“Sərhəddəki biabırçılıq dövlətimizin imicinə zərbədir”

Siyasət

16.06.2020 - 18:24

Elxan Şahinoğlu: “Soydaşlarımızın aşağılanmasını düşmənlərimizdən başqa kimsə istəməz”

 

“Prezidentin köməkçisi Hikmət Hacıyevin Rusiya-Azərbaycan sərhəddindəki vəziyyətlə bağlı rəyini oxudum. Hikmət bəy qeyd edib ki, vətəndaşların ölkəyə geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara və uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır. Yəni bir hissə hələ sərhəddə gözləməlidir”.

 

AYNA bildirir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu aylardır ki, Rusiya-Azərbaycan sərhədində qalan və ölkəyə buraxılmayan vətəndaşlarımızın problemindən danışarkən deyib.

 

Politoloqun fikrincə, əsas sual budur - harda və necə gözləməlidirlər? Şahinoğlu vurğulayıb ki, soydaşlarımızın imkanları olsaydı, Mahacqaladakı və Dərbənddəki otellərdə qalardılar: “Dağıstanda fəhləlik edən soydaşlarımızın imkanı yoxdur ki, sərhəddə gecələmək məcburiyyətində qalırlar. Yox, əgər onlara maliyyə ayrılsa ki, Dağıstandakı otellərdə və istirahət mərkəzlərində qalsınlar, o başqa məsələ. Ancaq hökumətimizin belə bir qərarı yoxdur. Halbuki, bu çox böyük məbləğ də etməz. Koronavirusla mübarizə fonduna yığılan maliyyədən bu məqsədlə istifadə etmək olardı”.

 

Mərkəz rəhbəri vurğulayıb ki, Rusiya polisinin Azərbaycan vətəndaşlarına tətqib etdiyi zorakılığı və üzü üstə yerdə uzandırmaları görüntülərini Hikmət bəy də görüb: “Cəmiyyətdə dünənki hadisələrdən və yayılan görüntülərdən böyük narazılıq var. Hikmət bəyin vurğuladığı “qəbuletmə imkanları” fikri ilə razılaşmıram. Millət vəkili Qənirə Paşayevanın paylaşdığı fikirlərə dəstək verirəm. Görüntülərdən üzüntü duyduğunu yazan millət vəkili Azərbaycana düşmən qüvvələrin həmin görüntülərdən dövlətimiz əlehinə təbliğatda istifadə edə biləciyini yazır. Bəli, erməni saytaları bu görüntülərdən gen-bol istifadə edib sual qoya bilərlər ki, Azərbaycan dövləti öz vətəndaşını sərhəddə saxlayıb. Ukrayna bizdən varlı dövlət deyil, bu ölkənin də yüz minlərlə vətəndaşı Polşada fəhləlik edirdi, hamısı qayıtdı vətəninə. Qənirə Paşayeva sərhədyanı rayonlarımızda kifayət qədər istirahət mərkəzlərinin, otellərin mövcud olduğunu və o insanları orada karantində yerləşdirmək mümkünlüyündən yazaraq, - “Onların əksəriyyəti sağlam insanlardır. Amma onların kütləvi şəkildə günlərlə bir yerdə olması, koronovirusun yayılma ehtimalını da artırır. Hesab edirəm ki, onların problemi təcili həll olunmalıdır. Bu həm də bir dövlət olaraq, imic məsələsidir”, - deyir”.

 

“Bəli, bu həm də dövlətin imici məsələsidir. İnanıram ki, Hikmət Hacıyev də dövlətin imici barədə düşünür. Sərhəddə biabırçı görüntülərin yenidən yayınlanması və soydaşlarımızın aşağılanmasını düşmənlərimizdən başqa kimsə istəməz”, - deyə politoloq sonda vurğulayıb.

Müəllif: Ayna.az