Bu, Polşa Prezidentinin Zelenskinin "Ağ Qartal" ordenindən məhrum edilməsi qərarına cavabdır
Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kirill Budanov, xarici işlər naziri Andrey Sibiqa və Ukraynanın Polşadakı səfiri Vasil Bodnar Polşa dövlət mükafatlarının geri qaytarıldığını elan ediblər. Bu, Polşa Prezidenti Karol Navrotskinin Ukrayna lideri Volodimir Zelenskinin ölkənin ən yüksək mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edilməsi qərarına cavabdır.
AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, Budanov bu addımı “ədalətsiz” adlandırıb və qeyd edib ki, məsələn, “orden hələ də İtaliya diktatoru Benito Mussolinidən alınmayıb”. O “Telegram”da yazıb: "Əminəm ki, Polşa Prezidentinin bu jesti ədalətlə bağlı deyil. Ukrayna təkcə özünü deyil, bütün Avropanı müdafiə etməyə davam edir və düşmənçilik hərəkətlərinə laqeyd qala bilməz”.
Sibiqa 2022-ci ilin oktyabr ayında aldığı Polşanın “Komandor Xaç” ordenini geri qaytardığını rəsmi olaraq elan edib. O “Facebook”da yazıb: "Ukrayna Prezidentinin “Ağ Qartal” ordenindən məhrum edilməsi qərarı Polşa Prezidentinin strateji səhvidir və bundan yalnız Moskva faydalanacaq". Sibiqa vurğulayıb ki, Ukrayna heç vaxt münaqişə axtarmayıb və son bir il yarım ərzində axtarış və eksqumasiya işlərinin qarşısının alınması da daxil olmaqla mürəkkəb tarixi məsələləri siyasiləşdirməmək üçün fəal şəkildə çalışıb. Nazir bərabərhüquqlu dialoqa qayıdış ümidini ifadə edərək deyib: "Başqa bir ölkənin heç bir prezidenti tariximizi bizə diktə etməyəcək".
Ukraynanın Polşadakı səfiri Vasil Bodnar da Polşa Respublikasının xidmət ordeni olan “Cəngavər Xaç”ını qaytarır: "Rusiya təcavüzkarından özünü müdafiə edən bir dövlətin başçısı olan Ukrayna Prezidentinin ən yüksək Polşa mükafatından məhrum edilməsini qəbul edə bilmərəm. Müharibə kontekstində bu qərar xüsusilə ağrılı və bütün Ukrayna xalqına ünvanlanmış bir jest kimi qəbul edilir”. Bodnar Varşavanı səmimi müzakirəyə çağırıb və xatırladıb ki, bu cür mübahisələrdən yalnız Moskva qazanır.
Qeyd edək ki, 19 iyunda Navrotski Zelenskini “Ağ Qartal” ordenindən məhrum edib. Səbəb Ukrayna liderinin "Şimal" Xüsusi Əməliyyatlar Mərkəzinə "UPA Qəhrəmanlarının Adına" fəxri adının verilməsi ilə bağlı fərmanı olub. UPA-nın Volın faciəsi ilə əlaqəli olduğu Polşada Kiyevin qərarı etirazlarla qarşılanıb. Polşanın Baş naziri Donald Tusk öz növbəsində prezidentləri ehtiyatlı olmağa çağırdı: "Prezidentlərin vəzifəsi gərginliyi artırmaq deyil, emosiyaları cilovlamaqdır. Cəbhə xətti başqa yerdədir".