Sevda İbrahimova 83 yaşında dünyasını dəyişib
Tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti, professor Sevda İbrahimova dünən 83 yaşında vəfat edib. AYNA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
O, əfsanəvi tarzən, Xalq artisti Qurban Primovun nəvəsi və görkəmli dramaturq, xalq yazıçısı Mirzə İbrahimovun və pianoçu Sara Primovanın qızıdır.
S.İbrahimovanın milli və klassik musiqimizin inkişafında böyük xidmətləri olub. Bülbül adına Musiqi Məktəbini fərqlənmə diplomu ilə bitirən Sevda İbrahimova iki ali musiqi təhsili alıb. O, Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və bəstəkarlıq fakültəsini bitirib. Onun müəllimləri görkəmli musiqiçilər Mayor Brenner və Qara Qarayev olub.
Qeyd edək ki, S.İbrahimova iki operanın, beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifidir. Bəstəkarın əsərləri təkcə ölkəmizdə deyil, ABŞ, Fransa, İsveç, Almaniya və dünyanın digər ölkələrinin konsert salonlarında səslənir.