“Bağlanmamış” Qarabağ səhifəsi – Belə xəstələr sağalmır

Siyasət

21.10.2023 - 19:22

Sınıq təknənin qarşısında qalanda və ya nə o vaxt, nə də indi reallığı dərk edirlər

Separatçı hərəkatın və Azərbaycanın ərazi bütövlüyünün pozulmasının başlanğıcında dayanan, əlləri qətlə yetirilən mülki azərbaycanlıların qanına bulaşmış Ermənistanın üçüncü Prezidenti Serj Sarqsyan deyib ki, onun üçün “Qarabağ səhifəsi bağlanmayıb”.

Jurnalistlərlə söhbətində o, əmin edib ki, “indi Qarabağ üçün şanslar görür”. Və davam edib: “Bu şanslar reallaşmadı, çünki Qarabağın öz müqəddəratını təyin etməsinə qarşı təkcə Azərbaycan deyil, Ermənistanın indiki hakimiyyəti və Qarabağın əvvəlki liderlərindən biri mübarizə aparıb”.

Sarqsyan hakimiyyətdə olduğu bütün dövrlərdə və getdikdən sonra kifayət qədər ziddiyyətli və təxribat xarakterli bəyanatlar verib. Məsələn, 2018-ci ildə, hələ Baş nazir vəzifəsində olarkən “Şant TV”-yə müsahibəsində “gələcəkdə Ermənistanda hakimiyyətə Qarabağın Azərbaycana təslim olmasına razılıq verəcək adamların gələ biləcəyi” fikrini təkzib etmişdi: "Bu, mənim üçün anlaşılmaz olacaq və əgər söhbət gələcək nəsillərdən gedirsə, mən bunu eşidəndə məzarımda fırlana bilərəm".

O, bu anı çox gözləməli olmadı. Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa edib.

İndi Sarqasyan bütün doğru və yalanlarla Ermənistanın məğlubiyyətinə görə özünə haqq qazandırmağa çalışır. Ümumiyyətlə, Serjik və onun sələfi Robert Köçəryan Ermənistanın indiki hakimiyyətinə miras kimi imkansız, yarıac və zəif silahlanmış ordu qoyublar. Orduya hətta psixi xəstəlikləri və xərçəngi olan gənclər də cəlb olunurdu.

Bu səbəbdən 44 günlük müharibədə Ermənistan ordusunun sarsıdıcı məğlubiyyətini təkcə indiki Baş nazir Nikol Paşinyandan deyil, həm də Köçəryan və Sarqsyandan soruşmağa dəyər. Son ikisi Qarabağdan çox özlərinin rifahını düşünürdülər. Onlar Ermənistanın iqtisadiyyatını sistemli şəkildə talayıblar, bu da ölkə üçün acı nəticələrə, o cümlədən acı məğlubiyyətinə səbəb olub.

Beləliklə, məntiqlə belə qənaətə gəldik ki, Sarqsyan hakimiyyətdə olarkən Ermənistanı talayıb, ölkənin siyasi və iqtisadi zəifliyini daha da ağırlaşdırıb. Belə bir şəraitdə müdafiə qabiliyyətinin artırılmasından, döyüşə hazır ordunun formalaşdırılmasından danışmağa dəyməz.

Xatırlayırıq ki, 2011-ci ilin avqustunda Sarqsyan gənclərə müraciət edərək onun nəslinin Qarabağı “zəbt etdiyini”, gələcək nəsillərin isə “Araratı fəth etməli” olduğunu bəyan edərək, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və Türkiyəyə qarşı ərazi iddiaları olduğunu etiraf etmişdi. Dörd il sonra Sarqsyan öz sözlərinə inanaraq “Ermənistan deyəndə Qarabağın onun tərkib hissəsi olduğunu nəzərdə tutur” dedi.

İndi o, ancaq ehtiyatla mızıldana bilir ki, onun üçün “Qarabağın səhifəsi bağlanmayıb” və bəzi “şanslar” görür. Sarqsyan iki prezidentliyi dövründə bu “şansları” dönməz şəkildə əldən verdi və eyni zamanda 2016-cı ilin aprel müharibəsini Ermənistan üçün “zəfər” adlandırdı. Məhz Azərbaycanın 2016-cı ilin aprel döyüşündəki qələbəsi Ermənistan üçün ilk siqnal olmalı idi, lakin Sarqsyan o vaxt da, indi də sərt reallığı anlamır.

Kölgəyə çəkilən, eyni zamanda Paşinyanı milli maraqlara xəyanətdə ittiham edən Sarqsyan öz acınacaqlı varlığını “Qarabağ səhifəsi”ni bağlamayacağını bəyan etməklə xatırladır. Sınıq təknənin yanında qaldığını etiraf etmək onun üçün utancvericidir. “Bağlanmamış” hesab etdiyi səhifəni isə Azərbaycan Prezidenti Xankəndidə dövlət bayrağını qaldıraraq, artıq birdəfəlik bağladı.

Müəllif: Asif Aydınlı