Ölkə başçısı təməlqoyma mərasimlərində iştirak edib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər.
AYNA.AZ xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma Naxçıvan Sənaye Parkı barədə məlumat verdi.
Bildirildi ki, bu sənaye parkı Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla yaradılıb. Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır.
Ölkəmizdə hazırda 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Balaxanı Sənaye Parkı) fəaliyyət göstərir.
Bundan başqa, Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi aparılır.
Bu sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb ki, onların da 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb.
Xatırladaq ki, 2026-cı ilin iyulun 1-ə olan məlumata görə, sənaye parklarında ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib, bunun da 6,7 milyard manatlıq hissəsi ixrac olunub.
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, kompleksin ümumi sahəsi 1 hektardan çox olacaq. Ərazidə yeddimərtəbəli mehmanxana binası ilə yanaşı, texniki binalar və köməkçi sahələr də yaradılacaq. Mehmanxanada eyni vaxtda 307 qonaq qala biləcək. Burada 131 otaq, o cümlədən fiziki məhdudiyyətli şəxslər üçün otaqlar nəzərdə tutulub. Mehmanxana binasında müxtəlif ictimai-iaşə obyektləri, kafe, restoran, tədbir və ziyafət zalı yaradılacaq. Bu zal ziyafət zamanı 350, konfrans vaxtı isə 500 yerlik olacaq. Burada, həmçinin görüş, iclas və iş otaqları, idman zalı da yaradılacaq. Eyni zamanda, yeraltı avtodayanacağın inşası da nəzərdə tutulur.
Prezident Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub. Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi.
Bildirildi ki, Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının (güzəştli mənzillər) tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb.
Kompleksdə 6 və 7 mərtəbəli 16 bina inşa ediləcək. Burada 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı, 37 dördotaqlı olmaqla, ümumilikdə 518 mənzil olacaq.
Yaşayış Kompleksində sakinlərin rahatlığı üçün zəruri infrastruktur yaradılacaq. Burada uşaq bağçasının və digər iaşə obyektlərinin tikintisi nəzərdə tutulur. Kompleks elektrik enerjisi, qaz, su və çirkab suların axıdılması sistemləri ilə təchiz ediləcək. Ərazidə yolların və səkilərin salınması, abadlaşdırma və yaşıllaşdırma işlərinin görülməsi nəzərdə tutulub.
Dövlətimizin başçısına Mənzil İnşaatı Dövlət Agentliyinin indiyədək icra etdiyi və nəzərdə tutulan layihələr barədə də məlumat verildi.