Qırğızıstan Prezidenti xalqa referendumla bağlı müraciət edib

Dünya

11.04.2021 - 12:57

Sədir Caparov: “Ədalətli seçkilər ölkədə sülhün və sabitliyin təməli olacaq"

 

Qırğızıstan Prezidenti Sədir Caparov xalqa müraciətində ölkə tarixində ilk dəfə vətəndaşlarına dövlətin idarəetmə forması seçmək hüququnun verildiyini bildirib. AYNA-nın TASS-a istinadən xəbərinə görə, Caparov bildirib ki, Qırğızıstan Konstitusiyasının dəyişdirilməsinə ehtiyac var idi.

 

"Dövlət idarəçiliyi sistemində məsuliyyətin yaradılması, qanunun aliliyinə əməl olunması üçün çalışırıq və xalq qarşısında təmiz vicdanımız olacaq. Bundan sonra parlaq bir gələcəyə ümid edəcəyik", - Prezident müraciətində vurğulayıb.

 

Caparovun fikrincə, Qırğızıstanda demokratik yenilənmənin əsas şərti seçkilərdə xalqın iradəsini sərbəst ifadə etməsidir: “Ədalətli seçkilər ölkədə sülhün və sabitliyin təməli olacaq".

 

Qeyd edək ki, bu gün Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirilir. Təklif edilən dəyişikliklərə əsasən, Prezidentin səlahiyyətləri gücləndirilir, Qırğızıstan Parlamentinin səlahiyyətləri azaldılır və parlamentarilərin sayı 120-dən 90-a endirilir. Referendumda müsbət nəticə əldə olunarsa, Prezident nazirləri təyin etmək və vəzifədən azad etmək səlahiyyəti ilə yanaşı, hökumət üzərində tam nəzarəti götürəcək.

Müəllif: Ayna.az