Güləş tarixində ilklərə imza atmış azərbaycanlı pəhləvan

İdman

15.09.2019 - 17:46

Azərbaycanın ilk olimpiya iştirakçısı – Paşa pəhləvan

 

20-ci əsrin mahir güləşçilərindən söz düşəndə İbrahimpaşa Dadaşovun adı birincilər sırasında çəkilir. Çünki Azərbaycan pəhləvanlıq sənətinin inkişafında onun misilsiz xidmətləri olub. Keçmiş ittifaq dövründə Əməkdar idman ustası, sonradan isə əməkdar məşqçi fəxri adını qazanmaq yalnız ən görkəmli mütəxəssislərə nəsib olurdu. Onlardan biri də İbrahimpaşa Dadaşov idi.

 

Maraqlıdır ki, böyük idman aləminə gələndə onun artıq 20 yaşı var idi. Nəzərə çatdırmaq lazımdır ki, indiki dövrdə bu yaşda olan idmançılar Avropa və Dünya Çempionu olur, Olimpiya oyunlarında fərqlənirlər. Lakin 1940-cı illərin 1-ci yarısında, yəni müharibə dövründə idmanla məşğul olmağa nə vaxt var idi, nə də imkan. Yalnız 1945-ci ildə, qələbə günündən sonra bir çox yeniyetmə gənc kimi İbrahimpaşa Dadaşov da Dinamo cəmiyyətinin sərbəst güləş bölməsinə yollandı. O vaxtın tanınmış məşqçisi David Maxaradze, sınayıcı nəzərlərlə onu süzərək, “yaşın ötüb” desə də, geri qaytarmadı. İbrahimpaşa da öz növbəsində ağlasığmaz bir sürətlə inkiaf edib, yarışdan yarışa bərkiməyə başladı. Tezliklə Azərbaycan çempionu adını qazanan gənc pəhləvan az sonra daha mötəbər turnirdə - Dinamonun mərkəzi şurasının birinciliyində qalib gəldi. Həmin yarışı güləşçilər həm də SSRİ-nin kiçik çempionatı adlandırırdılar.

Image result for İbrahimpaşa Dadaşov

Qələbəsinin təsadüfi olmadığını İbrahimpaşa 1949-cu ildə Bakıda keçirilən ölkə çempionatında təsdiqlədi. O, əvvəlcə Ermənistanlı Xoren Çeviçyanı, daha sonra Gürcüstanlı Andrey Çelidzeni və nəhayət Rusiyalı Yuri Denikovu məğlub etməklə qızıl medala yiyələndi. Növbəti çempionatda güləşçimiz yenidən ən güclülər sırasına çıxaraq bürünc mükafatın sahibi olmağı bacardı.

 

1951-1952-ci illərin çempionatlarında isə yenə də ənənəvi rəqibləri ilə mübarizdə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bu qələbələrdən sonra İbrahimpaşa Dadaşov yarımyüngül çəki dərəcəsində SSRİ-nin ən güclü pəhləvanı kimi şöhrət qazandı. Həm də onun adı Azərbaycanın ilk olimpiyaçılarından biri kimi tarixə yazıldı.

 

Belə ki, Helsinki Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən 5 atlet arasında İbrahimpaşa Dadaşov da var idi. Finlandiyanın paytaxtında keçirilən yarışlarda ilk onluğa daxil olan pəhləvanımız olimpiyadadan sonra SSRİ çempionatında yenidən qızıl medallara layiq mübarizə aparsa da, hər iki turnirdə ikinci yerə qane oldu. Çünki o vaxt güləşin qaydalarında müəyyən qüsurlar var idi. Belə ki, qaliblər bəzən cərimə xallarının sayına görə müəyyənləşdirilirdi. Maraqlıdır ki, İbrahimpaşa Dadaşov həmin çempionatlarda bir dəfə belə uduzmadığı halda, məhz cərimə xallarının nisbətinə görə, gümüş mükafatlarla kifayətlənməli olmuşdu. Lakin belə mötəbər yarışlarda qazanılan istənilən medal həm məşqçilər, həm də azarkeşlər arasında az qala qitə turnirlərinin mükafatlarına bərabər tutulurdu. Çünki SSRİ çempionatını səviyyəsinə görə çox vaxt Avropa birinciliyi ilə müqayisə edirdilər. Belə bir yarışda, hətta ilk beşliyə daxil olan idmançı qitə çempionatında çətinlik çəkmədən mükafatçılar sırasına düşə bilərdi.

 

Lakin Azərbaycan pəhləvanı, yaxud öz dostlarının, eləcə də rəqiblərinin böyük ehtiramla müraciət etdiyi Paşa pəhləvan, öz çəkisində hamıdan güclü olduğunu bir neçə beynəlxalq turnirdə fərqlənməklə sonrakı mövsümlərdə də sübuta yetirdi.

 

Mütəxəssislərin təbiri ilə desək, Paşa pəhləvan xalçada sadəcə güləşmir, həm də idamanın bu növünü yeni elementlərlə, fəndləri mükəmməl tətbiq etmək bacarığı ilə zəginləşdirirdi. Onun nümayiş etdirdiyi güləş üslubu göstərirdi ki, idmanda güc, dözüm və texnikadan başqa daha br mühüm amil mövcuddur - taktika.

 

İbrahimpaşanın taktiki hazırlıq səviyyəsi, son saniyələrədək mübarizə aparmağı, fənd üçün məqam axtarması, əzmkarlığı dəfələrlə ona ən ağır vəziyyətlərdə uğur qazandırmışdı. Məhz bu xüsusiyyətlərinə görə onun güləş üslubunu yeni məktəb kimi dəyərləndirənlər də var idi.

 

Həmin illərdə İbrahimpaşa Dadaşov artıq məşqçi kimi də fəaliyyətə başlamışdı. Azərbaycan seçmə komandasının üzvlərinin bir çoxu, o cümlədən sonradan Dünya çempionu və Tokio Olimpiadasının mükafatçısı olan Aydın İbrahimov da məhz onun yetirməsi idi.

Image result for İbrahimpaşa Dadaşov

1956-cı ildə SSRİ xalqlarının 1-ci spartakiyadasının güləş yarışları ölkə çempionatı statusu ilə keçirilirdi. Bu, həm də Paşa pəhləvanın vida turniri sayılırdı. Həmin yarışadək o, artıq üç dəfə qızıl, iki dəfə gümüş və bir dəfə bürünc mükafatın sahibi olmuşdu. Lakin Moskvadakı turnirin əhəmiyyəti daha yüksək qiymətləndirilirdi. Çünki qələbə qazanan idmançı ölkə çempionatına yiyələnməklə bərabər, həm də tarixdə ilk dəfə keçirilən spartakiyadanın qalibi olacaqdı. Məhz buna görə, hər bir çəki dərcəsində olduğu kimi, yüngül çəkidə də mübarizə aparanlar əvvəlki yarışlarla müqayisədə daha çox idi.

 

Belə ki, Azərbaycan pəhləvanı əvvəlcə gürcüstanlı Sergey Qavarayevlə görüşdə, 2-ci mərhələdə daha güclü rəqiblə - dünya çempionu rusiyalı Olembek Bestayevlə mübarizədə qələbə qazandı. Həlledici qarşılaşmada isə İbrahimpaşa dünya kubokunun sahibi ukraynalı Vladimir Simyarskiyə də qalib gələrək həm spartakiyada, həm də ölkə çempionu oldu.

 

Maraqlıdır ki, məğlubedilməz pəhləvan həmin mövsüm Dünya çempionu olan idmançılara da qalib gəlməyi bacarmışdı. Belə ki, o, İranlı Cahanbəxt Tofiq, Sovet idmançıları Qriqor Qamarnik və Olembek Bestayevə qalib gəlmişdi. Bu qələbələrə, eləcə də idmanın müxtəlif sahələrində inişafına görə, İbrahimpaşa Dadaşov, SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsinin qərarı ilə Əməkdar idman ustası adına layiq görülmüşdü. Halbuki bu titul yalnız Dünya və Olimpiya çempionlarına, yaxud həmin yarışlarda bir neçə dəfə mükafat qazananlara verilirdi.

 

Sonradan məşqçilik fəaliyyətində də belə bir fəxri ad qazanmaqla, o güləş aləminin mahir mütəxssilərindən biri olduğunu təsdiqlədi. Məhz bu nailiyyətlərinə görə İbrahimpaşa pəhləvan tamamilə haqlı olaraq bütün dövrlərdə Azərbaycan güləşinin ən parlaq simalarından biri hesab olunur.

Müəllif: Mərahim Nəsib