DİM bu həftə keçiriləcək buraxılış imtahanları barədə məlumat yayıb

Xəbərlər

20.04.2021 - 15:09

İmtahanlarda 26 mindən çox şagirdin iştirakı nəzərdə tutulur

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 22-23-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

 

DİM-dən AYNA-ya bildirilib ki, aprelin 22-də keçiriləcək imtahanlarda 8790, aprelin 23-də keçiriləcək imtahanlarda isə 17679 nəfər olmaqla, ümumilikdə 26469 şagirdin iştirakı nəzərdə tutulur.

 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 126 imtahan binası, 2055 imtahan zalı ayrılıb. Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

 

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

 

Buraxılış imtahanlarının idarə olunmasına 126 ümumi imtahan rəhbəri, 340 imtahan rəhbəri, 2548 nəzarətçi-müəllim, 252 buraxılışı rejimi əməkdaşı (mühafizə), 126 bina nümayəndəsi ayrılıb. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

 

Müəllif: Ayna.az