Dirilərlə ölülərin ortaq dərdi – Başqa yolumuz yoxdur

Cəmiyyət

28.10.2021 - 20:48

Və ya necə inandırasan ki, buraya səhər idmanına gəlməmisən?!

Dirilərin "uyuduğu" küçələr də, ölülərin uyuduğu məzarlıqlar da eyni görkəmdədir bu məmləkətdə - nə diri ölüsünü tapa bilir, nə ölü dirisini.

Yuxarıdan... yox e, bir az da  yuxarıdan izləmişikmi məmləkətin (xüsusən başkəndin) mənzərəsini? Məsələn, helikopterdən... Ya da "Google maps"dən. Təbii ki, izləməmişik, amma izləyiblər - əzbərə bilirlər! Bilirlər, nə var-nə yox.

Yuxarıdan, bir az daha yuxarıdan (helikopterdən, uçaqdan, “Google maps”dən) daha aydın görünməlidir axı. Ki, belə mənzərə olmaz, olamaz, ola biləməz! Belə "paralellik", "perpendikulyarlıq"... Kolumbiya filmlərində narkoqaçaqçıların işinə yarayar, əlbəttə, amma müasir bir şəhərə yaraşırmı?

GPS-in çaş-baş qaldığı, naviqatorlu taksinin itdiyi küçələrdən gedir söhbət. Dirilərin diriləri tapa bilmədiyi, uğursuz və uyğunsuz dolanbaclarda azdığı, “filan yerə necə...”, - deyə döyükdüyü şəhərdən gedir. Qəliz məsələdə texnologiya da acizdir.

Hə, bir də ölüləri axtarmaq istəsək...? Diri yenə "konum" ata, "Burdayam eeee, burda", - deyə "ziqzaq"lı küçənin o tayından qışqıra bilər və onu (çətin də olsa) tapa bilərsən. Bəs, ölü?

Qəbristanlıqlarımızın halını (ora düşmədən) düşünən varmı? Biz indi birtəhər bu dolanbaclarda müvəqqəti ömrü yola veririk. Bəs o tərəfdə baş-ayaq, yanpörtü, yarıparalel, yarıperpendikulyar şəkildə uyuyanlar?

Qarış-qarış satılmış torpaqdan keçid məsələsi də var – qəbristanlıqlara yolu düşənlər bilirlər. Onlar uzağa və hündürə tullanmaq üzrə idman hərəkətlərinin sağlığa faydalı olduğundan da əmindirlər. Ki, qəbirlərin arasından başqa formada keçmək müşküldür.

Amma üzərindən hoppandığın (adladığın, tapdadığın) məzarın altında uyuyana necə izah edəsən ki, başqa yolum yoxdur?! Hansı dildə inandırasan ki, buraya səhər idmanına gəlməmişəm, mən ölümə (əzizimin yanına - məzarının başına) gedirəm?! Və ölü niyə anlasın ki, diri anlamırsa?!

Və dönürsən, “gavur”un şəhərsalma, kəndsalma, küçəsalma, məhəlləsalma mədəniyyətinə baxırsan - SİSTEMli! Qovuşan-ayrılan, başlayan-bitən xətlər, paralellər-perpendikulyarlar - YAŞAMAQ istəyirsən!

Məzarlıqları da eyni cürdür "gavur"un: boy-boy, sıra-sıra, cərgə-cərgə. Ölünümü itirmisən? Daha doğrusu, axtarırsan? İtirmək şansın yoxdur. Çünki orda diri itməz, nəinki ölü - ÖLMƏK istəyirsən belə yerdə.

Xeyli nostaljik oldu... Bəlkə də, fərqi tutammıram: diri ilə ölü arasında - onlarla biz arasında. Bəlkə də, "öbür tarafdan" bu tərəfə boylanıram, axtarıram... əyri-üyrü küçələrdəki diriləri, labirint məzarlıqlardakı ölüləri.

... Nəsə demək istəyirdim axı... Hə, yadıma düşmüşkən, "Niyə qayırmersınız bu yolları?", - deyə duzlu-məzəli bir giley (səs yazısı) yayılmışdı illər əvvəl. Onun sözü olmasın, "Niyə belə qayırersınız bu yolları"?

Həqiqətən, niyə belə qayırırsınız bu yolları, məhəllələri, küçələri, kəndləri, şəhərləri, qəbiristanlıqları? Niyə belə... incidirsiniz diriləri, ölüləri?

Müəllif: Tural Talehoğlu