Yüzminlərin səsi: “Biz haqqımızı satmamışıq və israrla gözləyirik ki...”

Cəmiyyət

14.12.2022 - 18:24

Deputatlar, ictimaiyyət fəalları, media mənsubları hökumətə çağırış edirlər

Özəlləşdirmə çeklərinin tədavül müddətinin dayandırılması ilə bağlı qərardan sonra yüzminlərlə vətəndaş hüquqsuz duruma düşüb. Hansı ki, qanunvericilikdə özəlləşdirmə çeklərinin tədavülünün “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimləndiyi, dövlət əhəmiyyətli qiymətli kağız hesab edildiyi, bu qanunda isə qiymətli kağızlar üçün zaman məhdudiyyətinin nəzərdə tutulmadığı öz əksini tapıb. Vətəndaş yalnız ona məxsus qiymətli kağızları könüllü şəkildə satışa çıxara və digər şəxsə hədiyyə verə bilər.

1997-ci ildən dövriyyəyə buraxılan özəlləşdirmə çekləri özəlləşdirməyə çıxarılacaq dövlət əmlakı üzərində vətəndaşları 65 faizlik pay sahibi etməli idi. Eyni zamanda inflyasiyadan qorunmaqla hər bir özəlləşdirmə çeki üçün minimum məbləğ də müəyyən olunmuşdu – 2000 ABŞ dolları. Göründüyü kimi, bununla bağlı fərman və qanunvericilik bazası mükəmməl olsa da, məmur oliqraxiyasının və bəzi işbazların sayəsində bu mütərəqqi proses yarımçıq saxlanıldı. 2011-ci ildə isə tədavül müddətinin başa çatdığını elan etdilər.

Çekləri əlində qalan yüzminlərlə vətəndaş bu gün də tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Dövlətin onlara əvəzsiz olaraq təqdim etdiyi özəlləşdirmə çekləri bu qanunsuzluqdan sonra dəyərsiz bir kağız parçasına çevrilib. Milli Məclisin deputatları, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquqşünaslar, iqtisadçılar tədavül müddətinin artırılması və kompensasiya ödənilməsi ilə bağlı hökumətə davamlı çağırışlar etsələr də, hələ də heç bir reaksiya verilmir. Minlərlə çek sahibinin müvafiq qurumlara müraciətləri hələ də cavabsız qalır.

AYNA özəlləşdirmə çekləri əlində qalan vətəndaşlar arasında mini-sorğu keçirib. Sorğuda respondent qismində Milli Məclisin üzvləri, ictimaiyyət fəalları və mətbuat nümayəndələri iştirak ediblər.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev:

“10-ya yaxın özəlləşdirmə çekini bu gün də saxlayıram. Köhnə diplomatın içinə qoymuşdum, elə orada da qalıb. Əgər yenidən tədavülə buraxılsa, satışa çıxaracağam. Qəribə mənzərə yaranıb. Mənim kimi yüzminlərlə vətəndaş vauçeri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Bu çeklər istifadə üçün nəzərdə tutulmayıbmı? Elə isə o zaman niyə əllərdə qalmalıdır? Müvafiq qurumlar bu problemi həll etməli və prosesə məntiqi yekun vurmalıdır”.

Deputat Tahir Rzayev:

“Bəli, mən də özümə və ailə üzvlərimə məxsus vauçerləri bu günə qədər saxlayıram. Bu vauçerlərlə əhalinin müxtəlif şirkətlərdə payçı olmaq şansı var idi. Qanun belə deyirdi. Lakin sonradan xeyli sayda vətəndaşımız, eləcə də mən, bu çekləri saxladıq. Yəqin ki, nə zamansa yenidən tədavülə qaytarılacaq. O zaman biz də bu çekləri satışa çıxaracağıq. Hesab edirəm ki, əllərdə qalan vauçerlərin taleyinə aydınlıq gətirilməli və onlar hansısa formada yenidən dəyər qazanmalıdır”.

Ana Vətən Partiyasının sədri, peputat Fəzail Ağamalı:

“Bizə verilən özəlləşdirmə çeklərindən istifadə etməşik. Sonradan proses o qədər sönük keçdi ki, heç yadıma düşmür vauçerləri harada saxlayıram. Özələşdirmə çekləri qiymətli dövlət kağızıdır. Bu barədə müxtəlif mülahizələr səslənir. Hətta iddialar var ki, əllərdə qalan çeklərin sayı yüzminlərlədir. Bu, kifayət qədər ciddi rəqəmdir. Çox təəssüf ki, bəzi işbazlar bu prosesdən faydalandılar və vətəndaşların mənafeyi təmin edilmədi. Həmin işbazlar da ayrı-ayrı dövlət müəssisələrində pay sahibinə çevrildilər. Heç olmasa, vauçeri əlində qalan vətəndaşların maraqlarını qorumaq üçün ya tədavül müddəti yenidən artırılmalı, ya da hökumət tərəfindən müvafiq kompensasiya ödənilməlidir”.

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı alim Qubad İbadoğlu:

“Özəlləşdirmə çeklərimizi bu günə qədər saxlayırıq. Beynəlxalq təcrübədə özəlləşdirmə çeklərindən kütləvi özəlləşdirmə prosesi zamanı istifadə olunur. Heç şübhəsiz, vauçerlər qiymətli kağızdır və “Qiymətli kağızlar haqqında” qanunla tənzimlənir. Baxmayaraq ki, tədavül müddəti başa çatıb, vauçerlər yenə də qiymətli kağızdır. Nəzərə alanda ki, bu gün də Azərbaycanda özəlləşdirməyə çıxarılacaq dövlət müəssisələrinin sayı az deyil, vauçerlərdən bu prosesdə istifadə oluna bilər. Lakin bunun üçün siyasi iradə olmalıdır. Bu olacaqsa, sosial ədalət tələb edən vətəndaşların problemi də öz həllini tapacaq”.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, keçmiş deputat Əliməmməd Nuriyev:

“Özümə və ailə üzvlərimizə məxsus vauçerləri hələ də saxlayırıq. Bu proses mütərəqqi şəkildə hazırlansa da, çox ciddi qanun pozuntuları ilə müşayiət olunub. Vətəndaşların gözləntiləri yüksək idi və çox təəssüf ki, boşa çıxdı. Bu gün isə xeyli sayda vətəndaş səbirsizliklə tarixi ədalətin bəpra olunacağı günü gözləyir. Yaxşı olardı ki, müvafiq qurumlar qəti hərəkətə keçsin və dəymiş zərəri kompensasiya etsin. Bu, sosial problemlərdən əziyyət çəkən əhaliyə ikiqat sevinc bəşxş edər. Həm onların hüquqları bərpa edilər, həm də sosial ədalət təmin olunar”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas İradə Cavadova:

“Şəxsimə və ailə üzvlərimə məxsus vauçerləri bu gün də saxlayıram. Sadəcə xatirə olaraq qalır. Məndən başqa yüzminlərlə vətəndaş da bu çekləri qoruyub saxlayır. Bu, vətəndaşa dövlət tərəfindən verilən əvəzsiz pay idi. Məmur oliqarxiyası və işbazlar bu payı qəsb etdilər. Bu dəfə də vətəndaşın hüququ pozuldu - özü də kütləvi şəkildə. Dövlət qurumları nəinki bu məsələyə aydınlıq gətirmir, əksinə, etinasız mövqe nümayiş etdirməklə prosesin yenidən sönməsinə çalışırlar. Bu problem mütləq öz həllini tapmalıdır”.

Azərbaycan Mətbuat Şurasıın sədri, əməkdar jurnalist Rəşad Məcid:

“Tədavül müddəti bitənə qədər məndə hər biri dörd çekdən ibarət 7 vauçer olub. Bunlar mənim ailə üzvlərinə və valideynlərimə məxsus vauçerlər idi. Açığını desəm, o zaman həmin özəlləşdirmə çeklərini satmağa tələsmədim. Gözləmə mövqeyinə üstünlük verdim. Bunun da əsas səbəbi çeklərin dəyərinin artacağı ilə bağlı ümidlərin olması idi. Digər yandan vaxt da tapa bilmirdim. Bu gün də həmin çeklər məndə qalır. Bu gün həmin çeklərin tədavül müddətinin artırılacağına ümid edirəm. Bu, baş verərsə, yüzminlərlə vətəndaşın hüquqları bərpa edilmiş olar”.

AYNA elektron qəzetinin redaktoru Tural Ağatlı:

“Ailəmizə məxsus 5 ədəd vauçer var. O zaman bu çeklərin getdikcə daha da dəyər qazanacağı düşünülürdü, böyük ümidlər vardı. “Qara bazar”da belə bir qiymətli dövlət kağızını satmağı düşünmürdük. Lakin sonra görünməz əllər prosesi düyünə saldı və həmin oyunların “mıntiqi yekunu” olaraq özəlləşdirmə çeklərinin tədavülü dayandırıldı. Hələ də çeklərimizi saxlamışıq və onun tədavüldən çıxarılmasını ədalətsizlik hesab edirəm. Üstəlik, böyük ümid və gözləntilərim var ki, özəlləşdirmə çekləri ilə bağlı yanlış qərar düzəldiləcək, əhalinin haqqı və tarixi ədalət bərpa olunacaq”.

Jurnalist Azər Niftiyev:

“O zaman yeniyetmə idim. Valideynlərimlə birlikdə bu çekləri almaq üçün gedəndə böyük növbə var idi. Qərara gəldik ki, çekləri sonra götürək. Lakin bu növbələr dayanmaq bilmirdi. Hamı özü üçün xəyallar qururdu - biri şirkət açacağının, biri zavod sahibi olacağının xəyallarını qururdu. Lakin “sən saydığını say, gör fələk nə sayır” misalında olduğu kimi, hər şey elə xəyallar üzərində qaldı. Məlum oldu ki, əslində bu proses məmur oliqarxiyasını və işbazları daha da varlandırmaq üçün idi. Bu gün də o çeklər məndədir. Heç bilmirəm, taleyi necə olacaq... Amma hökumət borcludur ki, bu problemə birdəfəlik nöqtə qoysun. Heç olmasa, çeki əlində qalan vətəndaşlara sahib çıxmalıdırlar”.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray