Şamil Sadıqov: “Mağaza mənimdir, istədiyim kitabı sataram, istəmədiyim kitabı satmaram”
Günel Mövlud: “Etik kontekstdən onunla razı olmadığım üçün mən də mağazanı boykota çağırmışam”
Azərbaycanlı yazıçı, şair, publisist Günel Mövludun, təxminən iki ay əvvəl “Düşərgə” adlı romanı işıq üzü gördü. Roman-bioqrafiyada, Günel Mövlud Qarabağ müharibəsi nəticəsində beş il yaşamağa məcbur olduğu çadır-düşərgə həyatını qələmə alıb. Əsərdə torpaqlarından, evindən, vərdiş etdiyi həyat tərzindən uzaq düşmüş, sahib olduğu hər şeyi itirmiş onlarla insanın taleyi, belə çətin vəziyyətdə yaranan iyerarxiya atmosferi, imtiyazlı fərdlərin qoyduğu qanunlar, ekstremal şəraitin yaratdığı hadisələr, münasibətlər öz əksini tapıb.
Romanın əsas xətti – müharibənin, qaçqınlığın insanların həyatına gətirdiyi səfalət, fiziki əzablar və xəstəliklərlə yanaşı, insanın mənəvi deqredasiyasının qaçılmaz olduğu labüdlüyüdür.
Sözügedən kitab ölkəmizdə bir çox kitab mağazalarında satışa verildi. Lakin bu yaxınlarda “Kitabevim” mağazasının rəhbəri Şamil Sadıqov sözügedən kitabı satışdan çıxardığını bəyan etdi. Bir çox yazıçılar da sosial şəbəkələr üzərindən buna qarşı öz etirazlarını bildirdilər.
Ş.Sadıqov AYNA-ya açıqlamasında məlumatın doğru olduğunu təsdiqləyib. Səbəbi barədə isə sosial şəbəkədə fikrini paylaşdığını deyib. Onun “Facebook”dakı paylaşımını olduğu kimi təqdim edirik:
“Maksimum çalışıram ki, siyasi proseslərdən uzaq durum. Amma bu, o demək deyil ki, vətəndaş mövqeyimi bildirməyim. Bəzən də kampaniyalara alət olmamaq üçün adam yan keçir. Amma etiraf edim ki, son hadisələrdə Sevinc Osmanqızının, Orduxanın, Tural Sadıqlının, Günel Mövludun çıxışları, vətəndaş parçalanmasına səslənişləri adamın əsəblərinə toxunur. Müxalifət kəlməsi mənim üçün önəmli ifadədir. Özüm də müxalif ruhluyam. Etiraz etmək, nə iləsə razılaşmamaq təbii haldır. Törəmiz var, evin içindəki söhbət evdə qalar. Ata-oğul, bacı-qardaş söhbətləri qonşulara gedib çıxırsa, bu, ailə dəyərinin tapdalanmasıdır, o ki, qala düşmənə. Adam satıla bilər, adam nifrət edə bilər, lap belə haqlı da ola bilər, amma düşmən dəyirmanına göz görə- görə körük vermək şəxsiyyətsizlikdir.
Atamgil dörd qardaşdır, uşaq vaxtı onların tez-tez küsüb-barışmalarının şahidi olmuşam. Nə qədər acıqlı olsalar da bir-birilərinə, birinin ciddi problemi olanda, kiminləsə savaşanda hər şeyi unudub əvvəlki hallarına dönürdülər həmin dəqiqə.
Dostlarımızın da arasında onları izləyən, videolarını qruplara ataraq, “gördün necə düz deyir” deyənləri də var. Bəzən də haqlı olurlar. Amma heç vaxt mənim üçün səmimi olmayıblar. Çünki qərəz hiss edirdim yanaşmalarında. Son hadisələr şəxsən mənim üçün onların iç üzünü bir daha göstərdi. Çox alçaqcasına hərəkət etdilər. O Günel Mövlud deyilən qızın statusu belə, bunu göstərdi. Adam deyir ki, “mən şiddət paylaşa bilmərəm”. Amma özü şiddətin yetirməsidir. Yazıçı deyib bəh-bəhlə tərifləyənlər də var, düzü, bir ədəbiyyatçı kimi başa düşməyə çalışmışam. Amma adamda gərək abır-həya ola. Linç olunası şəxslərdir hamısı, onları bundan sonra bağışlamaq belə, günahdır. Gücüm çatan bir odur ki, kitabevim.az-da Gunelin kitablarının satışına, əgər varsa, qadağa qoyum. Tərbiyə, abır, həya başqa şeydir. Postmodernist qardaş-bacılar isə onları oxumağa davam etsinlər. Emin Sadıqov bəy, təcili bu əbləhin kitablarına yox de, satışı varsa, elə indidən siyahıdan çıxar.
Höküməti sevməyə bilərsən, bu, sənin öz siyasi düşüncəndir, xalqının yanında olmağı ar bilirsən, qorxursansa, bu, şərəfsizlikdir. Madam ki, bu millətin nümayəndəsi olmağına utanırsan, Azərbaycan sosial şəbəkəsindən də rədd ol, get özünə başqa qucaq axtar. Onları dostluğunuzdan çıxarmağı, bloka atmağı, ümumiyyətlə, görməzdən gəlməyi təklif edirəm. Söyüşlərimizdən qidalanmalarına belə, imkan verməməliyik!”.
“Yazarın kitabının satışdan çıxarılması yazara qarşı haqsızlıq deyilmi” sualımızı isə Şamil Sadıqov belə cavablandırıb: “Mağaza bizimdir, onun dövlətə olan münasibətini bəyənmədiyimə görə əsəbləşdim və kitabı satışdan çıxardığımı bəyan etdim. Niyə haqsızlıq olur? 180 səhifəlik bir kitabın 13 manata satışa qoyulmasını tələb edən yazıçı oxucusuna qarşı haqsızlıq etmiş olmurmu? Əgər bu suala cavab yoxdursa, bu da mənim haqqımdır. Mağaza mənimdir, bu kitabı bura qoyaram da, qoymaram da. İndiyə qədər o, kitablarının bəzilərini heç bizim mağazaya verməyib, bu, ilk kitabı idi. Və bundan sonra mövqeyim dəyişməcəyək, onun kitabının satışdan çıxarılması bəyan edilib, vəssalam”.
G.Mövlud AYNA-ya açıqlamasında Ş.Sadıqovun bir məsələdə haqlı olduğunu bildirib: “Özəl nəşriyyatdır. Adamın mənim qarşımda heç bir öhdəliyi yoxdur, istər satar, istəməz satmaz. Məsələ bu deyil. Məsələ işin etik tərəfindədir. Bu, hansı işgüzar əlaqələrə sığır? Mənim siyasi və milli fikirlərim istədiyim kimi ola bilər, bunun işgüzar əlaqələrə nə aidiyyəti var? Mən qəbul edilmiş bəşəri dəyərlərə qarşı çıxmamışam, əksinə, məhz o dəyərləri qorumaq üçün şiddətə “yox” demişəm. İki millət arasında etnik zəmində nifrətə “yox” demişəm. Lakin bu, onun xoşuna gəlməyibsə, kitabları satmağa qadağa qoyubsa, burda hər hansı qanunsuzluq yoxdur, sadəcə hansısa bir yazıçıya belə bir qadağanın qoyulması etik deyil. Məhz etik kontekstdən onunla razı olmadığım üçün mən də kitabevim.az-ı boykota çağırmışam”.
“Kitabın qiymətinə gəlincə isə, mən 5-10 manata kitab satmaq istəmirəm. Hər şeyə çox rahatlıqla pul tapa bilən, bir müğənnini toyda oxutmaq üçün minlərlə, on minlərlə pul xərcləyən əhaliyə kitabımı beş manatdan satmaq istəmirəm. Mən öz zəhmətimi belə ucuz dəyərləndirmirəm. Mən özüm qəsdən o kitabı belə baha qoymuşam. İstəyirəm ki, o kitabı məhz oxumaq istəyənlər alsınlar. Kitaba dəyər verənlər, kitaba pul xərcləməyə əli gələn insanlar alsınlar həmin kitabı. Və bunda da yanılmamışam. Demək olar ki, tirajdan çox az sayda kitab qalıb, demək olar ki, satılıb qutarıb. Şamil müəllimin qərarı onsuz da kitab satışına heç bir təsir göstərmir. Mən də müəllif kimi öz kitabıma istənilən qiyməti qoymaqda azadam”, - müəllif vurğulayıb.
Yazıçı, eyni zamanda saytımız vasitəsilə Ş.Sadıqova öz təşəkkürünü də ünvanlayıb: “Çox sağ olsun, onun bu qadağasından sonra azərbaycanlı bir iş adamı mənim kitabımın Gürcüstanda nəşriyyat xərclərini və satışını təşkil etməyi öz üzərinə götürdü və dedi ki, mümkün qədər, bu kitab ərsəyə gələnə qədər Gürcüstanda özü də alıb, orda yaşayan azərbaycanlı əhaliyə hədiyyə edəcək. Yəni, Şamil müəllim sağ olsun, kifayət qədər də reklam etmiş oldu və mənə kifayət qədər işgüzar məsələlərdə etik davranmağı bacaran insanlardan dəstək gəldi, ona çox təşəkkür edirəm”.