Heydi Qrau: “Bölgədə gərginliyin artması məsələsi Donbass üzrə Üçtərəfli Əlaqə Qrupunun növbəti iclasında müzakirə ediləcək”
ATƏT-in Ukraynadakı nümayəndəsi Heydi Qrau 2020-ci ilə nisbətən Donbassdakı atəşkəsin pozulma hallarının çoxaldığını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.
Qraunun sözlərinə görə, son iki həftə ərzində bölgədə atəş sayında keçən ilə nisbətən üç qat artım qeydə alınıb: “Ən intensiv atəşkəs pozuntusu 2 və 3 aprel tarixlərində baş verib. Bu, işimizə mənfi təsir göstərir”.
ATƏT rəsmisi qeyd edib ki, atəşkəsin pozulması, bölgədə gərginliyin artması məsələsi Donbass üzrə Üçtərəfli Əlaqə Qrupunun növbəti iclasında müzakirə ediləcək: “Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu mexanizmin effektiv tətbiqi yalnız siyasi iradə olduğu təqdirdə mümkün olacaq”.
Qeyd edək ki, Ukraynanın Donbass bölgəsində vəziyyət mart ayının sonlarında daha da gərginləşdi. Özünü “dövlət” elan edən Donetsk və Luqansk separatçıları atəşkəsi intensiv şəkildə pozmağa başladılar. Bu fonda Ukrayna Müdafiə Nazirliyi Rusiyanı dövlət sərhədləri yaxınlığında hərbi varlığını artırmaqda günahlandırır.