“Yaxın Şərq alovundan Cənubi Qafqaz və Orta Asiya da təsirlənə bilər, lakin...”

Aktual

26.10.2023 - 13:50

Mixail Neyjmakov: “Bütün dünyada radikal islamçı qrupların artan fəallığı MDB ölkələrinin kəşfiyyat xidmətləri arasında daha sıx qarşılıqlı fəaliyyət üçün stimul olacaq”

Qəzza bölgəsində müharibə tam şiddəti ilə davam edir. AYNA mövzu ətrafında tanınmış rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin Analitik layihələr departamentinin direktoru Mixail Neyjmakovla həmsöhbət olub.

- Oktyabrın 7-də genişmiqyaslı müharibəyə çevrilən HƏMAS-ın İsrailə hücumuna səbəb nə oldu? Bu təşəbbüs hərəkatın özündən gəldi, yoxsa xarici qüvvələr amili istisna deyil?

- Mümkün “tətik mexanizmləri”nin müzakirəsi artıq ziddiyyətli fərziyyələrə səbəb olub. Təsəvvür etmək çətindir ki, Tehranın HƏMAS-ın belə genişmiqyaslı əməliyyat hazırlamasından xəbəri olmayıb. Digər tərəfdən, İran rəhbərliyi (hətta bundan xəbərdar ola bilən o dar qrupda belə) bu cür planları qiymətləndirmək üçün fərqli yanaşmalara malik ola bilərdi - ola bilsin, kimsə HƏMAS-ın belə addım atacağı təqdirdə İranın maraqları üçün riskləri qeyd edib. Bu, HƏMAS-ın Qəzzadakı infrastrukturunun İsrail hərbçiləri tərəfindən böyük ölçüdə məhv edildiyi təqdirdə, İranın Yaxın Şərqdə təsir potensialının azaldılması, həmçinin Livandakı “Hizbullah” infrastrukturuna və Suriyadakı hədəflərə hücumların gücləndirilməsini əhatə edir.

- Artıq Böyük Britaniya və Kiprdə terror aktları baş verib. Dünyanın müxtəlif yerlərində bu addımlar davam edəcəkmi?

- Çox güman. Üstəlik, Qəzza ətrafında mövcud böhran dünyanın bir çox ölkələrində İsrailin hərəkətlərindən narazı olanları cəlb etməklə, radikal islamçı qrupların səfərbərlik imkanlarını genişləndirə bilər. Risk altında olanlara, digər məsələlərlə yanaşı, həm Aİ, həm də ərəb ölkələri daxildir. Onların rəhbərliyi Qəzza ətrafındakı vəziyyətlə bağlı fəaliyyətsizlikdə və Təl-Əviv və Vaşinqtonla “sövdələşmədə” daha radikal fikirlərə malik olanlar tərəfindən ittiham olunacaq.

Cənubi Qafqaz və Orta Asiya da bu proseslərdən təsirlənə bilər. Amma bütün dünyada radikal islamçı qrupların artan fəallığı çox güman ki, MDB ölkələrinin kəşfiyyat xidmətləri arasında daha sıx qarşılıqlı fəaliyyət üçün stimul olacaq (təbii ki, onların təmsil etdikləri dövlətlər arasında münasibətlər ən azı neytral olduğu hallarda). 2023-cü ilin oktyabrında Bakıda keçirilən MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının iclası Qəzza ətrafında yeni başlayan, lakin yeni eskalasiya fonunda belə qarşılıqlı fəaliyyətin ictimai təzahürlərindən biri oldu. Yəqin ki, belə əməkdaşlıq çərçivəsində 2023-2024-cü illərin sonunda daha aktiv yeni addımlar gözləmək olar.

- Məlumdur ki, İran İsrailin qatı düşmənidir. Bundan başqa, cənub qonşumuz dəfələrlə Azərbaycanla İsrailin dostluğundan narazılığını bildirib, İsrail bazalarının ölkəmizin ərazisində olması barədə miflər uydurub. Bu aspektləri nəzərə alsaq, Tehranın Yaxın Şərq hadisələri fonunda Azərbaycanda terror aktları törətməyə cəhd etməsi ehtimalı nə qədərdir?

- Nəzərə alsaq ki, hazırda İranın diqqəti İsrail ətrafındakı vəziyyətə, eləcə də ABŞ-ın Böyük Yaxın Şərq regionunda hərbi mövcudluğunun gücləndirilməsinə yönəldilib (baxmayaraq ki, indiyə qədər Tehrana qarşı təhdidlərin real artmasından daha çox simvolik addımlardan danışmaq olar), bu, onun digər regionlarda, o cümlədən Cənubi Qafqazda maraqlarını inkişaf etdirmək imkanlarını məhdudlaşdıra bilər. Təbii ki, bu, o demək deyil ki, İran bu regiondakı vəziyyətə tamamilə məhəl qoymayacaq, İran tərəfi bu istiqamətdə özünün mövcudluğunu xatırladacaq. Ən azından Tehranda xarici işlər nazirləri səviyyəsində keçirilən “3+3” formatında (əslində “3+2”) görüşü və ya İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın İrəvana səfərini xatırlayaq. Yenə də çətin ki, İran birbaşa və açıq şəkildə İsraillə bağlı münaqişəyə cəlb olunsun.

Bununla belə, İran yeni şəraitdə HƏMAS, “Hizbullah” və bir çox cəhətdən Suriyanı dəstəkləmək üçün əlavə vəsait xərcləməli olacaq. Təhlükəsizlik qüvvələrini lazım gələrsə, nümayişkaranə şəkildə ölkənizin Amerika hərbçilərinin fəallığının arta biləcəyi zonalarla həmsərhəd bölgələrinə (ilk növbədə İran körfəzi regionu) köçürmək üçün hazır saxlamalıdır. Kəşfiyyat xidmətləri isə ilk növbədə İsrail ətrafındakı vəziyyətlə bağlı problemlərin həllinə istiqamətləndiriləcək. Bütün bunlar çoxlu vəsait tələb edəcək. Ona görə də Yaxın Şərqdə böhran olduğu halda (ən azı indiki formatda), İranın Cənubi Qafqazda fəallığının artması ehtimalı azalır.

- Sizcə Fələstin-İsrail müharibəsi nə qədər davam edəcək və onun bitməsindən sonra regionda geosiyasi mənzərə necə dəyişəcək?

- Hər halda, son həftələrdə mümkünlüyü fəal müzakirə edilən ABŞ və İran arasında birbaşa açıq hərbi toqquşma son dərəcə az ehtimal olaraq qalır. Ümumiyyətlə, hadisələrin inkişafı üçün iki mümkün istiqamət var. Daha mülayim ssenarilərdə İsrail qüvvələrinin Qəzzada əməliyyatı hələ də məhdud miqyasda olacaq və bu, HƏMAS-ın bu sektora təsirini əsaslı şəkildə sarsıtmayacaq.

Yeri gəlmişkən, İsraildə müxalifət nümayəndələrinin də daxil olduğu milli birlik hökumətinin formalaşdırılması Benyamin Netanyahunun HƏMAS, Hizbullah və İranla qeyri-populyar kompromislərə getməli olacağı təqdirdə, müxalifətlə məsuliyyəti bölüşmək istəyini də göstərə bilər. Daha ağır ssenaridə İsrail diqqətini HƏMAS-ın təsirini maksimum dərəcədə azaltmağa yönəldəcək, lakin bu, həm də TSAXAL tərəfindən kifayət qədər uzun səy tələb edə bilər. Bu, bir sıra yeni sabitliyi pozan amillər yaradır.

Məsələn, Qəzzada HƏMAS-ın təsirini sarsıtmaqla çətin ki, sektor radikal qruplar üçün səfərbərlik bazası olmaqdan çıxacaq, kimsə bu yeri dolduracaq. “İslam Dövləti” də (Rusiyada qadağandır) bu vəziyyətdən istifadə edə bilər. Bundan əlavə, Qəzza ətrafında daha uzun eskalasiya İsrailin Suriyadakı hədəflərə zərbələrinin təkrarlanmasını nəzərdə tuta bilər ki, bu da həmin ölkədəki vəziyyəti çətinləşdirə bilər.

Onu da nəzərə almaq lazımdır ki, indiki Yaxın Şərq böhranı həm ABŞ, həm də Çin üçün baha başa gəlir. Məsələn, bu şərtlər altında enerji qiymətlərindəki sıçrayışlar Pekin üçün də arzuolunmazdır. Mümkündür ki, müəyyən ssenarilər əsasında Vaşinqton və Pekin bu böhran fonunda təmasları intensivləşdirməyə çalışacaq.

ABŞ dövlət katibi Entoni Blinkenin Çini Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün öz təsirindən istifadə etməyə çağırışını xatırlayaq. Hazırda bu oyunçular arasında ictimai ziddiyyətləri müşahidə etsək də (ABŞ-ın BMT Təhlükəsizlik Şurasının Qəzza ətrafındakı vəziyyətlə bağlı Braziliya qətnamə layihəsinin qəbuluna qarşı çıxmasına ÇXR-in reaksiyasını qeyd edirik), Vaşinqton və Pekin Yaxın Şərq məsələsi ilə bağlı ictimai olmayan danışıqlar çərçivəsində bir-birinə müəyyən güzəştlər edəcək.

Müəllif: Fed Bakinski