Belə bir şəraitdə idmançılardan necə hörmət tələb oluna bilər!?
Ermənistan mətbuatı Sarayevoda keçirilən 16 yaşadək qızlar arasında boks üzrə Avropa çempionatında Azərbaycan idmançılarının davranışından hiddətlənib. Məsələn, Ermənistanın “sportball24.com” idman xəbər saytı qeyd edir ki, “Azərbaycan idmançılarının turnir çempionu olmuş erməni boksçuları ilə podiumda şəkil çəkdirməkdən imtina etməsi çoxları tərəfindən hörmətsizlik və qeyri-idman davranışı kimi qəbul edilib”.
Saytın mövqeyincə, Azərbaycan boksçularının bu cür davranışını “qeyri-idman və qeyri-peşəkar” adlandırmaq olar: “İdman, xüsusən də beynəlxalq səviyyədə, şəxsi və siyasi əqidəsindən asılı olmayaraq, etik standartların qorunmasını və rəqiblərə hörmətlə yanaşmağı nəzərdə tutur. Mükafatlandırma mərasimində iştirakdan imtina etmək və qalib ölkənin himninə məhəl qoymamaq idman ustalığı və qarşılıqlı hörmət prinsiplərinə xələl gətirir”.
Heç kimə sirr deyil ki, Ermənistan və Azərbaycan idmançıları arasında keçirilən beynəlxalq turnirlərdə ölkələr arasında münaqişənin spesifik xarakterinə görə çoxsaylı insidentlər baş verib. “Sportball24.com” saytının redaktorları idman tədbirlərinin siyasi və ya şəxsi fikir ayrılıqlarının təzahürü üçün deyil, müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrini birləşdirən platforma olaraq qalmalı olduğunu qeyd etsələr də, ancaq bir kədərli və parlaq fakt öz sözünü deyir.
Söhbət 2023-cü ilin aprelində keçirilmiş ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində İrəvanda Azərbaycan bayrağının yandırılmasından gedir. Turnirin təşkilatçılarından biri, Ermənistan İctimai Televiziyasının əməkdaşı, dizayn studiyasının rəhbəri Aram Nikolyan Azərbaycan bayrağını qoparıb yandırıb və zaldan çıxarıb.
Ermənistan ictimaiyyəti bu vandalizm faktını yüksək səslə alqışlayıb. Nikolyan davranışını belə izah edib: “Ermənistanın paytaxtında Azərbaycanın bayrağı dalğalanmamalıdır. Mənim bunu etməməli olduğumu düşünənlər varsa, qoy evlərində Azərbaycan bayrağını assınlar”.
Sonradan Nikolyan polis tərəfindən saxlanılıb. Lakin o, ittiham irəli sürməyə cəsarət edilmədən evinə buraxılıb.
“Sportball24.com” saytında bu dəhşətli hadisə ilə bağlı etik standartlara və hörmətə riayət etməyin zəruriliyi ilə bağlı heç bir qeyd yoxdur. Azərbaycan bayrağının yandırılması faktını sadəcə olaraq “kazus” adlandırdılar (https://www.sportball24.com/ru/post/shikarnaya-ceremoniya-otkrytiya-chempionata-evropy-2023-po-tyazheloj-atletike), amma idmanın əsas dəyərlərinə hörmətsizlik göstərildiyi haqqında bir söz belə, deyilmədi.
Başqa sözlə, Ermənistan himni səsləndirilərkən Azərbaycan idmançılarının meydandan tərpənərək tribunadan çıxması qeyri-idman və qeyri-peşəkarlıqdır. Amma Azərbaycan bayrağını nümayəndə heyətinin əlindən alıb yandıranda bu, sadəcə, “kazus”dur.
Yeri gəlmişkən, Ermənistan hökuməti Azərbaycan idmançılarına təhlükəsizlik zəmanəti versə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Bütün dünya ermənilərin azərbaycanlılarla necə davrandığını, Azərbaycan bayrağına qarşı vəhşilik etdiyini gördü.
44 günlük müharibədə biabırçı şəkildə uduzan ermənilər özləri ilə unitazlarını götürüb qaçaraq, evlərə, meşələrə od vuraraq, bu cür təxribatlara əl ataraq, hikkələrini bu yollarla tökməkdən başqa çarələri qalmır. Sonra da Azərbaycan idmançılarının adekvat münasibətini görüb küskünlüklə iddialı sözlər arxasında gizlənirlər. Belə bir şəraitdə idman tədbiri necə müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrini birləşdirən platforma ola bilər və idmançılardan necə hörmət tələb oluna bilər!?