Sabah temperatur 44 dərəcəyə çatacaq

Xəbərlər

19.07.2021 - 13:56

Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb

 

Azərbaycanda iyulun 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 24-28°, gündüz 35-39° isti, Bakıda gecə 25-27°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoz görə, iyulun 20-21-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

 

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28°, gündüz 35-40°, bəzi yerlərdə isə 42-44° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı ehtimal edilir.

Müəllif: Ayna.az