Xalqa çatmalı olan pay, qəsb olunan haqq və qanunun tələbi

Cəmiyyət

30.11.2022 - 14:22

Sabiq dövlət müşaviri: “Fərman və qanunvericilik bazası mükəmməl idi, icrası isə bərbad”

Hüquq müdafiəçisi: “Hesabat verən oldumu ki, nə qədər müəssisə özəlləşməyə çıxarılıb?!”

Əmlak eksperti: “Özəlləşdirmə payları təyinatı üzrə deyil, digər məqsədlər üçün istifadə edildi”

Özəlləşdirmə çeklərinin (vauçer) tədavülünün dayandırıldığı 2011-ci ildən bu yana yüzminlərlə vətəndaş ciddi sosial ədalətsizliklə üz-üzə qalıb. Xatırladaq ki, özəlləşdirmə paylarının paylanmasına 1997-cı ilin mart ayında başlanıldı. O zaman bir qrup dövlət rəsmisi mərhum Prezident Heydər Əliyevin tapşırığı əsasında beynəlxalq təcrübəni öyrənmək məqsədilə müxtəlif ölkələrə ezam olundu.

İnvestisiya qiymətli kağızı hesab olunan özəlləşdirmə çekləri özəlləşdirməyə cəlb ediləcək dövlət müəssisələrinin üzərində ölkə vətəndaşlarının 65 faizlik pay sahibi olmasını nəzərdə tuturdu. Eyni zamanda inflyasiyadan qorunmaqla, hər bir özəlləşdirmə çeki üçün minimum məbləğ də müəyyən olunmuşdu – 2000 ABŞ dolları.

Vauçerlərin tədavülü “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənirdi. Hansı ki, bu qanunda qiymətli kağızlar, habelə investisiya qiymətli kağızları üçün zaman məhdudiyyəti nəzərdə tutulmurdu. Üstəlik, digər mühüm məqam ondan ibarətdir ki, qanunla verilən hüquq fərmanla alına bilməz, amma bir qrup məmur-oliqarxın qurduğu oyun sayəsində belə bir qanunsuz hal baş verdi (DAHA ƏTRAFLI).

Özünütənzimləmə mexanizmi qanunla müəyyən olunmalı idi. Qanunda isə  özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan əmlak payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə sata bilmədiyi aydın şəkildə öz əksini tapırdı. Qeyd olunurdu ki,  investor qanunla ödəmənin ən azı 65 faizini özəlləşdirmə çeklərinin nominal dəyəri ilə etməlidir. Lakin bütün bunlara baxmayaraq, məmur oliqarxiyası və bəzi işbazlar bu mütərəqqi prosesin qarşısını aldılar və milyonlarla vətəndaş hüquqsuz duruma düşdü.

Yüzminlərlə pay sahibi bu gün də çekləri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Dövlətin onlara əvəzsiz olaraq təqdim etdiyi özəlləşdirmə çekləri 2011-ci ildə tədavül müddətinin dayandırılması ilə bağlı əsassız qərardan sonra dəyərsiz bir kağız parçasına çevrilib. Milli Məclisin deputatları, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri, hüquqşünaslar, iqtisadçılar tədavül müddətinin artırılması və kompensasiya ödənilməsi ilə bağlı hökumətə davamlı çağırışlar etsələr də, hələ də heç bir reaksiya verilmir. Minlərlə çek sahibinin müvafiq qurumlara müraciətləri hələ də cavabsız qalır.

Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli AYNA-ya açıqlamasında deyib ki, özəlləşdirmə prosesi bununla bağlı qanunvericiliyə müvafiq formada həyata keçirilməli və yekunlaşdırılmalı idi: “Əhaliyə əvəzsiz özəlləşdirmə çeklərinin paylanması ilə əlaqədar fərman və bununla bağlı qanunvericilik mükəmməl idi. Qanunvericilikdə pay sahiblərinin hüquqlarının qorunmasını nəzərdə tutan xeyli mütərəqqi məqamlar mövcud idi. Bu sırada özəlləşdirməyə çıxarılan müəssisələrin 65 faizinin vətəndaşlara məxsus olması, inflyasiyadan qorunmaqla konkret məbləğin müəyyən edilməsi, investisiya qiymətli kağızı olaraq çeklərin qorunmasına yönəlik qanunvericilik bazası müsbət cəhətlər idi”.

“Lakin sonradan proses yarımçıq saxlanıldı. Fərman və qanun mükəmməl idi, icrası isə bərbad. Əhalinin maariflənmə səviyyəsi yüksək deyildi, müvafiq qurumlar bu istiqamətdə fəal iş aparmadı. Nəticədə yüzminlərlə vətəndaş bu gün çeki əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Rəsmi dairələr müvafiq addımlar atmalı və özələşdirmə çekləri əlində qalan payçıların taleyinə aydınlıq gətirməlidir”, - deyə həmsöhbətimiz bildirib.

Hüseynli qeyd edib ki, gələcəkdə dövlət müəssisələrin özəlləşdirilməsi zamanı bu çeklərdən istifadə olunmalıdır: “Qarşıda böyük zavod və fabriklər özəlləşdirməyə çıxarılacaq. Bu, tarixi bir fürsətdir. Növbəti özəlləşdirmə prosesi zamanı çeki əlində qalan payçıların bu prosesdə iştirakına şərait yaradılmalıdır”.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri, hüquq müdafiəçisi Səidə Qocamanlı da AYNA-ya şərhində hökumət rəsmilərinin özələşdirmə çekləri ilə bağlı müzakirələrə laqeyd yanaşmasından təəssüfünü ifadə edib: “Sosial şəbəkələrdə özəlləşdirmə çeki əlində qalan vətəndaşlar tərəfindən səhifələr, qruplar yaradılıb. Həmin səhifələrdə özəlləşdirmə çekləri ilə bağlı ətraflı informasiyalar yerləşdirilir. Digər sosial məsələlərdə olduğu kimi, bu məsələdə də qanun vətəndaşdan yanadır. Çünki fərmanda və qanunda nəzərdə tutulan müddəalar yerinə yetirilməyib”.

“Günün birində, heç bir əsas olmadan elan ediblər ki, tədavül müddəti başa çatıb. Heç hesabat verən oldumu ki, nə qədər müəssisə özəlləşdirməyə çıxarılıb, proses necə yekunlaşıb?! Tələm-tələsik prosesi bitirdilər. Bu gün yüzminlərlə vətəndaş hüquqsuz durumda qalıb. Onların əlində olan özəlləşdirmə çekləri dəyərsiz kağız parçasına çevrilib. Nəhayət, bu məsələyə məntiqi yekun vurulmalıdır. Müvafiq qurumlar bu istiqamətdə hərəkətə keçməli və qəti addımlar atmalıdır”, - deyə hüquq müdafiəçisi vurğulayıb.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı da öz növbəsində AYNA-ya deyib ki, hökumət yüzminlərlə vətəndaşın haqlı tələbinə etinasız yanaşmamlıdır: “Mərhum Prezident Heydər Əliyevin bununla bağlı fərmanı və mövzud qanunvericilik bazası vətəndaşların özəlləşdirmə prosesində iştirakını və ölkədə səhm bazarını formalaşdırmağı nəzərdə tuturdu. Təəssüflər olsun ki, ilkin mərhələdə özəlləşdirmə payları öz təyinatı üzrə deyil, digər məqsədlər üçün istifadə edildi. Bununla bağlı böyük skandallar oldu, ciddi problemlər meydana çıxdı. Hansı ki, qanunda kifayət qədər müsbət məqamlar yer alırdı”.

“Özəlləşdirməyə çıxarılacaq dövlət müəssisələrin əksəriyyəti vətəndaşlara məxsus idi, inflyasiyadan qorunmaq məbləğ də müəyyən edilmişdi. Lakin 2011-ci ildə prosesin başa çatdığını bəyan etdilər. Hansı ki, qanunda nəzərdə tutulan formada prosesə yekun vurulmamışdı. Çox təəssüf ki, sonradan dövlət qurumları bu məsələyə laqeyd münasibətini davam etdirdi. Hesab edirəm ki, bu gün də gec deyil və nəhayət, bu prosesə nöqtə qoyulmalıdır”, - deyə mütəxəssis fikrini tamamlayır.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray