"Putin mart ayında müharibənin bitməsini istəyirdi" - GENERAL

Dünya

21.07.2022 - 15:59

Nikolay Malomuj: "Putin Almaniya, İtaliya, Fransa, Türkiyəyə təzyiq edəcək ki, Ukrayna danışıqlar prosesinə razı olsun"

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj Rusiyanın "xüsusi hərbi əməliyyat" adı altında Ukraynaya qarşı apardığı işğalçı müharibənin gedişi barədə fikirlərini açıqlayıb. 

AYNA UNİAN-a istinadən bildirir ki, general hazırda Rusiya Federasiyasının əsas məqsədinin Donetsk vilayətini zəbt etmək olduğunu deyib: "Lakin bu cəhdlər uğursuzdur. Rusiya Prezidenti hətta orduya Donetsk vilayətini ələ keçirməklə bağlı müddətlər də qoyub. Putin orduya əvvəlcə may ayında tam işğal etmək tapşırmışdı. Sonra iyun, sonra da iyul aylarında Donetski ələ keçirməyi tələb edib. Amma bu baş vermədi".

"Resurs tükənir, Rusiya Federasiyası sürətlə itirir. Ümumiyyətlə, Putin zaman təzyiqi altındadır. O, NATO-ya qoşulmamaq və sanksiyaların ləğvi ilə bağlı zəmanətlə müharibəni mart ayında bitirmək istəyirdi. Amma bu, model işləmədi. Buna görə də o, ikinci mərhələyə keçdi" - Malomuj vurğulayıb.

Xarici Kəşfiyyat Xidmətinin sabiq rəhbəri hesab edir ki, Putin bütün resurslarını səfərbər etdi və diqqəti Donetsk və Luqansk vilayətlərinə yönəltdi: "Putin bu gün Rusiya Federasiyasında ona həm uğur, həm də imic qazandıracaq modeli tapmaq istəyir. Niyyəti odur ki, Ukraynada müəyyən dividendlər əldə etsin, Donetsk və Luqansk vilayətlərini ələ keçirsin və cənub dəhlizini təmin etsin. İndi işğalçı ölkənin Prezidenti Putin həm Ukraynanı, həm də Qərbi hədələyir ki, Qərblə qarşıdurmaya səbəb olacaq daha qlobal müharibə ola bilər". 

Generalın sözlərinə görə, Putin Almaniya, İtaliya, Fransa, Türkiyəyə təzyiq edəcək ki, Ukrayna danışıqlar prosesinə razı olsun: "Amma Ukrayna heç bir halda danışıqlara razı olmayacaq. Çünki ölkəmiz öz ərazilərindən verməli deyil”.

Malomuj vurğulayıb ki, indi Rusiya Prezidenti əlindəki bütün resursları müharibəyə cəlb edəcək ki, bununla da vəziyyət daha da gərginləşəcək.

Müəllif: Turan Abdulla