Məktəbdə bu il 40-dan çox şagird təhsil alacaq
Ukrayna Azərbaycanlıları Radasının (UAR) Xarkov şəhərindəki "Dostluq" Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin qapıları tələbələrin üzünə açılıb. UAR-dan AYNA-ya verilən məlumata görə, qürbətdə yaşayanlar üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin və adət-ənənələrinin öyrənilməsi üçün hər şəraitin təşkil olunduğu məktəbdə bu il 40-dan çox şagird təhsil alacaq.
Tədbir mərkəzin tələbələri tərəfindən Azərbaycan və Ukraynanın himnlərinin səslənidirilməsi ilə başlayıb. Sonra Azərbaycan və Ukrayna şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bayram şənliyini giriş dözü ilə açan Mərkəzin rəhbəri Murad Ömərov İdarə Heyəti adından şagirdləri və onların valideynlərini, eləcə də Mərkəzin müəllimlərini yeni dərs ilinin başlaması münasibətilə təbrik edib və “Dostluq” Mərkəzinin fəaliyyətindən danışıb. Xarkov Şəhər Şurasına, Xarkovun Şevçenkovski Rayon Təhsil Şöbəsinə, 131 saylı orta məktəbin direktoruna Mərkəzin bütün fəaliyyət dövrü ərzində göstərdikləri işlərə, verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Bayramın təşkilatçıları 2020-2021-ci tədris ili üçün “Dostluq” Mərkəzinin həyatının ən parlaq epizodlarını əks etdirən slayd şousu nümayiş etdiriblər.
UAR-ın həmsədrləri Oleq Krapivinin və Hikmət Cavadovun təbriklərini açılış iştirakçılarına çatdıran baş katibi Ceyhun Məmmədov “Dostluq” Mərkəzinin bütün üzvlərinə təşəkkür edib. “Biz bu gün Xarkovda Azərbaycan naminə dildə, fikirdə və işdə birliyin şahidi olduq. Gücümüz birliyimizdədir”, - deyən Məmmədov Ukrayna üçün də birliyin vacibliyini vurğulayıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz…” sözünü balacalara xatırladan Məmmədov yeni dərs ilində onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən UAR-ın aparat rəhbəri Elşad İbrahimov uşaqları ən dəyərli hədiyyə olan kitablarla sevindirib. Heydər Əiyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da dəstəyi ilə çap olunan, Ukraynada yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan dərslik kitablarını balacalara təqdim edib.
Tədbirdə iştirak edən yeniyetmələr arasında boks üzrə Avropa çempionu Kərimova Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Elmira Axundovanın təşəkkür məktubu təqdim edilib. Xarkov Şəhər Şurasının nümayəndəsi Nikita Sterin Xarkov Şəhər Şurasının katibi İqor Terehov adından gələnləri bayram münasibətilə təbrik edib və onlara Xarkov Zooparkını ziyarət etmək üçün dəvətnamələr, habelə Xarkov haqqında kitablar təqdim edib.
Murad Ömərov da "İdman uğurlarına və qazanmaq iradəsinə görə" “Dostluq” İdarə Heyəti adından çempiona təşəkkür və qiymətli hədiyyələr təqdim edib. Oğlunu böyütdüyünə və çempionu layiqincə tərbiyə etdiyinə görə məşqçi Vasifə və valideynlərinə təşəkkür edib və onlara hədiyyələr təqdim edib. "Dostluq" İdarə Heyətinin üzvləri təhsildəki uğurlarına və ictimai həyatında fəal iştirakına görə Mərkəzin tələbələrinə diplomlar təqdim ediblər.
Tədbirdən sonra qonaqlara və uşaqlara çay və Azərbaycan şirniyyatı ikram edilib.