ABŞ-ın Azərbaycandakı səfirliyi elektrik avtomobil alıb

Maraqlı

17.02.2023 - 15:43

“Bu sıfır emissiyalı avtomobil Kaliforniya ştatında “Tesla” şirkəti tərəfindən istehsal olunur”

ABŞ-ın Azərbaycandakı səfirliyi avtoparkına etdiyi yeni əlavəsini – üçüncü elektrik avtomobilini təqdim edib. Səfirliyin elektrik enerjisi ilə işləyən yeni avtomobili səssiz və sürətli olmaqla yanaşı, həm də innovativ və ətraf mühit üçün zərərsizdir.

Səfirlikdən AYNA-ya verilən məlumata görə, ABŞ səfirliyi Amerikanın yaşıl texnologiyasının nümunəsini, habelə ölkənin innovativ özəl sektorunun bərpa olunan enerjinin inkişafına xidmət edən fəaliyyətini nümayiş etdirməkdən məmnundur.

“Bu sıfır emissiyalı avtomobil Kaliforniya ştatında “Tesla” şirkəti tərəfindən istehsal olunur. “Tesla” sürətlə inkişaf edən elektrik avtomobil texnologiyalarına, Silikon Vadisi biznes modelini gətirməyə çalışır”, - deyə qeyd olunub.

Üçüncü elektrik avtomobilin əldə edilməsi Prezident Co Baydenin ABŞ-ın 2030-cu ilə qədər istixana qazlarının emissiyasını yarıya qədər azaltmaq öhdəliyinə və ABŞ-ın ətraf mühitin yaxşılaşdırılması sahəsində görülən beynəlxalq səylərə dəstək olacaq. Bundan başqa Prezident Bayden, ekoloji cəhətdən təmiz avtomobillərin istehsalında Amerikanın lider olmaq niyyətini bəyan edib və ABŞ-ın 2030-cu ilə kimi ekoloji təmiz avtomobillərin satışında ABŞ-in 50 faiz paya malik olmasını hədəfləyib.

“Dünya vətəndaşı olaraq, biz də nəqliyyatdan birgə istifadə ilə, avtomobildən istifadəni azaltmaqla, velosiped sürməklə, piyada gəzməklə və elektrik avtomobillərdən istifadə kimi kiçik addımlarla bu səylərə töhfə verə bilərik”, – deyə səfirlikdən bildiriblər.

Müəllif: Ayna.az