“Vardanyan planı” və Bakının rədd cavabı: Əliyev hansı mesajları verdi?

Siyasət

19.11.2022 - 10:24

Analitik: “Prezident açıq şəkildə elan etdi ki, bu oyundan Bakının xəbəri var, baş tutmasına imkan verməyəcək”

“Siz Ermənistana səfərinizi və orada Ermənistan rəhbərliyindən sülh mesajı aldığınızı qeyd etdiniz. Biz işğalın davam etdiyi bütün illər ərzində bu mesajları eşitmişik. Lakin onlar səmimi deyildi. Biz də sülh arzulayırdıq, lakin torpaqlarımızı geri istəyirdik. Onlar isə torpaqları geri qaytarmadan sülh istəyirdilər. Fərq bunda idi. Beləliklə, biz münaqişəni güc yolu ilə, daha sonra isə siyasi vasitələrlə həll etməli olduq. Mən bu gün onların sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edirəm. Çünki onlar həqiqətən sülh arzulayırdılarsa, bizim təklifimizə cavab verərdilər”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident əlavə edib ki, Ermənistan sülh haqqında danışır, lakin Bakı onların anlamında sülhün nə olduğunu anlamır: “Bizim mövqe çox aydındır. Bu, dəfələrlə ictimaiyyət qarşısında, o cümlədən mənim Avropa Komissiyasının rəhbərliyi və normallaşma prosesində iştirak etmiş, hazırda iştirak edən ölkələrin, yəni, Birləşmiş Ştatların və Rusiyanın liderləri ilə kontaktlarım zamanı qeyd olunub. Bizim iki yolumuz olmalıdır: Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına aid məsələlər”.

“Biz onların əməllərini sözlərlə deyil, addımlarla ölçməliyik. Çünki onların dedikləri sözlər etdikləri əməllər və ya planları ilə ziddiyyət təşkil edir. Bununla bağlı, bilmirəm, siz Ermənistan rəhbərliyindən birbaşa cavab almısınız, yoxsa yox. Mən şübhə edirəm, çünki onlar bu ikimənalılığı saxlamaq istəyir və bu isə heç də fayda gətirmir. Eyni zamanda, əgər bu ölkə sülh istəyirsə, onda o, çox təhlükəli ritorikadan əl çəkməlidir. Bu yaxınlarda Ermənistan rəsmiləri Azərbaycanı İŞİD və “Əl-Qaidə” ilə müqayisə etmişdilər. Fikrimcə, bu, çox təhlükəli ritorikadır”, - Azərbaycan lideri əlavə edib.

İ.Əliyev Qarabağda yaşayan etnik ermənilərlə bağlı da fikirlər səsləndirib: “Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb”.

Prezidentin İrəvana sözügedən mesajları ilə bağlı fikirlərini AYNA-ya müsahibəsində bölüşən analitik Asif Nərimanlı bildirib ki, Dirk Şuebelin regiona səfəri Avropa İttifaqının regional siyasəti ilə yanaşı, həm də Bakı-İrəvan münasibətlərində Brüssel formatı üzrə müzakirələrin davam etdirilməsi məqsədi də daşıyırdı. Siyasi şərhçinin sözlərinə görə, əslində Aİ-nin regionla bağlı siyasətində bu məsələ hazırda əsas paya sahibdir:

- Bu baxımdan, Paşinyanla görüşən Aİ elçisi sülh danışıqları ilə bağlı İrəvanın mövqeyini Əliyevə çatdırmaq, müzakirələr aparmaq məqsədilə də Bakıya gəlmişdi. Prezidentin Ermənistanla bağlı səsləndirdiyi fikirlər də məhz İrəvanın mövqeyinə qarşı Bakının mövqeyinin çatdırılması idi. Bakı danışıqlar naminə danışıq istmir, 30 ilə yaxın dövrdə belə proses baş verib, nəticə etibarilə müharibə baş verdi. Azərbaycan Prezidenti Avropa İttifaqına izah edir ki, konkret addımlar atılmalıdır.

- Prezidentin açıqlamasını Paşinyanın “çərçivə sənədi” fikirlərinə cavab kimi dəyərləndirmək olarmı?

- Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar Bakının irəli sürdüyü beş prinsip əsasında aparılır və bu prinsiplər bütün oyunçular tərəfndən qəbul edilib. İrəvanın altıncı prinsip kimi “Qarabağdakı ermənilənin hüquq və təhlükəsizliyinin təmin edilməsi”ni daxil etmək cəhdləri baş tutmadı. Buna nail olmaq üçün sülh danışıqlarında kosmetik dəyişikliklər edilmiş təkliflər salmağa çalışırlar, “çərçivə sənədi” də bundan ibarətdir. İrəvan “ermənilərin hüquq və təhlükəsizliyi” bəndini də daxil edərək, istəyini bu adla prosesə əlavə etmək istəyir. Prezident İlham Əliyev Paşinyanın təklifini Bakıya gətirən Şuebelə bunun mümkün olmadığını, Qarabağın Azərbaycanın daxili işi olduğunu izah etdi. Sülh müqaviləsinin də yalnız beş prinsip əsasında imzalana biləcəyi mesajını verdi, əks təqdirdə, anlaşma baş tutmayacaq.

- Prezident rəsmi Bakının Qarabağ erməniləri ilə danışmağa hazır olduğunu, amma bunun Vardanyan kimisi ilə mümkün olmayacağını söylədi. Bakının Qarabağ erməniləri ilə danışıqlar niyyəti hansı formatdadır?

- Prezidentin Vardanyan mesajı xüsusi əhəmiyyət kəsb edir. Çünki bu məsələdə dilemmativ vəziyyət yaranıb. Qərb Bakının Qarabağda yaşayan ermənilərlə birbaşa təmas qurmasını, bunun üçün beynəlxalq mexanizmin yaradılmasını istəyir. Azərbaycan bunu qəbul edir, amma problem ondadır ki, təmaslar kiminlə qurulacaq?!

Beynəlxalq mexanizmlərin indi yaradılması məsələsi gündəmdədir. Bu o deməkdir ki, Bakı buna razı olsa, təmasların separatçı-terrorçu rejimlə qurulması önə çıxa bilər. Çünki Qarabağdakı qondarma rejimi Qərb və Rusiya separatçı kimi tanımır, daha doğrusu, onların “erməni əhalisinin nümayəndəsi” kimi təqdim edilməsində maraqlıdırlar. Məhz buna görə “Vardanyan kartı” işə salındı. Çünki Azərbaycan separatçı-terrorçu rejimin “rəhbərliyinə” cinayət işi açıb və bu, onların təmasların tərəfinə çevrilməsinin qarşısını alır. Ona görə Vardanyanı Qarabağa gətirdilər, yeni sima kimi təmaslarda ondan istifadə etmək niyyətindədirlər. Bu planı quran və icra edən Rusiyadır, amma Ermənistan və erməni diasporu/lobbisi də dəstəkləyir, o cümlədən, Fransa da maraqlıdır.

Əliyev məhz buna görə indi “Vardanyan planı”nı gündəmə gətirdi və açıq şəkildə elan etdi ki, bu oyundan Bakının xəbəri var, baş tutmasına imkan verməyəcək. Bununla Qərbə, xüsusilə təmaslarla bağlı beynəlxalq mexanizmin indi yaradılmasını təklif edən ABŞ-a mesaj verdi ki, Rusiya təmas məsələsi üzərindən öz oyununu oynayır.

Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin nümayəndələri ilə təmas qurmaq istəyir, bunlar da separatçı rejimin təmsilçiləri olmamalıdır. İndiki halda bu hələki çətin olduğu üçün prosesi müəyyən qədər arxa plana da keçirmək istəyir. Prezidentin “Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır” sözləri də buna hesablanmışdı. Bakı bununla tərəflərə “ortaq məxrəcə gəlin, sonra müzakirə edək” mesajını verdi.

- Prezident İrəvanın manipulyasiya ilə məşğul olduğunu qeyd etdi. Faktiki olaraq Ermənistanın sülhdə maraqlı olmadığını vurğuladı. Bundan sonra Bakının addımları nə ola bilər?

- Prezident çıxışında hansı addımların atıla biləcəyinə işarə etdi. Bildirdi ki, “onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir, otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”. 30 il ərzində sülhün olmamasının nəticəsində Ermənistan üçün bütün sferalarda ağır itkilərə səbəb olan müharibə ilə nəticələndi. Əliyev bunun yenidən baş verə biləcəyinə işarə edir. Burada söhbət Azərbaycanın Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrasını praktiki addımlarla həyata keçirə biləcəyindən gedir. İstər Qarabağda qalan erməni qoşunların çıxarılması, istər sərhədin müəyyən edilməsi, istər kommunikasiyaların açılması və s. məsələlərin həlli üçün praktiki mərhələdə addımlar atıla bilər. Fikrimcə, Azərbaycan qarşıdakı dövrdə əsas diqqəti Qarabağa yönəldəcək. Son bir ildə Qarabağla yanaşı, sərhəd məsələsi də daim diqqətdə olub, hazırda sərhəd boyunca əsas strateji nöqtələr bizim ordunun nəzarətindədir. İndi erməni qoşunların çıxarılmasının vacibliyi aktuallaşıb. Bununla yanaşı, “Vardanyan planı”na qarşı addımlar atıla bilər. Bu addımların daha çox erməni əhalisinə Vardanyanların onlara xeyir gətirmədiyini praktiki mərhələdə izah edilməsi istiqamətində atılması mümkündür.

Müəllif: Anar Bayramoğlu