Keşiş Baş nazirdən arxiyepiskopun şərəf və ləyaqətini ləkələyən ifadəsini geri götürməsini tələb edir
Ermənistanın "Müqəddəs Mübarizə" adlı hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, o Paşinyanın yalan olan və arxiyepiskopun şərəf və ləyaqətini ləkələyən ifadəsini geri götürməsini tələb edir.
İddia Baş nazirin 11 iyun tarixli açıqlaması ilə bağlıdır. Həmin açıqlamada o "Vətəndaş Müqaviləsi" Partiyasının dürüst səslərin 100%-ni aldığını, digər partiyaların isə "səslərin 100%-ni rüşvət yolu ilə aldığını" iddia edib. Baş nazir bildirib ki, "pul olmasaydı, heç kim onlara səs verməzdi, qətiyyən heç kim”.
Qalstanyan bu ifadələrə görə 49,7 dram məbləğində simvolik təzminat tələb edir - bu, “Vətəndaş Müqaviləsi” Partiyasının seçkilərdə aldığı səslərin rəsmi faizidir.
Qalstanyan əvvəllər Respublika Partiyasının nümayəndələri olan İrəvan Şəhər Ağsaqqallar Şurasının üzvləri Ani Xaçatryan və Hayk Sahakyana qarşı təhqir və böhtan iddiaları ilə məhkəmədə qalib gəlib. Məhkəmə Xaçatryan və Sahakyana 750.000 dram (təxminən 2000 dollar) kompensasiya ödəməklə bağlı qərar verib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ildə keçirilib. Rəsmi nəticələrə görə, parlamentə üç siyasi qüvvə daxil olub: “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,7456%-ni (726.819 səs), “Güclü Ermənistan” Partiyası 23,2710%-ni (340.060 səs) və “Ermənistan” bloku 9,9231%-ni (144.983 səs) toplayıb.
Səslərin sayılmasının ilk mərhələsində yeni parlamentdə potensial iştirakçı hesab edilən “Çiçəklənən Ermənistan” Partiyası sonda 58.287 səs (3,9893%) toplayıb və qanunla müəyyən edilmiş 4% həddini keçə bilməyib. Yeni parlamentdə "Vətəndaş Müqaviləsi" 64, "Güclü Ermənistan" 29, "Ermənistan" isə 12 yer qazanıb.