Bəxtinizi bir daha sınamayın - <font color=red> EVDƏN ÇIXMAYIN!</font>

Maraqlı

30.03.2020 - 18:05

Heç kim “evdə ac qalım” nağılı danışmasın, biz kartof yeyib, 4 illik müharibəni udan nəslin nümayəndələriyik

 

Son həftələrdə İran, İtaliya, İspaniya, ondan öncə Çində yüzlərlə həkimin və kiçik tibb personalının koronavirusdan öldüyünün şahidi olduq. İstər-istəməz, sual yaranır: Maska, əlcək, eynək, baxil, qoruyucu xələt, hətta bəzən şüşə kaska geyən insan niyə ölsün? Əgər bu dərəcədə özünü qoruyan insan ölə bilərsə, bəs küçədə özünü, ümumiyyətlə, qorumayan biri niyə ölmür?

 

“Koronadan qorunmağın tək yolu sağlam qaraciyər və güclü immunitetdir”, - yazanda məhz bunu nəzərdə tuturduq. Sadə misal üzərindən getsək, belə bir situasiya düşünün. Siz həkimsiz, təbii ki, bütün təhlükəsizlik qaydalarını və hansı virusun necə təsir etdiyini əzbər bilirsiniz. Amma siz həm də insansınız. Yəni, sizin də yaşınızdan və fiziki göstəricilərinizdən aslı olaraq, müəyyən glutatyon miqdarınız, yəni immunitet limitiniz var. Ən maksimumu götürək. Siz 45-50 yaşlarında həkimsiniz, sağlam həyat tərzi tərəfdarı, idmançı, həyatsevər, maddi durumu yetərli olan birisiniz. Eviniz, maşınınız, normal ailəniz, bank hesabınız var.

 

Deyək ki, sizin işlədiyiniz xəstəxanaya dayanmadan xəstə gəlir. Palatalar, dəhlizlər doludur. Personal çatışmır, bəzən tibb bacıları həkimin, həkimlər tibb bacılarının işini görür. Günün sonunda insan anormal dərəcədə yorulur. Demək, sizin normal vücudunuz artıq müdafiəsizdir. Siz səbirsizliklə növbənin bitməsini və evə gediləcək saatı gösləyirsiniz. Gün sonunu, hər bir insan “bu gün nələr oldu və ya nələr ola bilərdi?” sualları ilə başa vurur. Çox kiçik diqqətsizlik, sizin barmağınızı virusa bulaşdıra bilir.

 

Nəticə: SİZİN ORQANİZM VİRUSU QƏBUL ETDİ.

 

Xatırladıram, siz idmançı, aktiv və sağlam həyat tərzi olan orta yaşlı, sağlam və uğurlu bir adamsınız. Beləliklə, virus bədənə düşdü. Həmin andan o, sizin üçün sərbəst radikaldır (bunu zəhər kimi düşünün). Onun bir atomu çatışmır. Orqanizm ağıllı və tədbirlidir. Beyin həmin saniyə “zəhəri zərərləşdir!” əmrini verir. Qaraciyər “baş üstə deyib” ora sizin immunitetdən bir atom göndərir. Bunun adı antioksidantdır, ən güclü antioksidant isə glutationdur və qaraciyədə sintez olunur. Həmin saniyə qaraciyər qana immunitet elementi göndərir və virus (sərbəst radikal və ya zəhər) çatışmayan atomunu alıb zərərsizləşdirilir.

 

İndi düşünün ki, bu sağlam və ağıllı həkim 1 yox, 100 belə virus udur. Və bu, 1 gün deyil, 10 gün davam edir. Buna heç bir qaraciyər antioksidant çatdırmaz. Mümkün deyil. O, bir yerdə “canın cəhənnəmə” deyəcək. Çünki vücudun özü-özünü bərpa etməsi üçün mütləq zaman, uyğun qidalanma və stressdən uzaq şərait lazımdır. Əks təqdirdə viruslar sizin üzərinizdə qələbə qazanacaq. Həkimlərin ölməyinin əsas səbəbi budur. Dünyada heç bir canlı bu qədər sərbəst radikal hücumuna (yada zəhərlənməyə) davam gətirə bilməz. O, bir yerdə təslim olur (xərçəng xəstəliyində olduğu kimi).

 

İndi keçək sənə. Sən - ortastatistik Rasim düşünürsən ki, “millət küçədədir, heç nə olmur, noldu, elə mənə olacaq?” Əslində, doğru düşünürsən. Bir dəfə çıxmaqla heç nə olmayacaq. Bəlkə iki dəfə çıxmaqla da heç nə olmayacaq. Amma davamlı küçədə, əhalinin toplaşdığı yerdə maskasız olmağın, nəticədə səni də yuxarıda çəkdiyim misalla üz-üzə qoyacaq. Buna heç kimin şübhəsi olmasın. Sən, ay Rasim ya da Rasimə, küçəyə çıxmaqla, hər gün bir az zəhərlənirsən. Nəzərə al ki, bu zəhər tək virus deyil. Sənin aldığın havada, yediyin qidada, hərəkətsiz həyatında, içdiyin yüksək miqdar alkoqolda da kiçik miqdar zəhər var. Hər gün, viruslu-virussuz, sənin orqanizmin müəyyən qədər immunitet sərf edir. Amma o, limitsiz deyil. Sənin qaraciyərin və immunitetin, bəlkə də, “son gülləsini bu gün səhər atdı” və sabahkı qəbul edəcəyin virus artıq inkişaf edəcək.

 

Sən bunu bilə bilməzsən. Bilməyin üçün ən geci 6 aydan bir yoxlanmalısan. Yadında deyil, ən son USM müayinəsinə nə vaxt getmisən? Ya da qanın ümumi analizini nə vaxt yoxlamısan? Əlbəttə, yadında deyil! Ona görə də, otur oturduğun yerdə, küçəyə çıxma.

 

Heç kim “evdə acmı qalım” nağılı danışmasın, biz kartof yeyib, 4 illik müharibəni udan nəslin nümayəndələriyik. Cənab Prezident çox açıq dedi, sənin xəstələnməyin, onlarla həkimin və tibb bacısının sənə baxmağı deməkdir. Deməli, yüzlərlə həkim sənin ucbatından ölüm təhlükəsi ilə üz-üzədir. Sənin kimi hər kəs küçəyə çıxıb yoluxsa, necə olacaq? O zaman otur evində və riskə getmə. Düşünürəm ki, bundan açıq nəsə demək mümkün deyil.

 

Sağlıqla yaşayın. İspaniyada 12 min həkim koronavirusa yoluxub...

 

Müşfiq Hüseynov, həkim-farmakoloq

Müəllif: Ayna.az