Zelenskidən ruslara xəbərdarlıq: “Sizi sağ buraxmayacağıq”

Dünya

26.09.2022 - 09:33

Ukrayna Prezidenti: “Mübarizə aparın ki, övladlarınız ölümə göndərilməsin”

“Rusiya səfərbərlikdən təkcə Ukraynada insanların əzabını artırmaq və dünyada sabitliyi pozmaq üçün deyil, həm də Rusiyanın nəzarətində olan ərazilərdə yaşayan yerli insanları fiziki cəhətdən məhv etmək üçün istifadə edir”. AYNA bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciəti zamanı deyib.

"Biz görürük ki, insanlar, xüsusən də Dağıstanda həyatları üçün mübarizə aparmağa başlayıblar. Onlar başa düşürlər ki, bu, həyat məsələsidir. Mübarizə aparın ki, övladlarınız ölümə göndərilməsin. Bu, Rusiyanın kriminal səfərbərliyidir. Siz bizim uşaqlarımızın həyatını almağa gəlsəniz, sizi sağ buraxmayacağıq”, - Prezident xəbərdarlıq edib.

Zelenski Rusiya Federasiyası vətəndaşlarını səfərbərlikdən çəkinməyə və ya bu uğursuz olarsa, Ukraynaya əsir kimi təslim olmağa çağırıb: "Bir daha vurğulayıram: çıxış yolu var. Cinayət səfərbərliyinə tabe olmayın. Qaçın. Yaxud ilk fürsətdə Ukrayna əsirliyinə təslim olun. Bütün informasiya sferasında olan dostlarımızdan bu çağırışın yayılmasına dəstək olmalarını xahiş edirəm. Daha çox Rusiya vətəndaşı heç olmasa, canlarını qorumağa çalışsın. Nə qədər yayınsalar, bir o qədər də Rusiya üçün bu cinayət müharibəsi tez bitəcək”.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərliyin başlandığını elan edib. Rusiya Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, söhbət təxminən 300 min nəfərin səfərbərliyindən gedir. Bununla belə, media səfərbər olunanların sayının milyona çata biləcəyini yazır.

Səfərbərlik elan olunan gün Rusiya Federasiyası ərazisində etiraz aksiyaları başlayıb. Bir sıra şəhərlərdə insanlar qərara qarşı çıxmaq üçün küçələrə çıxıblar. Bundan əlavə, bir çox ruslar səfərbərlikdən qaçaraq qonşu ölkələrə getməyə çalışırlar.

Müəllif: Turan Abdulla