“Başa düşün, Azərbaycan hakimiyyəti çalışır ki, revanşistlər Paşinyanı əzməsin”

Siyasət

05.05.2021 - 10:24

Həkimlər Klinikalar SEO Xidməti

Zərdüşt Əlizadə: “İndiki zamanda Bakı israrla tələb etsə ki, razılaşdırılan sənəddəki bəndlərin hamısı tez bir zamanda həllini tapsın, bu, bizim əleyhimizə işləyəcək”

 

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Ermənistan Ordusunun Qarabağda qalmış terrorçu hərbi birləşmələrinin Xankəndini tərk etməsini əks etdirən videogörüntü yayıldı. Oradan aydın olur ki, ermənilərə məxsus hərbi yük karvanı və ağır texnika Laçın dəhlizi ilə Ermənistana doğru hərəkət edir.

 

Erməni mediası, xüsusən də Nikol Paşinyana qarşı olan müxalif mətbuatda bu haqda məlumatlar getdi, hazırkı Ermənistan hakimiyyəti tənqid edildi. Amma görüntülərlə bağlı nə Azərbaycan tərəfi, nə Ermənistan, nə də Rusiya tərəfi hansısa rəsmi açıqlama verdi. İctimaiyyət nümayəndələri niyə görüntülərin təsdiqlənmədiyini sual edir.

 

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan bəzi deputatlar bildirirlər ki, həqiqətən də İkinci Qarabağ müharibəsindən sonra Qarabağda qalmış erməni terrorçularının artıq ərazilərimizdən çıxarılmasına başlanılıb. Yəni ki, müharibəni bitirən 10 noyabr Birgə Bəyanatının 4-cü bəndinin həyata keçirilməsinə start verilib.

 

Bunun rəsmi şəkildə təsdiqlənməməsini hakim partiya nümayəndələri onunla əsaslandırırlar ki, Ermənistan daxilində siyasi vəziyyət gərgindir. “Hazırda Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq gedir. Əgər terrorçuların Qarabağdan çıxarılması faktı Azərbaycan tərəfindən rəsmi təsdiqlənərsə, bundan Birgə Bəyanata imza atan Paşinyana qarşı müxalifət “qara piar” kimi istifadə edəcək. Bu isə indiki halda Azərbaycanın maraqlarına cavab vermir”, - deyə bu fikrin tərəfdarları bildirirlər.

 

Politoloq Zərdüşt Əlizadə hakim partiya nümayəndələrinin sözügedən arqumentini haqlı sayır. O, AYNA-ya şərhində deyib ki, Azərbaycanın rəsmi orqanlarının bu məsələdə susqunluğu doğru siyasətin təzahürüdür.

Politoloq Zərdüşt Əlizadə:

“Üçtərəfli Birgə Bəyanatda Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılmasını birmənalı şəkildə tələb edən müddəa var. Sənədin dördüncü maddəsində belə qeyd edilib ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağa daxil olması ilə paralel olaraq erməni silahlıları çıxarılacaq. Amma nəzərə almaq lazımdır ki, müharibədəki məğlubiyyət nəticəsində Ermənistanda siyasi vəziyyət həddən artıq ağırlaşdı. Gərginlik bu gün də davam etməkdədir. Orada hansı qüvvənin hakimiyyətə gələcəyi, hazırkı hakimiyyətin qalıb-qalmayacağı qeyri-müəyyəndir. Nəzərə alsaq ki, iyunda növbədənkənar parlament seçkiləri keçiriləcək, Azərbaycan tərəfi qərarlaşdırıb ki, bəzi məsələlərdə zilə qalxmasın. Görünən odur ki, rəsmi Bakı Birgə Bəyanatın dərhal yerinə yetirilməsi üçün Ermənistana basqı etmir. Əlbəttə, bunun səbəbləri var”, - deyə ekspert bildirib.

 

Əlizadə əmindir ki, Azərbaycan Robert Köçəryanın yenidən hakimiyyətə qayıtmasını istəmir: “Onlar oğrudur, hərbi canidir, “revanş” deyib bar-bar bağırırlar. Onlar Qarabağ məsələsinin həllində əsla maraqlı deyillər. Əlbəttə, bu, bizə sərf etmir. Açıq demək lazımdır ki, bizə Paşinyanın seçkilərdə qələbəsi, hakimiyyətdə qalması lazımdır. Çünki rəsmi Bakı Birgə Bəyanatın icrasını ona imza atan şəxsin həyata keçirməsini istəyir”.

 

Analitikin qənaətincə, Ermənistandakı siyasi böhranın belə dərin olduğu bir zamanda Azərbaycan israrla tələb etsə ki, razılaşdırılan sənəddəki bəndlərin hamısı tez bir zamanda həllini tapsın, bu, bizim əleyhimizə işləyəcək: “O videogörüntülərin nə qədər dəqiq olub-olmadığını deyə bilmərəm. Erməni hərbçiləri Xankəndidən çıxarılırsa, bu, təbiidir. Çünki razılaşma belə olub. İndi bunu rəsmi şəkildə bəyan edib, öyünmək yaxşıdır ki?! O zaman nə qazanacağıq? Sabah erməni müxalifəti, radikallar, quldur Köçəryan bundan Paşinyana qarşı istifadə edəcək, cəmiyyətə “Paşinyan Qarabağı satdı” şüarını aşılayacaqlar”.

 

“Bu, dediyim kimi, bizim əleyhimizədir. Bunu dərk etmək lazımdır. Dərk etmək üçün də savad lazımdır ki, təəssüf, bəzilərimizdə bu savad yetərincə deyil. Hesab edirəm ki, Azərbaycan hakimiyyətinin bu məsələdə yeritdiyi siyasət düzgündür”, - deyə siyasi şərhçi vurğulayıb.

 

Z.Əlizadənin sözlərinə görə, İkinci Qarabağ müharibəsindəki qələbəmiz Ermənistanı məcbur edəcək ki, Qarabağı Azərbaycan ərazisi kimi tanısın: “Bununla da Azərbaycana qarşı ərazi iddiasından əl çəkəcək. Ermənistan maksimum xahiş edə bilər ki, Qarabağdakı ermənilərin vətəndaş hüquqlarına hörmət edilsin. Onsuz da Azərbaycan ən ali səviyyədə bəyan edib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və vətəndaşlıq hüquqlarından istifadə edəcəklər. Sadəcə bunun üçün hövsələ lazımdır, zaman lazımdır ki, problemlər həllini tapsın. Unutmaq olmaz ki, 30 ilə yaxındır Ermənistan Qarabağda ağalıq edib. Erməni cəmiyyəti hələ məğlubiyyəti tam dərk etmir. Nə baş verdiyini anlamır. Siyasət elə bir şeydir ki, mümkün olan əldə edilsin. Azərbaycan gerçək siyasət yürüdərək mümkün olanları əldə edir. Bir qədər səbrli olmaq və prosesləri gözləmək lazımdır”.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş