bərpa olunmayıb. Bunlar Horadiz şəhərində 39, Qazaxlar kəndində 35, Əhmədallar kəndində 111, Şükürbəyli kəndində 42, Alxanlı kəndində 123, Kürdmahmudlu kəndində 74 və Mollaməhərrəmli kəndində 3 - cəmi 427 fərdi yaşayış evdir. Həmin evlərin sahibləri 27 ildir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına, o cümlədən Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətlər edərək, işğal dövründə yandırılmış və dağıdılmış evlərinin təmir-bərpa olunmasını xahiş edirlər. Bütün bunları nəzərə alaraq, cənab Baş Nazırdən Horadiz şəhərində, Qazaxlar kəndində, Əhmədallar kəndində, Şükürbəyli kəndində, Alxanlı kəndində, Kürdmahmudlu kəndində və Mollaməhərrəmli kəndlərində işğal dövrü yandırılmış və dağıdılmış, bu günə kimi təmir-bərpa olunmamış 427 fərdi yaşayış evinin və Aşağı Yağlıvənd kəndində və Əhmədallar kəndində hər biri 80 yerlik körpələr evi uşaq bağçasının tikilməsi ücün aidiyyatı köməklik göstərməsini xahiş etdim”.