İran rəsmiləri BMT Baş Assambleyasında iştirak edə biləcəklər
ABŞ hakimiyyəti gələn həftə BMT Baş Assambleyasında iştirak etmək üçün İran nümayəndə heyətinin üzvlərinə, o cümlədən Prezident Məsud Pezeşkian və Xarici İşlər naziri Abbas Əraqçiyə viza verəcək.
AYNA.AZ xəbər verir ki, bu barədə “NBC News” bir mənbəyə istinadən məlumat yayıb.
"Pezeşkian və Əraqçi Amerika vizalarını alan nümayəndə heyətinin tərkibində olacaqlar", - deyə mənbə qeyd edib.
ABŞ Dövlət Departamenti BMT tədbirlərində iştirak etmək üçün vizaların İranın "əsas nümayəndə heyətinin" üzvlərinə veriləcəyini dəqiqləşdirib. Lakin İranın Baş Assambleyadakı nümayəndə heyəti ötən ilə nisbətən daha az olacaq.