Bakı-Tehran diplomatik böhranı pik həddə: Azərbaycanın mövqeyi qətidir

Aktual

31.01.2023 - 18:20

BMTM-in şöbə müdiri: “Diplomatik əlaqələrin bərpası İranın atacağı addımlardan asılı olacaq”

Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dam dayandırılıb. Rəsmi Bakı tərəfindən bu qərar Tehrandakı diplomatik nümayəndəliyə silahlı hücumdan sonra verilib. Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Tehrandakı səfirliyimizə terror hücumu olub. Hücum edən şəxs “Kalaşnikov” avtomat silahı ilə mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar. Bu hücumu terror kimi qiymətləndirən Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini tam dayandırıb.

Xarici işlər nazirinin müavini Xələf Xələfov məsələ ilə bağlı jurnalistlərə açıqlamasında faktı təsdiqləyib: “Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq. Müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb, amma tam dayanıb”.

“Orada biz 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının və qorunması ilə bağlı müəyyən əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər. Əlbəttə bizim Təbrizdə konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması konsulluğumuzun fəaliyyətinə şamil olunmur”, - deyə nazir müavini qeyd edib.

Səfirliyin fəaliyyətinin tam dayandırılması ölkələr arasındakı diplomatik böhranın pik həddə olduğunu və faktiki olaraq, əlaqələrin kəsildiyini göstərir. Ictimaiyyətdən belə bir sual var: bundan sonra İranla Azərbaycan arasında diplomatik münasibətlərin taleyi necə olacaq?

Məsələ ilə bağlı AYNA-ya danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Cavid Vəliyev qeyd edib ki, İran daxilində hər zaman Azərbaycana qarşı düşmən mövqe sərgilənib:

- Son 30 ildə İran mediasında Azərbaycana qarşı olan bütün məlumatlar sərbəst şəkildə yayılıb. Lakin bizim haqlı mövqeyimizə heç zaman yer verilməyib. Demək istədiyim odur ki, İran təbliğat vasitələri hər zaman insanların beynində Azərbaycanı düşmən kimi formalaşdırmağa çalışıb. Tehranın davranışları Bakı ilə münasibətlərdə zaman-zaman siyasi gərginliyin yaranmasına səbəb olub. 2001-ci, 2009-cu, 2010-cu ildə ölkələr arasında siyasi böhran yaşanıb. Amma bu böhranlar çox uzun çəkmirdi. İrandakı bəzi rasional insanların məsələyə qarışması ilə, diplomatik vasitələrlə gərginliklər yoluna qoyulurdu. Təbii ki, bu həllər müvəqqəti idi. İndiki İran hakimiyyəti hakimiyyətə gəlməklə anti-Azərbaycan təbliğatı da artmağa başladı.

- Buna səbəb nə oldu?

- Bir sıra səbəblər var. Birincisi, Azərbaycana qarşı radikal mövqedə olanlar ya hakimiyyətdə mövqe qazandılar, ya da hakimiyyətdən dəstək aldılar. Bunlar radikal düşüncəyə sahib olan, islam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın olan qüvvələrdir. Bu qüvvələr Azərbaycanla bağlı bütün sahələrdə - istər hərbi olsun, istər iqtisadi, istərsə də diplomatik – radikal mövqeyə sahibdirlər. Onların İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük qələbəsinə hansı reaksiyanı vermiş olduqları bəllidir. Bu qüvvələr Azərbaycanın uğur qazanmasını istəmirlər.

- Azərbaycana qarşı aqressiv olan təkcə bu qüvvələrdirmi?

- Əlbəttə ki, yox. Hansı qrupda olmalarından asılı olmayaraq, İran daxilində, siyasi elitasında vahid düşüncə var ki, bu, Azərbaycanı kiçik görmək düşüncəsidir. Qəbullana bilmirlər ki, Azərbaycan uğur qazana bilər, Azərbaycan qələbə qazana bilər, güclü orduya, güclü iqtisadiyyata malik ola bilər. İkinci Qarabağ müharibəsindən əvvəl Tehran rejiminin təbliğatı belə idi: “Əşi, Azərbaycan Qarabağı ala bilməz, buna gücü çatmaz”. Söhbət Azərbaycana canlarının yanmasında deyildi, sadəcə bizi bununla aşağılamaq istəyirdilər. Daxili auditoriyaya da bunu aşılayırdılar. Gördülər ki, yox, elə deyil, Azərbaycan güclüdür və öz torpaqlarını qısa müddətdə işğaldan azad edə bilir. Demək ki, İran rejiminin bu müddətdə apardığı təbliğat çökdü. İndi daha açıq oynamağa başlayıblar.

- Söhbət hansı oyundan gedir?

- Azərbaycana qarşı açıq düşmənçilik təbliğatına keçilib. Tehran rejimi Azərbaycanın düşmən olduğunu aşılayır və bunu açıq şəkildə edir. Demək olar ki, İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycanı hədəf göstərir. Nəhayət, terrora əl atılır. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun açıqlamasında bir nüans var. Nazir müavini dedi ki, uzun zamandır təhdid aldığımızı İran tərəfinə bildirmişik, amma heç bir qabaqlayıcı tədbir görülmədi. Bir adam əlində kütləvi qırğın silahı ilə diplomatik nümayəndəliyə hücum edir, amma bunun qarşısını İran hüquq-mühafizə orqanları almır. Belə şübhələr yaranır ki, o adamın əlinə “Kalaşnikov”u İran hakimiyyəti verib. Əlimizdə konkret sübut olmadığı üçün bunu deyə bilmirik. Amma müşahidələrimiz bunun Tehrandan təşkil olunduğunu göstərir.

Baxın, terrorçunu, səfirliyə hücum edən bir şəxsi telekanallara çıxarırlar, rahat şəkildə fikirlərini bildirməsinə imkan verirlər. Terrorçu ilə elə davranılır? Biz görmüşük ki, terrorçu hüquq-mühafizə orqanları əməkdaşlarının əlində, qolları qandallı şəkildə aparılır. Amma diplomatik nümayəndəliyə “Kalaşnikov”la hücum edən, bir azərbaycanlını öldürüb, ikisini yaralayan şəxs rahat şəkildə müsahibə verir. Bunun özü terrorda Tehranın maraqlı olduğunu göstərir. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi terrorçunun açıqlamasına istinad etməklə ona haqq qazandırmağa çalışdı. Terrorçunun açıqlamasına əsaslanıb rəsmi bəyanat verilməsi məsələnin nə yerdə olduğunu göstərdi.

- Artıq Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırdı. Fəaliyyətin nə zaman bərpa olunacağı bilinmir. Bundan sonra diplomatik münasibətlər hansı istiqamətdə irəliləyəcək?

- İran terror hücumu ilə bağlı dərindən araşdırma aparmalı, Azərbaycana doğru-düzgün məlumat verməlidir. Hərçənd, mən buna inanmıram. Çünki artıq terrora Tehran rejimi “məişət məsələsi” donu geyindirməyə cəhd göstərir. Azərbaycanın səfirliyin fəaliyyətini dayandırması doğru qərardır. Çünki biz gördük ki, İranda diplomatik missiyanın təhlükəsizliyi təmin edilmir. Təbii ki, orada azərbaycanlılar yaşayırlar. Onların diplomatik məsələləri isə Təbrizdəki konsulluq vasitəsilə həyata keçiriləcək. Diplomatik əlaqələrin bərpası İranın atacağı addımlardan asılı olacaq. Azərbaycanın tələbləri yerinə yetirilməlidir. Ondan sonra hansısa danışıqlarla diplomatik əlaqələrin bərpasından danışıla bilər.

Onu da qeyd edim ki, İkinci Qarabağ müharibəsindən sonra əslində rəsmi Tehran diplomatik seçimini edib. Cənubi azərbaycanlılar tərəfini Azərbaycandan yana seçdi, amma Tehran rejimi özünü Ermənistandan yana seçib. Bununla həmçinin İran vətəndaşları ilə hakimiyyət arasında da sədd, uçurum yarandı.

Müəllif: Anar Bayramoğlu