XİN təxribatı qətiyyətlə pisləyib və Rusiya qurumlarını hadisəni tam araşdırmağa çağırıb
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkənin Rusiyadakı səfirliyinin qonaq evinin yaxınlığında baş verən təxribatı qətiyyətlə pisləyib və Rusiya qurumlarını hadisəni tam araşdırmağa çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə XİN bəyanat yayıb.
Nazirliyin məlumatına görə, 27 avqust günortadan sonra naməlum şəxslər Rusiyadakı Azərbaycan səfirliyinin qonaq evinin qarşısında təxribat xarakterli görüntülər paylaşıblar.
Bəyanatda deyilir: "Naməlum şəxslər tərəfindən təxribat xarakterli görüntülərin paylaşılmasını qətiyyətlə pisləyirik. Bu hadisənin Azərbaycan-Rusiya münasibətlərində süni şəkildə gərginliyi artırmaq məqsədi daşıdığını və son zamanlar bir sıra Rusiya KİV-ləri tərəfindən Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu istisna edə bilmərik".

Azərbaycan tərəfi müvafiq Rusiya hakimiyyət orqanlarını təxribat xarakterli hərəkətlərə lazımi hüquqi qiymət verməyə, hadisə ilə bağlı hərtərəfli araşdırma aparılmasını təmin etməyə və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
Nazirlik vurğulayıb: "Bakı Rusiya tərəfindən 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası üzrə öhdəliklərinə tam əməl etməsini gözləyir".
Buraya Azərbaycan səfirliyi və onun əməkdaşları üçün lazımi təhlükəsizliyin təmin edilməsi, eləcə də diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısının alınması daxildir.
Qeyd edək ki, məlumatı ilk dəfə “Report” yayıb.