Yenə “Hyperloop” haqda

Maraqlı

25.04.2023 - 23:54

"Hyperloop" vakuumda təyyarədən 2 dəfə daha sürətlə hərəkət edən qatardır

2016-cı ildə “Hyperloop” adlı bir yazı yazmışdım “AYNA”ya.

Yazıda Azəbaycan oxucusunun hələ tanımadığı İlon Maskın bir dəmir yolu layihəsi haqda idi.

"Hyperloop" (Hiperilgək) Maskın ən fantastik işlərindən biridir. 

Vakuumda təyyarədən 2 dəfə daha sürətlə hərəkət edən qatar layihəsidir bu.

Əgər bu layihə gerçək olarsa 561 km olan San Fransisko–Los Angeles arasındakı məsafə vakuumda qatarla 30 dəqiqəyə (!!!) qət ediləcək. Təsəvvür edə bilirsizmi, Bakıdan Tiflisə (560 km) yarım saata çatacağıq.

Maskın da dahiliyi elə digər dahilər kimi məsələyə sadə baxmasındadır – “Hərəkətə müqavimət edən havadır, borudan havanı çıxarınca vakuumda kapsul-qatar 1200 km/saat sürət yığa bilir”.

Məqaləni bitirəndə Elçinə (Şıxlı) zəng vurub Bakıdan Qazağa 20-25 dəqiqəqə gedəcəyik demişdim. O da inanmışdı ki, ertəsi gün yazı “AYNA”da çıxdı…

Layihənin dəyəri o vaxt üçün 6 milyard dollardı.

Məqaləni yazanda ABŞ-ın Nevada səhrasında “Hyperloop”un ilk sınağı keçirildi.

Sonra İlon Mask Hyperloop-un inşaat qismindən ayrıldı. 

Bütün gücünü Tesla (avtonom, sürücüsüz avtomobillər) və SpaceX (Marsa səyahət və məskunlaşma) layihələrinə verdi.

***

Aradan 7 il keçdi.

Və dünən səhər oxudum ki, çinlilər Şanxay və Hançjou arasında ilk “Hyperloop” dəmir yolu xəttini inşa edəcəklərini elan ediblər…

Çinin 150 km uzunluğunda olan vakuum tuneli maqlev qatarlarına 1000 km/saat sürətlə hərəkət etməyə imkan verəcək. Xəttin 2035-ci ilə qədər istismara verilməsi gözlənilir.

Çin Mühəndislik Akademiyası ölkənin şərqindəki ən zəngin iki şəhəri seçiblər.

Şəhərlər arasındakı 200 km məsafə avtomobillə təxminən üç saata, yüksək sürətli dəmir yolu ilə bir saata qət edilir. “Hyperloop”la Şanxay və Hançjou arası 15 dəqiqə (!) çəkəcək.

***

Mask Starship üzərində baş sındırıb insanoğlunu planetlərarası səyahətə hazırlayarkən, Çin “Hyperloop” zamanımızı daha dəyərli və verimli qılarkən rusların harınlamış generalları Baxmutu ələ keçirmək üçün növbəti uğursuz əməliyyata hazırlaşırlar…

Müəllif: İbrahim Nəbioğlu