“Bir Azərbaycan əsgərinin əvəzinə 10-20 erməni əsgəri…” – Parlamentdə MÜZAKİRƏ

Aktual

15.10.2021 - 14:37

Həkimlər Klinikalar SEO Xidməti

Milli Məclisin iclasında deputatlar təkliflər səsləndirdi: yaxınlarını işə götürən məmurlar, Soros tənqid olundu, Fransa tərifləndi

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar bir sıra təkliflər irəli sürüblər.  Spiker Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyevə və Mehriban Əliyevaya Milli Məclis adından müstəqilliyin bərpa olunduğu 18 Oktyabr münasibəti ilə məktublar imzalansın. Milli Məclis Sədri qeyd edib ki, Prezident İlham Əliyev Ümummilli liderin siyasətini uğurla davam etdirir: “Prezidentimizin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada daha böyük uğurlara imza atacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü təmin edilib”.

“Dünyada qanlı inqilablar sahəsində ad çıxaran Corc Sorosun Konsorsiumun maliyyə himayədarı olduğu hamıya məlumdur”

"Prezident İlham Əliyev 3-cü minillikdə və XXI əsrin müharibəsində dünyada yeganə qalib dövlət başçısıdır. Qələbəmizi hərbi-siyasi meydanda təmin edən Ali Baş Komandanın şəxsiyyəti əleyhinə hücumların son aylar intensivləşməsi 44 günlük haqq savaşında Ermənistanla birgə məğlub olan və 30 illik işğala dəstək verən beynəlxalq mərkəzlərin, casus şəbəkələrin yenidən baş qaldırmasıdır".

Bu sözləri iclasda deputat Zahid Oruc səsləndirib. Millət vəkili qeyd edib ki, son 6 ildə dünyada haker hucumları ilə külli miqdarda məxfi bank məlumatlarını oğurladığını iddia edən 100-dən artıq xarici jurnalistin birləşdiyi Beynəlxalq Araşdırmaçı Korrupsiya Konsorsiumu əslində Amerikanın İnkişaf Agentliyi də daxil məxfi-siyasi dairələrinin Vikileaks əleyhinə qurduğu və qlobal ləkələmə, siyasi texnologiya-şantaj layihəsidir: “Dünyada qanlı inqilablar sahəsində ad çıxaran Corc Sorosun Konsorsiumun maliyyə himayədarı olduğu hamıya məlumdur. Xatırladaq ki, illərdir davamlı izlənməyə və təqiblərə məruz qalan avstraliyalı internet fəalı, naşir Culian Asanjın Vikileaks zəlzələsini ABŞ-n təhlükəsizliyinə böyük zərbə sayanlar ələ keçirilən milyonlarla məxfi məlumatda İrakdan Əfqanıstana və yaxud ərəb ölkələrinə qədər həyata keçirilən saysız-hesabsız hərbi-siyasi cinayətləri gizlətmək, dövlət və hökumət başçılarından alınan külli miqdarda korrupsiya pullarını ört-basdır etmək üçün müxtəlif alternativ şər və fake-news kampaniyaları həyata keçirirlər. “Panama”, “Paradise”, “Peqasus”, “Pandora” sənədləri adı ilə yayılan haker məlumatlarını da o qəbildən qəbul etmək gərəkdir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin də yer aldığı və qlobal ləkələmə-şərləmə vasitəsilə dünya miqyasında əsasən qeyri-qərb liderlərini təzyiqdə saxlamaq və idarə etmək üçün kampaniya gedir. Yaxşı xatırlayırsınız, ötən ilin sentyabrında Vətən müharibəsinə cəmi bir həftə qalmış Azərbaycanın İsraildən aldığı 1.6 milyardlıq silah haqda hansı çirkin məlumatlar yayılmışdı. Eləcə də, uzun illər Rusiyadan alınan hərbi tenxnikanın keyfiyyətsizliyi barəsində xaricdə və daxildə aparılan sistemli qaralama kampaniyası işğalı qoruyub saxlamaq istəyənlərin məqsədinə xidmət edirdi”.

“Müharibə başlayan kimi Azərbaycan Ordusunun Xankəndindən, Xocavənddən Kəlbəcərlə sərhəd mövqelərə qədər...”

“Müharibə başlayan kimi Azərbaycan Ordusunun Xankəndindən, Xocavənddən Kəlbəcərlə sərhəd mövqelərə qədər xalqımıza zərbə vuran hədəfləri məhz İsrail, Rusiya, Belarus istehsallı raketlərlə məhv edəndə, o kampaniyanı aparanlar əvvəlki illərdə dedikləri böhtanları unudaraq, Azərbaycan Ordusunun 5-ci nəsil tenxologiyası ilə savaş apardığından danışdılar. O illərdə Ali Baş Komandan əleyhinə hər gün “bir qarış da torpaq alınmayacaq” hökmü ilə xaricdən informasiya çamuru atanlar 44 gündə hərbi meydanda məğlublarla bir səngərdə döyüşürdülər. Lakin Prezidentin və ailəsinin əleyhinə hücumların Azərbaycan uğrunda aparılan iqtisadi-siyasi mübarizənin tərkib hissəsi olduğu indi gün kimi aydındır. Siyasi düşmənlərindən fərqli olaraq, İlham Əliyevin adı tarixdə qalib lider kimi qalacaq. İndi gedib həmin adamlar üzərində məhkəmə qurmağa ehtiyac yoxdur. Çünki müharibədə qələbəmiz onlara ən böyük cəzadır. Prezidentin alternativi məglubiyyət və işğaldır!", - deyə Z.Oruc fikrini yekunlaşdırıb.

“Yeni gələn nazirlər köhnə kadrları işdən çıxarır, əvəzində isə öz adamlarını işə götürür”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa yeni gələn nazirlərin vəzifəyə öz adamlarını təyin etməsindən şikayətlənib. Millət vəkili eyni zamanda, erməni terrorçularının əsgərimizi şəhid etməsinə toxunub: “Bizim bir öldürülən əsgərimizə  qarşı 10-20 erməni əsgərinin öldürülməsi ilə cavab verməliyik. Bu günlərdə Azərbaycanın Qarabağda müəyyən problemlə qarşılaşması gözlənilən məsələdir. Bu prosesləri səbrlə irəli aparmalıyıq. Ancaq bizim bir öldürülən əsgərimizə qarşı 10-20 erməni əsgərinin öldürülməsi ilə cavab verməliyik”.

“Son vaxtlar yeni təyin olunan məmurlardan çoxsaylı şikayət alırıq. Yenilər gələn kimi ərizələr yığmağa başlayır. Məmuru qorumağın mexanizmi tapılmalıdır. Təbii ki, kimsə qaranlıq yollarla işə düzəlibsə, onu aşkara çıxarmaq olar. Ancaq digər məmurlara qarşı bunu etmək olmaz. Bu proses yalnız Azərbaycandadır ki, yeni gələn nazirlər köhnə kadrları işdən çıxarır, əvəzində isə öz adamlarını işə götürür”, - deyə F.Mustafa qeyd edib.

“Xocalı soyqırımı ilə bağlı qanun qəbul edilməlidir”

"Xocalı soyqırımının 30 illiyi ərəfəsində Cinayət Məcəlləsinin 103-cü maddəsinə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi tarixi zərurətdən doğan fundamental hüquqi addım olardı”. Bu sözləri isə deputat Nizami Səfərov deyib. Deputat bildirib ki, belə bir qanun layihəsi ən qısa zamanda müzakirəyə təqdim edilə bilər: “Mədəni və fiziki soyqırım bir-biri ilə üzvi şəkildə bağlı olan qəddar və qeyri-insanı əməllərdir. Mədəni soyqırım fiziki soyqırımın ayrılmaz tərkib hissəsi olaraq bir çox hallarda ondan əvvəl törədilən əməldir, digər tərəfdən isə identifikasiya olunan qrupların yalnız mədəni bünövrəsini çökdürərək, onları bir sosial vahid kimi məhv etmək olar”.

“Fransanın son dövrdə atdığı addımları xoşniyyətli təşəbbüslər kimi qiymətləndirmək olar”

İclasda Fransa-Azərbaycan münasibətləri də müzakirə olunub. Deputat Soltan Məmmədov Fransanın son dövrdəki hərəkətlərinə münasibət bildirib: "Torpaqların işğaldan azad olunmasından sonra dünyanın aparıcı ölkələri Azərbaycanla əməkdaşlığın nə qədər vacib olduğunu daha düzgün qiymətləndirir. Bu baxımdan, Fransanın son dövrdə atdığı addımları keçmişdə baş verən xoşagəlməz halların və anlaşılmazlıqların aradan qaldırılması məqsədi daşıyan xoşniyyətli təşəbbüslər kimi qiymətləndirmək olar. Dünən Fransanın Piyadalar Əleyhinə Minaların Məhv Edilməsi üzrə Milli Komissiyasının nümayəndə heyətinin səfərinin məqsədi Azərbaycanla Fransa arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi sahələri özündə əks etdirən tədbirlər planını müvafiq dövlət qurumları ilə müzakirə etməkdir. Bu istiqamətdə ANAMA ilə Anlaşma Memorandumunun imzalanması gözlənilir. İmzalanacaq Memorandum çərçivəsində cari ildə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Fransa Milli Komissiyası tərəfindən 500,000 avro maliyyə yardımı ayrılıb. Nümayəndə heyəti ilə Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri arasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun da iştirakı ilə dünən keçirilən görüşdə bir sıra məsələlər müzakirə olundu. Görüş zamanı Komissiyanın Baş Katibi 2022-ci ildən Avropa İttifaqına Fransanın sədrlik edəcəyi dövrdə minaların qadağan olunması haqqında Ottava Konvensiyası çərçivəsində minalardan təmizlənmə istiqamətində böyük işlərin görüləcəyini və bu çərçivədə Azərbaycana böyük dəstək göstəriləcəyini xüsusi vurğulayıb. Fransa eyni zamanda, mina partlayışlarından zərər çəkmiş, sağlamlığını itirmiş insanların reabilitasiyasına da dəstək vermək niyyətindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbərliyinin iştirakı ilə biz Fransanın Azərbaycandakı səfiri cənab Zaxari Qrossla bu sahədə görüləcək işlərin əsas istiqamətlərini müzakirə etmişik”.

“Fransa artıq nəhayət ki, haqq işində Azərbaycana dəstək nümayiş etdirməyə başlayır”

Deputat hesab edir ki, həyata keçiriləcək bu layihələr Fransanın işğaldan azad olunmuş ərazilərdə insanların təhlükəsizliyinin təmin olunması, regiona sabitliyin və sülhün gəlməsinə nə qədər ciddi önəm verdiyini göstərir: “Bu, həm də Fransanın dostluq jesti kimi qəbul edilə bilər. Çünki işğaldan azad olunmuş ərazilərin bərpası Azərbaycan xalqı və dövləti üçün ən mühüm məsələlərdən biridir. Hesab edirəm ki, bu əməkdaşlıq Azərbaycan-Fransa münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanması üçün çox yaxşı zəmin formalaşdıracaq”.

Görüşdə iştirak etmiş deputat Ziyafət Əsgərov isə bildirib ki, Fransa artıq nəhayət ki, haqq işində Azərbaycana dəstək nümayiş etdirməyə başlayır: “Onlar dünənki iclasda da müharibə dövründə Fransanın mövqeyinin bütün fransızları əhatə etmədiyini bildirdilər".

Deputatdan taxılın idxaldan asılılığına etiraz

Deputat Əli Məsimli deyib ki, torpaqlar işğaldan azad olunandan sonra Dövlət Ehtiyatları Agentliyinin yaradılması, taxıl ehtiyatları ilə bağlı qanuna dəyişiklik strateji əhəmiyyət daşıyır: “İşğala qədər Qarabağ kənd təsərrüfatına böyük töhfələr verirdi. Azərbaycanda Taxıl Fondunun yaradılmasının strateji əhəmiyyəti getdikcə artır. Azərbaycan öz taxıl istehsalını 4 milyon tona qaldıra bilər. Buna nail ola bilsək, idxaldan asılılığı azalda bilərik. Biz işğaldan azad olunmuş torpaqlarda da taxıl istehsalına yanaşmanın necə olacağına qərar verməliyik.  Azərbaycanda 50-dən artıq taxıl sortu yetişdirilir. Milyonlarla manat vəsait ayrılır. Bu, süni surətdə yaradılmış maneədir ki, biz xaricdən taxıl gətirək?! Bu, Azərbaycandakı taxılın keyfiyyətinin aşağı olması ilə bağlıdır, ya yox? Buna aydınlıq gətirilməlidir. Əgər bizdə taxılın keyfiyyəti aşağıdırsa, işğaldan azad olunmuş yerlərdə bunu etməməliyik. İdxala sərf olunan vəsaitin az bir hissəsini Azərbaycanda fermerlərin dəstəklənməsi, Azərbaycanda toxumçuluğun inkişafına sərf etsək, nəticə əldə edə bilərdik. Amma idxala meylli olanlar olduğu görünür. İdxala ayrılan maliyyədən Taxıl Fonduna daha çox öz taxılımızın cəlb edilməsi istiqamətində hökumət təsirli tədbirlər görməlidir”.

Apiker S.Qafarova isə qeyd edib ki, dinləməni bir sual üzərində qurmuruq: “Ancaq mövzu olsa, dinləməni keçirə bilərik”.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə qeyd edib ki, müvafiq komitələrlə birlikdə ilin yekununda Kənd Təsərrüfatı Nazirliyi ilə dinləmə keçirməyi nəzərdə tutmuşuq: “Əli Məsimlinin dediklərində həqiqət var. Son 2 ildə Azərbaycanda taxıl istehsalı azalıb. İşğaldan azad olunmuş ərazilərin bərpasından sonra ölkədə taxılçılığın inkişafına çox böyük diqqət yetiriləcək”.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş