Ukrayna Çinin “sülh planı”nı boykot etməyə çağırır

Dünya

26.09.2024 - 17:15

Həkimlər Klinikalar SEO Xidməti

“Çinin planı yalnız münaqişənin dondurulmasını nəzərdə tutur və Moskva üçün əlverişli şərtləri ehtiva edir”

Pekin Rusiyanın müharibədə “uduzmasının qarşısını almağa” çalışdığı bir vaxtda Ukrayna müttəfiqlərini və digər ölkələri Çinin “sülh planı”nı dəstəkləməkdən çəkindirməyə başlayıb. Bu, Ukrayna nümayəndələrinin BMT Baş Assambleyasında diplomatlar və rəsmilər arasında payladığı sənəddən görünür.

“Politico” yazır ki, sənədin mətninə görə, Çin BMT-də Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq planının tərəfdarlarının sayını genişləndirmək üçün pərdə arxasında işləmək niyyətindədir.

Xüsusilə, Çin Latın Amerikası, Asiya və Afrika ölkələrinin “sülh planı”nı dəstəkləməsinə nail olmaq istəyir. Sənəddə deyilir ki, Pekin məqsədinə çatarsa, bunu “qlobal əksəriyyət” tərəfindən öz planını dəstəklədiyinin sübutu kimi təqdim edəcək.

Eyni zamanda, ukraynalı diplomatlar qeyd ediblər ki, Çinin planı yalnız münaqişənin dondurulmasını nəzərdə tutur və Moskva üçün əlverişli şərtləri ehtiva edir.

Kiyev hesab edir ki, Çin oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində sülh danışıqları planını rəsmən təqdim edəcək. Bununla belə, sənəddə Ukrayna tərəfinin Pekinin strategiyası haqqında məlumatı haradan aldığı göstərilmir.

Bundan əvvəl Çin Braziliya ilə birlikdə altı bəndlik “sülh planı” təqdim etmişdi. Sənəd humanitar yardımın döyüşdən zərər çəkmiş ərazilərə maneəsiz daxil olmasını, mülki şəxslərin müdafiəsini, hərbi əsirlərin mübadiləsini və döyüş zonasının genişləndirilməsindən imtinanı nəzərdə tutur. Avqust ayında Pekin "110-dan çox ölkənin" təşəbbüsü dəstəklədiyini iddia etdi.

Ukrayna Prezidenti Volodimir Zelenski Çin və Braziliyanın “sülh planı”nı “dağıdıcı” adlandırıb.

"Mən hesab edirəm ki, Braziliya-Çin təşəbbüsü daha çox Rusiyayönümlüdür", - Ukrayna lideri qeyd edib.

Prezident bu planın Ukraynaya və onun ərazi bütövlüyünə hörmət edilmədən təklif edildiyini vurğulayıb.

Bu arada, Kreml Çinin sülh təşəbbüslərinə müsbət yanaşır. Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bildirmişdi ki, Pekinin gələcəkdəki planı sülh yolu ilə nizamlanma üçün əsas götürülə bilər. Eyni zamanda, Putin münaqişənin sona çatması üçün şərtləri açıqlamışdı: Kiyev neytral, bloklara qoşulmamaq və nüvəsiz statusa razı olmalı, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərini Rusiya ərazisi kimi tanımalıdır. Qərb də öz növbəsində Rusiyaya qarşı bütün sanksiyaları ləğv etməlidir. Zelenski bu şərtləri “növbəti ultimatum” adlandırıb.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş