Tərtərdə dəfn mərasiminin atəşə tutulması ilə bağlı rəsmi açıqlama

Hadisə

15.10.2020 - 16:02

Qəbiristanlığı atəşə tutması nəticəsində 3 nəfər həlak olub, 5 nəfər xəsarət alıb

 

Ermənistanın silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini törətməkdə davam edir.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, oktyabrın 15-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində həmin vaxt orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub, Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Müəllif: Ayna.az