Gizlədilən 63 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyri-adi üsulla-qarpızın içərisində gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən külli miqdarda narkotik vasitə aşkar edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.
Əsaslı yoxlama zamanı kinoloji xidmət iti 42 qutuya reaksiya verib və həmin qutulardakı 84 ədəd qarpızın içərisindəki bağlamalardan falqaya bükülmüş formada, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 63 kiloqram 417 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

