Azərbaycan Prezidentindən Ermənistana mesaj: <font color=red> “Əlimizdən gələni edəcəyik ki...”</font>

Siyasət

13.07.2020 - 14:17

İlham Əliyev: “Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq”

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirib. AYNA-nın xəbərinə görə, ölkə başçısı Ermənistanın sərhəddə törətdiyi təxribatdan danışarkən bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü və öz sərhədlərini bundan sonra da qoruyacaq.

 

“Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq”, - Prezident qəti şəkildə söyləyib.

 

Ölkə başçısı vurğulayıb ki, bu çirkin əməllərə əl atmaq Ermənistanın təcavüzkar siyasətinin təzahürüdür: “Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”.

 

Prezident Ermənistanın Tovuz istiqamətində təxribatı ilə əlaqədar beynəlxalq təşkilatlara müvafiq müraciətlər edildiyini bildirib.

Dövlət başçısı operativ vəziyyət imkan verən kimi Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrinin həmin əraziyə dəvət ediləcəyini qeyd edərək deyib: “Onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır”.

 

Prezident vurğulayıb ki, bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq.

 

Prezident Ermənistanın Tovuz istiqamətində təxribata əl atmasının səbəblərindən də danışıb. Ölkə başçısı vurğulayıb ki, hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edir: “Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür”.

Müəllif: Ayna.az