Çeboksarıdakı hərbi obyektdə və Samaradakı neft emalı zavodunda yanğınlar baş verib
Ukrayna ordusu Rusiyanın Çeboksarı və Samara şəhərlərinə raket zərbəsi endirib. Hücumdan sonra Çeboksarıdakı hərbi obyektdə və Samaradakı neft emalı zavodunda yanğınlar baş verib.
AYNA.AZ rus mediasına istinadən bildirir ki, Çuvaşiya Respublikasının hakimiyyət orqanlarının məlumatına görə, Çeboksarı 10 iyun səhəri raket hücumuna məruz qalıb. Üç nəfərin yaralandığı bildirilir.
Çuvaşiya rəhbəri Oleq Nikolayev bildirib ki, yaralılardan iki nəfər orta dərəcəli, digəri isə yüngül xəsarət alıb. Onlardan biri artıq xəstəxanadan buraxılıb.
Şəhərdə çəkilmiş görüntülərdə tüstü buludu görünür. Hücum zamanı Çuvaşiya səmasında Ukraynanın "Flamingo" raketi görünüb.
Yerli “Telegram” kanalları bildirir ki, zərbə “VNIIR-Proqres” müdafiə müəssisəsinə dəyib. Zavodun inzibati binasının dağıdıldığı güman edilir. Şirkət Rusiya Hərbi Dəniz Qüvvələri, aviasiya və zirehli texnika üçün naviqasiya avadanlığı istehsal edir.
Samara şəhərində raket xəbərdarlığı verildikdən sonra "Rosneft"in bir hissəsi olan Kuybışev Neft Emalı Zavodunda yanğın baş verib. Bu neft emalı zavodu əvvəllər Ukrayna hücumlarının hədəfi olmuşdu.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi dünən gecə Rusiya bölgələri və Qara dəniz üzərində 326 Ukrayna dronu vurulduğunu açıqlayıb.