Çingiz Hüseynov və kirovkalı bir alman

Xəbərlər

09.01.2024 - 22:12

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan ədəbiyyatının Son Mogikanı idi o

Özbəkistanın o vaxtkı İstanbul Baş konsulunu ziyarətə getmişdim. Hardasa 2005 ya da 2006 olardı.

Gözüm masasının üzərində bir dərgi, ordakı bir fotoya sataşdı. Daha doğrusu fotonun altındakı “Məhəmməd, Məmməd, Məmiş” sözləri çəkdi diqqətimi. Çingiz Hüseynovun məşhur povestinin Daşkənddə səhnəyə qoyulacağından yazırdı. 

Çox təəccüblənmişdim – Şərqdə, özü də Özbəkistanda bu əsəri səhnələşdirmək imkansız idi. 

Daşkənddəki “İlhom” teatrı şir ürəyi yemişdi deyəsən.

Özbək kolleqama dedim, bu əsəri oxuduğunu soruşdum.

Cavab vermədi. İstəmədi. 

Nə əsəri oxumuşdu, nə də müəllifini tanıyırdı.

Birdən bu söhbətin altından başqa bir şey çıxar deyə ehtiyyat etdi yəqin… 

“Məhəmməd, Məmməd, Məmiş” romanı görkəmli yazıcının oxuduğum ilk əsəri idi.

Ona heyranlığım belə başlamışdı.

“Yuxular, onların yozumu, sadəlövh simvollarla, nağılvari qrotesklərlə, sentimental haşiyədən çıxmalar, proloqa bənzər epiloqla – müəllifin doğma Azərbaycan dilindən doğma rus dilinə öz tərcüməsində bir povest”... sözləri ilə başlayan bir kitaba elə ilk səhifədən necə məftun olmayasan?

Bu girişdən sonra kitabı əldən buramaqmı olardı? Gözümə təpmişdim.

Kitabı atam Moskvadan gətirmişdi, Bakıda satışda yox idi.  Səhv etmirəmsə, Bakıda ancaq Sovet dağılandan sonra satılmağa başladı. 

Yumşaq cilddə çap olunmuşdu o kitab və çox keyfiyyətsiz nəşr idi – nəyi keyfiyyətli idi ki, sovetin?...

O kitab dostlarım arasında əl-əl gəzdi Bakıda. 

Əsəri ən çox sevən mərhum tələbə yoldaşım Azər Məmmədov idi. Azər sonralar akademik Samarskinin aspirantı oldu, Moskvaya köçdü, ordan kitabın daha nəfis bir nəşrini göndərdi mənə. 

Azərlə kitabı müzakirə etmişdik günlərlə…

Çingiz Hüseynovun 6 romanından heç bir dənəsini belə oxumayan, onun adını çəkməyə qorxanlar bu gün yazıçı haqda şablon cümlələr qurur, üzüldüklərini bildirir, öyəndə belə bəlli qəliblər içində öyürlər. 

Azərbaycan ədəbiyyatının Son Mogikanı idi o.

İndi həyatda olan yaşlı nəsil yazıcılarından çoxunun əsərlərini bir yerə toplasan Çingiz Hüseynovun heç bir əsəri etməz. 

Bu iddialı cümləmə görə məni qınamayın, bunlar nəinki bütün əsərlərini, hətta onlarla məqalə və müsahibələrini oxumuş sıravi bir oxucunun təvazökar düşüncələri və dadına doyulmayan bir qiraətin həzzindən irəli gələn düşüncələrdir. 

Çingiz Hüseynovdan sonra Ədəbiyyat Səhnəmizin qalın, məxmər pərdəsi artıq enmişdir.

Onu qaldırsa artıq yeni nəslin yazıcıları qaldıracaqlar…

Axşam Böyük yazarın oğlu Həsən Hüseynovun feysbuk səhifəsindən öyrəndim ağır xəbəri.

Özbəkistan Baş konsulluğundakı o dərgidəki foto da onda düşdü yadıma. Bu sabah qalxan kimi axtarıb o fotonu tapdım internetdə…

Georgi Brim görkəmli sovet teatr rəssamı, professor, SSRİ Dövlət Mükafatı laureatı, Özbəkistan Dövlət Mükafatı laureatı idi. 

Əslən alman olan Brim 1935-də Qazax rayonunun Kirovka kəndində doğulub və uşaq ikən ailəsi ilə Qafqazdakı bütün almanlar kimi Qazaxstana sürgün edilib. 

Kim bilir, bəlkə də Özbəkistanda “Məhəmməd, Məmməd, Məmiş” əsərinə belə gözəl quruluş verməsi də onun uşaqlıq xatirələrindən, görkəmli həmyerlisinə olan hörmətindən gəlibdir.

Ömrünün qürub çağında Brim Almaniyaya köçmüş, Bavariyada vəfat etmişdir…

Çingiz Hüseynovun ədəbi arxivi Almaniyanın Bremen şəhərində yerləşən Şərqi Avropa İnstitutunun Arxivinə verilib. 

Az qala təəssüf edəcəkdim bu acı fakta.

Ancaq vaz keçdim təəssüf eləməkdən – arxivi ən yaxşı elə almanlar mühafizə edərlər.

Əgər ailəsi arxivi Bakıya göndərməyi uyğun bilsə idi əziz dostum, Ağabəyim, akademik Rafael Hüseyn ona xas çalışqanlığı ilə bütün sevgisini, səriştə və əngin təcrübəsini qoyardı ortaya, buna əminəm. 

Ancaq belə məsləhət biliblər. 

Həm məğrur və dik duruşunu qorumaq, sözünün kəsərini iti tutmaq üçün Həsən Hüseynov özü də mühacirətdə - Almaniyada yaşayır.

Həyatda heç vaxt qarşılaşmamışdım Çingiz Hüseynovla. 

Onu ömürboyu sonsuz sevgi ilə anacam!

Onu təkrar-təkrar oxuyacam!

Müəllif: İbrahim Nəbioğlu