“Yanvarın 20-də İlham Əliyev mənə zəng edib dedi ki...”

Aktual

20.01.2022 - 18:32

Teymur Yəhyayev: “O qanlı hadisələr baş verənə qədər Azərbaycandamilli kadrlar vəzifələrindən uzaqlaşdırılmışdı”

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya, fövqəladə vəziyyət elan edilmədən Sovet İttifaqının qoşun hissələri yeridildi və dinc əhaliyə divan tutuldu. Tarixə qanlı yanvar adı ilə həkk olunan bu qətliamın üzərindən 32 il ötür. Yüzlərlə soydaşımızın qətli, bir o qədər də insanın yaralanması və itkin düşməsi ilə nəticələnən bu hadisələr Azərbaycanda milli oyanış hərəkatını daha da gücləndirdi. Cəmi 15 ay sonra isə dövlət müstəqilliyi elan edildi.

O zamanlar SSRİ-nin, hazırda isə Rusiyanın nüfuzlu informasiya agentliklərindən olan TASS-ın sabiq şöbə müdiri Teymur Yəhyayev AYNA-ya müsahibəsində qanlı yanvar hadisələrini doğuran səbəblərdən danışıb.

- Fövqəladə vəziyyət elan edilmədən Sovet qoşunları Bakıya yeridi və dinc əhaliyə divan tutdu. Moskvanın belə bir gözlənilməz qərar verməsinə səbəb nə idi?

- Bilirsiniz ki, qanlı yanvar hadisələrindən bir neçə il öncə Azərbaycanla Ermənistan arasında münasibətlər kifayət qədər gərginləşmişdi. SSRİ rəhbərliyi Qarabağın Ermənistana verilməsində israrlı idi və bütün siyasətini buna uyğun formada həyata keçirirdi. Təəssüf ki, o dövrdə Azərbaycanda da milli hakimiyyət mövcud deyildi və bu, Kremlin maraqlarına uyğun gəlirdi. Münaqişə məqsədli şəkildə qızışdırılır və xalqlar arasında ədavət toxumu səpilirdi. Bütün bunlar onu deməyə əsas verir ki, qanlı yanvar faciəsinə hazırlıq hələ xeyli öncədən başlamışdı.

Bu məqamda haşiyəyə çıxaraq qeyd edim ki, o zamanlar Moskvada da vəziyyət stabil deyildi. Sözün əsl mənasında SSRİ paytaxtında dərəbəylik hökm sürürdü. Qobaçov da başını itirmişdi. Hesab edirəm ki, o zamanlar SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov Qərb dairələri qarşısında öhdəlik götürmüşdü ki, SSRİ-ni dağıdacaq. Görünən odur ki, qısa müddətdə bu məqsədinə nail oldu. Və nəhəng imperiya tarixin arxivinə göndərildi. Məhz SSRİ-ni dağıtdığına görə də, Qorbaçova “Nobel” mükafatı verdilər.

Qanlı yanvar hadisələri Sovet İttifaqının dağılmasına mühüm rol oynadı. Xalqlar daha çox azadlıq tələb etməyə başladı. Və bununla da keçmiş İttifaq ərazisində müstəqil respublikaların əsası qoyuldu. Allah şəhidlərimizə rəhmət eləsin! Onlar şərəf tariximizi yazdılar və daim Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlar.

- O zamanlar SSRİ-nin nüfuzlu informasiya agentliklərindən birində şöbə müdiri işləyirdiniz. Həmin hadisələri necə xatırlayırsınız?

- Yanvarın 19-dan 20-nə keçən gecə bu xəbəri eşitdim. Baxmayaraq ki, SSRİ rəhbərliyi guya bununla bağlı əhaliyə əvvəlcədən xəbərdarlıq etdiyini bəyan edirdi. Təbii ki, xalqını, dövlətini sevən bir azərbaycanlı olaraq bu hadisədən dərin sarsıntı keçirdim. Səhəri gün işə gəldim və iş yoldaşlarım mənə başsağlığı verdilər. Onlar da demokratik ruhlu insanlar olduqları üçün Moskvanın bu hərəkətindən utanırdılar. Baltikyanı ölkələrdə, Gürcüstanda və Azərbaycanda baş verən hadisələr onları da sarsıtmışdı.

Həmin zamanlar Azərbaycanın dövlət rəhbəri Əbdürrəhman Vəzirov idi. Xalq Cəbhəsi isə daxildə etirazlara başlamışdı. Hakimiyyətlə xalq arasında uçurum günü-gündən şiddətlənirdi. Vəzirov Qorbaçovun özünə oxşayan adam idi və o dövrlər “bambılı” ləqəbi ilə məşhur idi. Belə bir adamın dövlət rəhbərliyinə gətirilməsi bu prosesləri daha da alovlandırdı. Yəni deməyim odur ki, SSRİ rəhbərliyi bu hadisələr baş verənə qədər Azərbaycanda olan milli kadrları vəzifələrdən uzaqlaşdırmışdı. Bunu həm də ona görə etmişdilər ki, gələcəkdə dinc azərbaycanlılara qarşı divan tutarkən, buna mane olanlar olmasın. Təəssüf ki, buna nail oldular. Nəzərə almaq lazımdır ki, Azərbaycan SSRİ-nin ən qüdrətli respublikalarından biri idi. Yekunda isə onun əhalisini gülləbaran etdilər. Mükafatımız isə bu oldu.

- Mərhum Heydər Əliyevin SSRİ rəhbərliyinə etiraz məqsədilə keçirdiyi mətbuat konfransında da iştirak etmisiniz...

- Yanvarın 20-də İlham Əliyev mənə zəng etdi. O, bu hadisələrdən çox sarsılmışdı. Söylədi ki, Heydər Əliyev mətbuat konfransı keçirəcək və məni də ora dəvət etdi. Stanislavski küçəsində yerləşən Bakının Moskvadakı nümayəndəliyində media brifinq baş tutdu. O tədbirdə xeyli soydaşımız toplaşmışdı. Heydər Əliyev çox əsəbi idi və həmin zamanlar səhhətində ciddi problemlər var idi. Lakin buna baxmayaraq, ayaqüstə çıxış etdi və SSRİ rəhbərliyinə sərt etirazlar bildirdi. Ümummilli Liderin bu çıxışı bizi də ilhamlandırırdı və məhz onun çıxışından sonra Rusiyada yaşayan azərbaycalılar arasında koordinasiya daha da artdı. Hətta deyərdim ki, milli qüvvələrdən ibarət Azərbaycan diasporunun əsasını da bu mətbuat konfransı qoydu.

Heydər Əliyev orada elan etdi ki, daha bundan sonra Kommunist Partiyasında qalmaq olmaz və bunun ilk anonsunu verdi. O zaman SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçovun bu hadisələrin ssenarisini yazdığını, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirildiyini də söylədiklərinə əlavə etdi. O tədbirdə Heydər Əliyevin bütün ailə üzvləri - oğlu, gəlini, qızı, kürəkəni də iştirak edirdi. Bu isə o dövr üçün qəhrəmanlıq sayılacaq bir addım idi. Halbuki həmin gün Ulu Öndər Heydər Əliyevə qarşı sui-qəsd və təxribat da ola bilərdi. Brifinqdə iştirak edən soydaşlarımız Heydər Əliyevi əzmlə qoruyurdular.

- Bu gün də Rusiya sülhməramları Qarabağa yerləşdirilib. Ukrayna və Qazaxıstanda baş verənlər göstərir ki, Moskva postsovet məkanından əlini çəkməyib. Hətta vaxtilə xalqların öz qanları bahasına yıxdığı SSRİ-nin bərpa olunacağını söylənələr də var...

- SSRİ bu gün tarix olsa da, unutmaq lazım deyil ki, Azərbaycana faydası az olmayıb. Məhz o dövrdə çoxlu sayda ziyalılarımız yetişib. Heydər Əliyev kimi tarixi şəxsiyyəti bizə məhz Sovet idarəçiliyi bəxş edib. Hansı ki, o, ikinci dəfə hakimiyyətə gəlməsəydi, Azərbaycan müstəqil və qüdrətli dövlət ola bilməyəcəkdi. Təbii ki, Rusiya daim imperiya maraqlarından çıxış edib. Bu imperiya maraqlarına görə əksər xalqları da rəzil duruma salıb. Suriyada, Qazaxıstanda, Ukraynada başlayan hadisələr ondan qaynaqlanır ki, həmin ölkələrdə faktiki olaraq Moskvanın adamları hakimiyyətə yiyələniblər.

Bu gün SSRİ-ni yaratmaq Rusiyanın özünə də sərf etmir. Artıq elə bir dövrdə yaşayırıq ki, müstəqil ölkələri güclə nəyəsə məcbur etmək mümkün deyil. Digər yandan əksəriyyəti kasıb dövlətlərdən ibarət olan ittifaq yaratmaq Rusiyanı iqtisadi cəhətdən tamamilə çökdürə bilər. Əgər Qərbə qarşı bir ittifaq yaratmaq istəyirlərsə, bu, yalnız böyük ölkələrin - Çin, Rusiya, Pakistan, Hindistan, İran və digər dövlətlərin birliyinin hesabına mümkün ola bilər.

O ki qaldı Qarabağda sülhməramlıların yerləşdirilməsinə, hesab etmirəm ki, onlar bizə ciddi problem yaradırlar. Heç yaratmayacaqlar da. 44 günlük Vətən müharibəsində Azərbaycan öz tarixi torpaqlarını geri qaytardı. 30 illik həsrətimizə son qoyuldu. Onu deyə bilərəm ki, bu tarixi qələbə üzərimizdə olan ləkəni də sildi. Tam əminliklə söyləmək istəyirəm ki, bundan sonra daha heç bir qüvvə bizim qələbəmizə kölgə sala bilməyəcək. Hesab edirəm ki, Rusiya sülhməramlıları ilə bağlı məsələ şişirdilib və əsassız təşvişə ehtiyac yoxdur.

Müəllif: Azər Niftiyev